Məhkəmə qərarları › İş №e-2-2(113)-4240/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4240/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4240/2023 15.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı (bundan sonra – iddiaçı) Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25 fevral 2020-ci il tarixli 2260 saylı kredit müqaviləsi üzrə 75000 manat əsas borc, 440,05 manat faiz borcu, cəmi 75440,05 manat borc məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi; ipoteka predmeti kimi cavabdehə məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə ilkin satış qiymətinin 117000 manat dəyərində müəyyən edilməsi; borc tələbinin cavabdehə məxsus, ipoteka qoyulmuş ünvan 1 ünvanda yerləşən mənzilə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 75440,05 manat borcun, habelə 400 manat ödənilmiş mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə fərdi sahibkar Cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli 2260 saylı kredit müqaviləsinə əsasən Cavabdeh konservləşdirilmiş hazır qida məhsullarının istehsalı və satışı məqsədi ilə illik 5%-lə 60 ay müddətinə 75000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan ünvan 2 ünvanda yerləşən mənzil ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə ipotekaqoyan arasında 25 fevral 2020-ci il tarixli 2260 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 117000 manat müəyyən edilir. Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Cavabdeh 25 fevral 2020-ci il tarixli 2260 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan əsas borcu 75000 manat, faiz borcu 440,05 manat, cəmi borcu 75440,05 manat təşkil edir. Sözügedən mübahisə üzrə Cavabdeh Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilmiş ilkin mediasiya sesssiyası ilə bağlı iclas xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İlkin mediasiya sessiyasında borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Hüseynzadə iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə iddiaçıya hər hansı ödəniş edilməmişdir. Məhkəmə icraatı dövründə əldə edilmiş ekspert rəyi ilə razıdır, ilkin satış qiymətinin 132000 manat müəyyən edilməsinə etiraz etmir.

4. Məhkəmə iclasında cavabdeh iddia ərizəsində göstərilən əsas və faiz borcunun 2024-cü ilin may ayından sonra ödəniləcəyini bildirib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin satış qiymətinin 132000 manat müəyyən edilməsinə etiraz edir, belə ki, ipoteka predmetinin ilkin satış qiyməti real deyil.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı ilə cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli 2260 nömrəli kredit müqaviləsinə əsasən borcverən borcalana pul vəsaitinin borc verilməsini, borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür.

7. Müqavilənin 2.1-ci bəndinə əsasən borcverən borcalana 75000 manat məbləğində krediti 60 ay müddətinə illik 5 % müddətinə kredit verməyi öhdəsinə götürür.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh adına rəsmiləşdirilmişdir.

9. İddiaçı ilə cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli 2260 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Bakıxanov küçəsi. 31, korpus 5, mənzikl 37 ünvanında yerləşən əmlakını 2260 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir.

10. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlaanın razılığına əsasən 117000 manat məbləğində müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı SKT-nın xeyrinə hüququ yüklü edilmişdir.

12. İddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2022-ci il tarixə cavabdehin xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borcu 75000 manat, faiz borcu 5790,75 manat təşkil edir.

13. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ipoteka predmetinin likvid dəyəri 132000 manat, bazar dəyəri 145000 manat təşkil edir.

14. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

17. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Həmin Məcəllənin 295-ci maddasinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

19. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

20. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

21. Mülki Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

23. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

24. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

25. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

26. Beləliklə, işin hallarından məlum olur ki, tərəflər arasında 25 fevral 2020-ci il tarixli 2260 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə öhdəliklərin təminatı olaraq isə cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən mənzil göstərilmişdir. Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişdir.

27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehdən yaranmış kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməlidir.

28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində ilkin satış qiymətinin 117000 manat dəyərində müəyyən edilməsini xahiş etmişdir.

29. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyinə uyğun (132000 manat) müəyyən edilməlidir.

30. Belə ki, həmin rəy iddiaçının özü tərəfindən də mübahisələndirilməmiş, cavabdeh isə ilkin satış qiymətinin daha yüksək məbləğdə müəyyən edilməsini xahiş etmişdir.

31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 75000 manat əsas borc, 440,05 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, tələb ilkin satış qiyməti 132000 manat müəyyən edilməklə ipoteka predmetinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracdan satılmalı və əldə edilmiş vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

34. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 75000 manat əsas borc, 440,05 manat faiz borcu, 400 manat dövlət rüsumu, ümumilikdə 75840,05 (yetmiş beş min səkkiz yüz qırx manat beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən mənzilə yönəldilsin. Həmin ipoteka predmeti ilkin satış qiyməti 132000 (bir yüz otuz iki min) manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına ümumilikdə 75840,05 (yetmiş beş min səkkiz yüz qırx manat beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar