Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4253/2023 02.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “zərərin ödənilməsi” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: zərər, sığorta, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən 800 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğin iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 800 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğin iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ********** saylı xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və X3 məxsus Bakı şəhəri, Yeni Yasamal, Ə.Əhmədov 45 ünvanında yerləşən daşınmaz əmlak sığorta təminatı almışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45, korpus “B”-də olan qeyri-yaşayış sahəsini-çay evini Cavabdeh MTK-ya mıxsus binanın su borusunun partlaması nəticəsində su basmışdır. Baş vermiş su basma hadisəsi ilə bağlı 800 manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edir ki, ödənilmiş 800 manat məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ”Azsığorta” ASC tərəfindən Cavabdeh MTK-ya xx.xx.2022-ci il tarixdə 0433/3 saylı “Mediasiya Prosesinin tətbiqi barədə təklif” göndərilmişdir. Həmin məktubda “mübahisə sığorta münasibətləri ilə bağlıdır” bildirilmiş, lakin mübahisənin nə haqda olması barədə heç bir məlumat göstərilməmişdir. Həmin məktuba xx.xx.2022-ci il tarixli 05/04 saylı cavab məktubu göndərilərək, bildirmişdir ki, Kooperativin Cəmiyyətlə heç bir sığorta münasibətləri mövcud deyildir və bu səbəbdən də olmayan münasibətlərdən mübahisə yarana bilməz. Məktubun 2-ci abzasında “yuxarıda təsvir olunan” ifadəsinə aid isə mətndə mübahisənin təsvirini aşkar etmədiyini bildirmişdir. Bu səbəbdən də yuxarıda göstərilən təklif qəbul olunmamışdır. Bundan sonra isə MTK-nın elektron kargüzarlığına xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli Pretenziya məktubu və xx.xx.2023-cü il tarixli “Subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddia ərzisəsi daxil olmuşdur. Həmin iddia ərizəsində göstərilmişdir ki, xx.xx.2019cu il tarixdə Bakı ş.,Yasamal Rayonu, Ə.Əhmədov 45, Korpus “B”-də yerləşən X4 məxsus obyekti su basmış və həmin obyekt sahibinin ”Azsığorta” ASC arasında sığorta müqaviləsi mövcud olmuşdur. Həmçinin sığortaçıya dəymiş zərərin əvəzi kimi 800 (səkkiz yüz) manat sığorta ödənişi verilmişdir. Həmçinin həmin iddia ərizəsində sığortaçıya məxsus obyektin su basmasına səbəb kimi Cavabdeh MTK-ya məxsus su xəttinin partlaması göstərilmişdir. Su xəttinin qeyri-müəyyən səbəbdən partlaması ilə bağlı qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin tələbinə əsasən hadisə baş verən gün, yəni xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı Cavabdeh MTK tərəfindən "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli 41 saylı məktub göndərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, binanın su təhcizatı xəttində qeyri müəyyən səbəbdən partlama hadisəsi baş vermişdir. Sonradan məlum olmuşdur ki, qəzaya səbəb su basmış obyektin yuxarı mərtəbəsində yaşayan sakinlər tərəfindən mənzillərdən keçən su və kanalizasiya borularının yerləşdiyi şaxtaya yanar vəziyyətdə siqaret atılması səbəbindən plasmas su xəttinin əriməsi olmuşdur. Göstərilən su xətti 2012-ci ildən MTK-nın balansında deyil və MTK-ya heç bir aidiyyatı yoxdur. Cavabdeh MTK ünvan 2 ünvanda” yüksək mərtəbəli çoxmənzilli yaşayış binasını (1 ədəd 2 girişli Korpsus “A” və bir ədəd 1 girişli Korpus” B”) inşa etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 591 saylı Sərəncamı ilə təsdiq edilmiş dövlət qəbul komissiyasının Aktına əsasən həmin binalar istismara qəbul edilmişdir. Hazırda qüvvədə olan qanunvericiliyin (Tikinti Məcəlləsinin 105-ci maddəsi) tələblərinə əsasən dövlət qəbul komissiyasının Aktına əsasən istismara qəbul edilmiş binanın mühəndiskommunikasiya xəttlərinin işlək vəziyyətdə olmasına onu tikən təşkilat (Cavabdeh MTK) 2 il müddətində zəmanət verir. Bundan da aydın görünür ki, Cavabdeh MTK 8 ildən çoxdur ki, həmin binanın istismarı ilə bağlı yaranmış qəzalı hallarla bağlı heç bir öhdəliyi qalmamışdır. 2012-ci ildən hal-hazırki tarixədək Cavabdeh MTK yalnız sakinlərə kommunal xidmətlərini təşkil etməklə məşğul olmuşdur və bu fəaliyyət növü ilə vergi orqanlarında qeydiyyatdadır. Odur ki, iddia ərizəsində göstərilən və həqiqətdə CavabdehMTK -nın balansında olmayan su xərttinin MTK-ya heç bir aidiyyatı yoxdur və MTK bu kimi xəttlərin qəzası ilə bağlı eləcə də həmin binalara xidmət göstərən digər kommunikasiya xəttlərində gələcəkdə yarana biləcək hər hansı fəsadlara görə cavabdehlik daşımır. İddia Ərizəsinin məzmunundan görünür ki, sığorta hadisəsi ilə bağlı zərərvuran şəxsin kimliyinin müəyyən edilməsi mötəbər sübutlarla təsdiq edilməmişdir və belə olan halda iddiaçının subroqasiya hüququ əsasında iddia tələbinə görə Cavabdeh MTK -nı cavabdeh qoyması tam əsassızdır. Ərizənin məzmununda tələbin əsaslandığını təsdiq edən hallar, yəni çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin birgə sahiblik hüququ ilə ümumi istifadəsində olan su təchizatı xəttinin qəzasına görə məsuliyyətli şəxs kimi,yəni sığorta hadisəsinə görə zərəvuran şəxsin Cavabdeh MTK olduğu heç bir mötəbər sübutla təsdiq edilmir. Qeyd edilənlərdən aydın olur ki, sığorta hadisəsinin qəzamı, qəsdmi, öhdəlikmi halları əsasında baş vermiş olduğu iddia ərizəsində konkretləşdirilib təsdiqlənməmişdir. Sığortalı ilə cavabdeh arasında onun icarəsində olan və sığorta hadisəsinin baş verdiyi su xəttinin istismarı, təhlükəsizliyi, mühafizəsi və təminat öhtəliyi ilə bağlı notariusda bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən göründüyü kimi, (sığortalının obyektində su xəttləri ilə bağlı) nə icarəyə verənin, nə də binanı tikib istismara vermiş Cavabdeh MTK-nın məsuliyyəti yoxdur. Bütün bunlardan əlavə 2019-cu ildə baş vermiş bir hadisə ilə bağlı müqaviləyə əsasən irəli sürülən iddianın müddəti də araşdırılmalıdır. Belə ki, Mülki Məcəlləyə əsasən (m.373.2) müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. İddiaçı isə 2019-cu ildən cavabdehlə yazışma apardığı halda 2023-cü ildə ona qarşı iddia irəli sürmüşdür. Odur ki, iddiaçı ”Azsığorta” ASC-nin Cavabdeh MTK-ya qarşı iddia ərizəsində göstərilənlərə etiraz edərək, onu əsassız hesab edir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1114-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
6. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
7. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. RX seriyalı ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45, korpus “B”, 1-ci mərtəbə ünvanında olan qeyri-yaşayış sahəsi X2 xüsusi mülkiyyətindədir.
9. İcarəyə verən X5 ilə icarəçi X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45, korpus “B”, 1-ci mərtəbə ünvanında olan qeyri-yaşayış sahəsi X7 icarəyə verilmişdir.
10. İddiaçı ilə X5 arasında bağlanmış RAZ********** saylı xx.xx.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45, korpus “B” ünvanında olan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər sığorta edilmişdir.
11. xx.xx.2019-cu il tarixli Sığorta aktına əsasən Bakı şəhəri, Yeni Yasamal, Ə.Əhmədov 45 ünvanında yerləşən daşınmaz əmlaka baş vermiş su basma nəticəsində 1000 manat zərər dəymiş, müəyyən edilmiş həmin məbləğdən 200 manat azadolma çıxılaraq cəmi 800 manat sığorta ödənişi müəyyən edilmişdir.
12. Dəymiş zərərin hesabatına əsasən xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 1000 manat müəyyən edilmişdir.
13. 21.11.2019-cu il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən X1 800 manat sığorta ödənişi verilmişdir.
14. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə X5 arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 1000 manat müəyyən edilərək, sığortalıya iddiaçı tərəfindən 800 manat sığorta ödənişi verilmişdir.
15. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
16. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.
17. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
18. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).
19. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, subroqasiya qaydasında ödənilməsini tələb etdiyi zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini, eyni zamanda sızmanın baş verdiyi su borularının cavabdehin məsuliyyəti dairəsində olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
21. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən 800 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev