Məhkəmə qərarları › İş №e-2-2(113)-4240/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4240/2021

10.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4240/2021 10.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 37.200,42 manat məbləğində borcun "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın (VÖEN: **********) dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 37.200,42 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Qanununun 14-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Mülki Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmçinin, “Torpaq icarəsi haqqında” AR Qanununun 29-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, "xxxx" MTK (VÖEN: **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə dövlət büdcəsinə 37.200,42 manat məbləğində icarə haqqı ödənilməlidir. Bununla bağlı "xxxx" MTK-ya “Torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə” aidiyyəti üzrə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu tərəfindən xəbərdarlıq məktubu ilə tanış olunmasına baxmayaraq, yaranmış borc dövlət büdcəsinə ödənilməmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində göstərilir ki, torpaq sahəsindən istifadəyə görə yaranmış icarə haqqını vaxtında ödəmək icarəçinin vəzifəsidir. Göründüyü kimi, "xxxx" MTK tərəfindən torpaq icarəsi üzrə yaranmış borc dövlət büdcəsinə vaxtında ödənilməməklə qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr icra edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Xətai rayon Xətai Bələdiyyəsi (icarəyə verən) ilə "xxxx" MTK (icarəçi) arasında bağlanılmış torpaq sahələrinin icarəyə verilməsi haqqında 04.05.2007-ci il tarixli, 0008 saylı müqaviləsinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6.000 kv.m.(ha) olan torpaq sahəsi müvəqqəti istifadə üçün icarəyə verilmiş, icarəçi isə onu qəbul etmişdir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən ümumi icarə haqqı 10.800 manat təşkil edir. 2.3-cü bəndinə əsasən icarə müqaviləsi 01 may 2007-ci il tarixdən 10 aprel 2010-cu il tarixə qədər müddətə bağlanmışdır. 4.2-ci bəndinə əsasən icarə müddəti ərzində aylıq icarə haqqı hər cari ayın 10-dək ödənilməlidir. 5.3-cü bəndinə əsasən aylıq icarə haqqı cari ayın 10-dək ödənilmədikdə hər gecikdirilmiş gün üçün gecikdirilən məbləğin 0,1 faizi miqdarında müamilə hesablanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 28.06.2017-ci il tarixli, 301 saylı sərəncamı ilə "xxxx" MTK-nın 13.04.2007-ci il tarixli, 420 saylı müraciəti əsasında Xətai rayonu, General Şixlinki küçəsi, 2942b saylı məhəllədə yerləşən 0,6 ha torpaq sahəsi 3 girişli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" firmasının istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə "xxxx" MTK (icarəçi) arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 08 oktyabr 2007-ci il tarixli 0801 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi, 2942 b saylı məhəllədə ayrılmış 6.000 kv.m. olan torpaq sahəsi 49 il müddətində icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin: 7.2-ci bəndinə əsasən icarəçi hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür 7.3-cü bəndinə əsasən icarə haqqı 01 oktyabr 2007-ci il tarixdən hesablanır. 7.4-cü bəndinə əsasən icarəçi hər il 4.133,38 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. 7.5-ci bəndinə əsasən göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməzsə, hesablama günündən başlayaraq hər gün üçün 0,2% məbləğində cərimə ödəyir. 7.7-ci bəndinə əsasən icarə haqqı hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilir. Müqavilə icarəyə verən tərəfindən imza və möhür ilə, icarəçi tərəfindən imza ilə təsdiq edilmişdir. - "xxxx" MTK-nın (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" MTK-nın 13.03.2020-ci il tarixə cəmi ödənilməli olan icarə haqqı borcu 37.200,42 manat təşkil edir. - Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-yə Dövlət mülkiyətində olan torpaq sahəsinə görə icarə haqqını ödənilməsi barədə xəbərdarlıq ünvanlanaraq MTK-ya icarə haqqı üzrə borcun 7 gün ərzində ödənilmədiyi təqdirdə icarə haqqının tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MTK-dən dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqı borcunun cavabdehdən tutulmasını tələb edir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Göstərilən normativ hüquqi aktların məzmunundan göründüyü kimi Dövlət Vergi Xidmətinə hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ verilməmişdir. Həmin torpaqlara münasibətdə torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. İş materiallatrına əlavə edilmiş sənədlərdən isə görünür ki, hazırkı işdə istifadəsinə görə icarə haqqının ödənilməsi tələb edilən torpaq sahəsi cavabdehə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış və cavabdeh həmin torpaq sahəsinin üzərində yaşayış binası inşa etmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi sözügedən torpaq sahəsindən istifadəyə görə icarə haqqı borcunun tutulması ilə bağlı iddia tələbi irəli sürmək hüququna malik deyil. Odur ki, iddia rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı icarə haqqı borcunun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar