Məhkəmə qərarları › İş №e-2-2(113)-4246/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4246/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4246/2023 24.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, girov müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 28 oktyabr 2022-ci il tarixli, RB/KM-16012 saylı kredit müqaviləsinə görə 212239,46 manat, faiz borcuna görə 17334,34 manat, dəbbə borcuna görə 14946,1 manat, cəmi 244519,9 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 534,52 manat pulun iddiaçının xeyrinə tutulması; bütün tələblərin tam mülkiyyət hüququ ilə cavabdehə məxsus 28 oktyabr 2022-ci il tarixli, RB/KM-16012saylı Daşınar Əmlakın Girov müqaviləsinin 2.1-ci bəndində öz əksini tapmış girov predmetlərinə - 1 ədəd Kağız kütləsindən, kağızdan və kartondan olan məmulatların qəliblənməsi üçün avadanlıq (2150 mm oluklu mukavva hattı və üniteleri); - 1 ədəd uzununa və eninə kəsmə maşınları (2200 scorrer slitter – scorer kesici); - 1 ədəd Serina makina markalı karton vərəqlərindən qutuların, yeşiklərin hazırlanması üçün avadanlıq (SM/V 1290x2400 Tama otomatik dörd renk flekso baskı, pliyaj); - 1 ədəd Serina makina markalı qablaşdırma avadanlığı (1290x2400 Ayıklama və stacker); - 1 ədəd Serina makina markalı pres avadanlığı (Dik balya presi); - 2 ədəd Serina makina markalı qablaşdırma avadanlığı (Kırıcı Fan); - 1 ədəd Serina makina markalı kəsilmiş kartonların tullantı karton hissələri ayrılması üçün seperator makinası (1000x420 seperatör makinası) yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına cəmi 244519,9 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 534,52 manat pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli, RB/KM16012 saylı kredit müqaviləsinə əsasən, ödənişlərin edilməsi məqsədilə illik 14 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 253000 manat məbləğində Bank vəsaiti vasitəsilə cavabdehə kredit kimi verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər Cavabdeh2 arasında xx.xx.2022ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 28 oktyabr 2022ci il tarixli, RB/KM-16012saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyır. 28 oktyabr 2022-ci il tarixli, RB/KM-16012 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus olan istehsal avadanlıqları iddiaçı qarşısında 28 oktyabr 2022-ci il tarixli, RB/KM-16012 saylı Daşınar Əmlakın Girov Müqaviləsinə əsasən ilə yüklü edilmişdir. Həmçinin bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət reyestrindən Çıxarış da əldə edilmişdir. Həmin avadanlıqların təsviri 28 oktyabr 2022-ci il tarixli, RB/KM-16012 saylı Daşınar Əmlakın Girov Müqaviləsinin 2.1. bəndində özəksini tapmışdır. 28 oktyabr 2022-ci il tarixli, RB/KM- 16012 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh1 MMC və Cavabdeh2 odğəlufələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. xx.xx.2023-cü il tarixli X3 Barədə Təklif məktubuna əsasən cavabdehlərə mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsilə həlledilməsi təklif edilmişdir. Lakin cavabdehlər ilkin mediasiya sessiyasına dəvət edilsələr də iştirak etməmişlər və bu barədə 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-01341 nömrəli Arayış təqdim edilmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2023-cü il tarixinə 28 oktyabr 2022-ci il tarixli, RB/KM-16012 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 212239,46 manat, faiz borcuna görə 17334,34 manat, dəbbə borcuna görə 14946,1 manat, borcun cəmi məbləği 244519,9 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X.Məmmədova iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən məhkəmə icraatı dövründə iddiaçıya hər hansı ödəniş edilməmişdir.

4. Cavabdeh1 MMC məhkəməyə yazılı ərizə ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etmiş, lakin nümayəndənin gəlməməsinin səbəbinin üzrlü olmasına dair hər hansı sübut təqdim etməmiş, digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə cavabdeh “Aqro İnvest və İstehsalat MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli RB/KM-16012 nömrəli kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana ödənişlərin aparılması məqsədilə 253000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədbəlinə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, peniya) girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir.

9. Müqavilənin 6.4-cü bəndinə əsasən bütün hallarda təminatın etibarsızlığına görə məsuliyyət borc alanın və ipoteka/girov qoyanın üzərinə düşür. Təminat qoyulmuş əmlak istehsal avadanlıqları və Cavabdeh2 Rövşən oğlunun zaminliyi ilə qoyulmuş əmlaklardan ibarətdir.

10. Müqavilənin 6.5-ci bəndinə əsasən borc verənin ixtiyarı vardır ki, borc alan əsas öhdəliyin şərtlərini pozduğu andan tələbini təminat verənin hesablarındakı pula təminat məbləği miqdarında yönəltsin. Borc verənin tələbinin ödəmək üçün borc alanın əmlakı kifayət etmədikdə, borc verən təminat verənin hesabından pulu akseptsiz olaraq öz tələbinin qalan hissəsinin ödənilməsinə yönəldə bilər.

11. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli RB/KM-16012 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti xx.xx.2022-ci il tarixli RB/KM-16012 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edtməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir.

12. Cavabdeh1 MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 MMC-nin iddiaçıdan ödənişlərin apaılması məqsədi ilə illik 14 % ilə, 12 ay müddətinə 253000 manat məbləğində kreditin alınmasına razılıq verilməsi və kreditə təminat qismində Cavabdeh1 MMC-yə məxsus daşınar əmlakların girov qoyulması, tərəflər arasında bağlanacaq kredit, daşınar əmlakın (ların) girov müqaviləsi, ipoteka müqavilələrini və həmçinin digər sənədləri imzalamaq səlahiyyətinin Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə həvalə edilməsi qərara alınmışdır.

13. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli RB/KM-16012 nömrəli daşınar əmlakın girov müqaviləsinə əsasən yüklülük verən xx.xx.2022-ci il tarixli RB/KM-16012 nömrəli kredit müqaviləsi üzrə illik 14 faiz ödənilməsi şərtilə aldığı 253000 manatı məbləğində kredit üzrə öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən yüklülük verənə məxsus daşınar əmlak, (avadanlıq) yüklülük sahibinə girov qoyur.

14. Müqavilənin 2.1-ci bəndinə əsasən yüklülük verən tərəfindən təqdim edilmiş sənədlərə və bu müqaviləyə əlavə edilmiş girov qoyulan əmlakın siyahılarına əsasən girov qoyulmuş predmetlərin dəyəri 1.519.800 ABŞ dolları təşkil edir. xx.xx.2021-ci i tarixli **********2563 nömrəli YGB-yə əsasən 1.050.000 ABŞ dolları məbləğinə alınmış 1 ədəd kağız kütləsindən, kağızdan və kartondan olan məlumatların qəliblənməsi üçün avadanlıq; -xx.xx.2021-ci il tarixli **********2563 nömrəli YGB-yə əsasən 150.000 ABŞ dolları məbləğinə alınmış 1 ədə uzununa və eninə kəsmə, kəsmə maşınları; xx.xx.2021-ci il tarixli **********4949 nömrəli YGB-yə əsasən 247500 ABŞ dolları məbləğinə alınmış 1 ədəd Seri markalı karton vərəqlərindən quruların, yeşiklərin hazırlanması üçün avadanlıq; xx.xx.2021-ci il tarixli **********4949 nömrəli YGB-yə əsasən 48000 ABŞ dolları məbləğinə alınmış 1 ədəd Serina makina markalı qablaşdırma avadanlığı, xx.xx.2021-ci il tarixli **********4949 nömrəli YGB-yə əsasən 8500 ABŞ dolları məbləğinə alınmış 1 ədəd Serina markalı pres avadanlığı, xx.xx.2021-ci il tarixli **********4949 nömrəli YGB-yə əsasən 6000 ABŞ dolları məbləğinə alınmış Serina makina markalı qablaşdırma avadanlığı, xx.xx.2021ci il tarixli **********4949 nömrəli YGB-yə əsasən 9800 ABŞ dolları məbləğinə alınmış 1 ədəd Serina makina markalı kəsilmiş kartonların tullantı karton hissələri ayrılması üçün seperator makinası.

15. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli RB-02/Pk-2531 nömrəli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin 28 oktyabr 2022-ci il tarixli RB/KM-16012 saylı müqavilə üzrə 26 iyul 2023-cü il tarixinə olan əsas borcu 212239,46 manat, faiz borcu 17334,34 manat, cərimə borcu 14946,1 manat, ümumilikdə 244519,9 manat təşkil edir.

16. Azərbaycan Respublikası Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 MMC-yə məxsus istehsal avadanlıqları iddiaçının xeyrinə girovla yüklü edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/7734 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC-nin 28 oktyabr 2022-ci il tarixli RB/KM-16012 saylı müqavilə üzrə 26 iyul 2023-cü il tarixinə olan əsas borcu 212239,46 manat, faiz borcu 17250,76 manat təşkil edir.

18. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdeh 28 oktyabr 2022-ci il tarixli RB/KM-16012 saylı kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir.

19. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

22. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

24. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

25. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

26. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

27. Həmin Məcəllənin 295-ci maddasinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

28. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.

29. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

30. Bununla yanaşı iddia ərizəsində iddiaçı ödənilməli olan faiz borcunun məbləğinin 17334,34 manat olmasını göstərmişdir.

31. Məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun müəyyən edilməlidir. Həmin rəy iddiaçı tərəfindən də mübahisələndirilməmişdir.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas və faiz borcun tutulması hissəsində əsaslı olduğundan qismən (ekspert rəyinə uyğun) təmin edilməli, cavabdehlərdən 212239,46 manat əsas borc, 17250,76 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

33. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 14946,10 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

36. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 10000 manat məbləğində müəyyən edilməlidir.

37. İddia ərizəsində girov predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

38. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya ümumilikdə 239490,22 manat borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

39. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yuxarıda göstərilən kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş girov predmetlərinə (1 ədəd Kağız kütləsindən, kağızdan və kartondan olan məmulatların qəliblənməsi üçün avadanlıq (2150 mm oluklu mukavva hattı və üniteleri); - 1 ədəd uzununa və eninə kəsmə maşınları (2200 scorrer slitter – scorer kesici); - 1 ədəd Serina makina markalı karton vərəqlərindən qutuların, yeşiklərin hazırlanması üçün avadanlıq (SM/V 1290x2400 Tama otomatik dörd renk flekso baskı, pliyaj); - 1 ədəd Serina makina markalı qablaşdırma avadanlığı (1290x2400 Ayıklama və stacker); - 1 ədəd Serina makina markalı pres avadanlığı (Dik balya presi); - 2 ədəd Serina makina markalı qablaşdırma avadanlığı (Kırıcı Fan); - 1 ədəd Serina makina markalı kəsilmiş kartonların tullantı karton hissələri ayrılması üçün seperator makinası (1000x420 seperatör makinası) yönəldilməli, qanunvericiliyin tələbələrinə uyğun olaraq əmlakların açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir.

40. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 212239,46 manat əsas borc, 17250,76 manat faiz borcu, 10000 manat cərimə borcu, cəmi 239490,22 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən cəmi 239490,22 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, tələb girov predmetlərinə yönəldilməli, girov predmetləri açıq hərracdan satılmalı və əldə edilmiş vəsait hesabına cəmi 239490,22 manat məbləğində olan borc tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh1 MMC-yə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 534,52 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

43. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci Cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 212239,46 manat əsas borc, 17250,76 manat faiz borcu, 10000 manat cərimə, ödənilmiş 534,52 manat dövlət rüsumu, ümumilikdə 240024,74 (iki yüz qırx min iyirmi dörd manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb girov predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus 28 oktyabr 2022-ci il tarixli, RB/KM-16012 saylı Daşınar Əmlakın Girov müqaviləsinin 2.1-ci bəndində öz əksini tapmış girov predmetlərinə: 1 ədəd Kağız kütləsindən, kağızdan və kartondan olan məmulatların qəliblənməsi üçün avadanlıq (2150 mm oluklu mukavva hattı və üniteleri); - 1 ədəd uzununa və eninə kəsmə maşınları (2200 scorrer slitter – scorer kesici); - 1 ədəd Serina makina markalı karton vərəqlərindən qutuların, yeşiklərin hazırlanması üçün avadanlıq (SM/V 1290x2400 Tama otomatik dörd renk flekso baskı, pliyaj); - 1 ədəd Serina makina markalı qablaşdırma avadanlığı (1290x2400 Ayıklama və stacker); - 1 ədəd Serina makina markalı pres avadanlığı (Dik balya presi); - 2 ədəd Serina makina markalı qablaşdırma avadanlığı (Kırıcı Fan); - 1 ədəd Serina makina markalı kəsilmiş kartonların tullantı karton hissələri ayrılması üçün seperator makinası (1000x420 seperatör makinası) yönəldilsin. Həmin girov predmetləri açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına 212239,46 manat əsas borc, 17250,76 manat faiz borcu, 10000 manat cərimə, 534,52 manat dövlət rüsumu, ümumilikdə 240024,74 (iki yüz qırx min iyirmi dörd manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh1 MMC-yə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar