Məhkəmə qərarları › İş №e-2-2(113)-4268/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4268/2023

03.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4268/2023 03.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı MTK-nın cavabdeh "xxxx" MMC-yə qarşı “işgüzar nüfuzu ləkələyən məlumatların təkzibi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MTK iddia cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - cavabdeh P.S. MEDİA” MMC-nin 16 May 2023-cü il tarixdən etibarən yaydığı “Orbita MTK binanın təməlində armaturdan istifadə etməyib” başlıqlı yazıda iddiaçının işgüzar nüfuzunu ləkələyən “Orbita MTK binanın təməlində armaturdan istifadə etməyib”, yazının mətnində ”Orbita” MTK-nın Nizami rayonu Qara Qarayev prospekti Tofiq Abbasov küçəsində təhlükəli sayılacaq hündürmərtəbəli yaşayış binasının sütünlarında 12 millimetr diametrli armaturlardan istifadə olunub. Hətta deyəsən sözügedən şirkət daşıyıcı sütunlarda (kolonlarda) fəlakətdə ilk dağılacaq bina olaraq adını dəftərə yazdırmaq fikrindədir. ”Orbita” MTK sözügedən sütunların (kolonların “apalovkasını” durduğu üçün sütunlardakı armatur sayını artırmaq mümkün deyil. Bundan başqa ”Orbita” MTK pas atmış köhnə, ucuz və keyfiyyətsiz armaturlardan istifadə etməsi yolverilməzdir və güman edirik ki, aidiyyatı qurumlar bu məsələyə diqqət ayıracaq” kimi yaydıqları böhtan xarakterli həqiqətə uyğun olmayan məlumatların həmin saytda yazının başlığında verilmiş şriftlər ölçüsündə şriftlərlə təkzibini vermələri, cavabdehin iddiaçıdan üzr istəməsi, cavabdehdən mənəvi zərərin kompensasiyası kimi 50 000 (əlli min) manat alınaraq Azərbaycan Respublikasının Əlillər Evinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırkı iş üzrə müəyyən olunur ki, iddia ərizəsi AR MPM-in 149.2-ci maddəsində göstərilən tələblərə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.1-ci maddəsinə əsasən, ərizənin verildiyi məhkəmənin adı ərizədə göstərilməlidir. Hazırkı iddia ərizəsindən isə görünür ki, məhkəmənin adı hissəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin adı qeyd olunmuşdur. Bundan əlavə iddiaçı tərəfindən işdə iştirak edən digər şəxslərin iddia ərizəsini almasına dair hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. Əlavə olaraq məhkəmə qeyd edir ki, ərizəyə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, 18 may 2023 tarixli ********** nömrəli qəbzdən görünür ki, rüsum Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 152.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MTK-nın cavabdeh "xxxx" MMC-yə qarşı “işgüzar nüfuzu ləkələyən məlumatların təkzibi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar