Məhkəmə qərarları › İş №e-2-2(113)-4261/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4261/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4261/2025 01.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: şifahi alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Babahəsən oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia və daha sonra iddia tələbinin azaldılması ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 10196 manat məbləğində borcun və ödənilmiş 125 manat dövlət rüsumunun əvəzinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvələr rəhbərlik etdiyi hüquqi şəxsdən Cavabdeh1 kağız məmulatları satırdı. Ödənişləri gecikdirdiyi üçün sonuncu dəfə ona mal verməkdən imtina etdi. Sonuncu dəfə ortaq tanışları Cavabdeh2 ona müraciət edərək Cavabdeh1 kağız verilməsini və ödənişinə zamin olduğunu dedi. Nəticədə 11498 manat dəyərində kağızı təxminən bir il altı ay bundan qabaq Cavabdeh2 verdi. Rəhbərlik etdiyi şirkətin başqa müqavilələr əsasında yaranmış öhdəliklərinin icra edilməsi üçün cavabdehlərin şifahi razılığı əsasında 11498.00 manat kağızın dəyərinin şirkətin hesabına ödədim. Razılaşmamıza əsasən həmin borcu cavabdehlər bir ay ərzində mənə ödəməli idilər. Ancaq onlar müxtəlif bahanələr gətirərək pulun ödənilməsini xeyli müddət uzatdılar. Sonradan aldadıldığımı başa düşüdüm. Dəfələrlə pulunu cavabdehlərdən tələb etsə də, o müxtəlif bəhanələr pulunu ona ödəməkdən imtina etdilər. Nəticədə hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdı. Müraciətinə baxılaraq, Nizami RPİnin 23-cü PB-nin təhqiqatçısı Urman Ağayev xx.xx.2024-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilərək, işin müki xarakterli olduğunu ona bildirmişlər. Araşdırma zamanı izahatı alınmış cavabdeh ondan mal aldığını bildirmişdir. Cavabdeh malın alınmasını qismən etiraf etmişdir. O, 6139 ABŞ dollar borcun olduğunu bildirmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2 və 329.3, 385.1, 1096-cı maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 verdiyi izahatında və məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbini 10196 manat məbləği qəbul etdiyini, iddianı həmin hissədə etiraf etdiyni və iddianın etiraf olunmasının hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, ərizə yazaraq onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 izahatında İddiaçı onun barəsində etdiyi şikayətlə tanış olduğunu, Rüfətin 5 il olar ki, "xxxx" MMC-də direktor vəzifəsində işlədiyini və həmin vaxtdan tanıdığını, həmin MMC-nin ünvan 1 ünvanında yerləşdiyini, Rüfətin MMC-də müxtəlif çeşidli kağız məhsullarının satışı ilə məşğul olduğunu, Rüfətin işlədiyi MMC-dən dəfələrlə kağız çeşidlərini alıb pulunu verdiyini, sonuncu dəfə 2024-cü ilin mart ayından sonra Rüfətdən 6139 ABŞ dolları məbləğində kağız çeşidlərini almasını, lakin pulunu bu günədək vermədiyini, pulu verməməsinə səbəb atasının ankoloji xəstəliyi olduğu üçün maddi imkanın zəiflədiyini, ona görə də Rüfətin pulunu verə bilmədiyini, yaxın vaxtlarda hissə-hissə Rüfətə olan 6139 ABŞ dolları məbləğində borcunu verəcəyinə söz verdiyini qeyd etmişdir. Tərəflər arasında olan münasibətlər mülki xarakterli olduğundan material üzrə cinayət işinin başlanması rədd edilmiş və X1 tələbi ilə bağlı mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququnun olması izah olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 125 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-cü maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Məhkəmənin mövqeyi İşin mübahisəsiz halları bunlardan ibarətdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öhdəliyini icra edərək, müvafiq həcmdə malı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması cavabdehin iddianı etiraf etməsi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Cavabdeh verdiyi izahatda və məhkəməyə təqdim etdiyi ərizədə iddiaçıya tələbdə göstərilən məbləğdə ümumi 10196 manat borcunun olmasını etiraf etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Çünki cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də onun iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin edilmələrək cavabdehdən 10196 manat tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 125 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 10196 (on min yüz doxsan altı) manat məbləğində pul vəsaiti və ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar