Məhkəmə qərarları › İş №e-2-2(113)-4269/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4269/2022

17.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4269/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, pul, elektron qaimə, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3400 manat pulun və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanaraq “www.qediroğlu.az” saytına və “e-mail”lərinə 1 illik yerləşməsi sifariş verilmiş və müqavilə imzalandığı gündən qüvvəyə minmiş, abunə haqqı 12 aylıq 1700 manat razılaşdırılmış, iddiaçı xx.xx.2021-ci il tarixdə 850 manat olmaqla 2 dəfəyə cəmi 1700 manat bir illik razılaşdırılmış ödənişi cavabdehin hesabına ödəmişdir. Ancaq onlara məlum olmayan səbəbdən cavabdeh xx.xx.2021-ci il tarixdə 1700 manat ödəniş edilməsi üçün 594 saylı hesab faktura, xx.xx.2021-ci il tarixdə 2 dəfə 1700 manat, cəmi 3400 manat məbləğində ödəniş edilməsi üçün 602 saylı hesab faktura təqdim etmişdir. Mühasibatlıq səhvinə görə cavabdehə 5100 manat artıq ödəmə aparılmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1091.1-ci maddəsi qeyd olunmuşdur.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri izahatlarında bildirmişlər ki, tərəflər arasında cəmi bir dəfə xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağlanmış, həmin müqavilənin qiymətini təşkil edən 1700 manat onlar tərəfindən ödənilmişdir. Ümumilikdə onlar tərəfindən cavabdehə 6800 manat ödəniş edilmiş, həmin məbləğin 1700 manatı tərəflər arasında bağlanmış müqaviləyə görə edilən ödənişi təşkil edir. Qalan 5100 manat məbləğ artıq ödənilmiş, qeyd olunan məbləğin bir hissəsi cavabdeh tərəfindən hissə-hissə qaytarılmış, qalan 3400 manat pul isə qaytarılmamışdır. Eyni zamanda bildirmişlər ki, xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi cavabdeh tərəfindən tərtib olunub imza və möhürlə təsdiq edilərək onların elektron poçtuna göndərilmiş, onlar isə həmin müqaviləni çap edərək imza və möhürləri ilə təsdiq etmişlər.

5. Cavabdehin qanuni təmsilçisi məhkəməyə yazılı etiraz (izahat) göndərərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1700 manat bir xidmətə görə və 850 manat ayrı-ayrı iki xidmətə görə olmaqla cəmi 3400 manat haqq alınıb. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində iddiaçı ilə aralarında imzalanmış müqavilə vardır və qarşı tərəf 2021-2022-ci il tarixdəki ödəmələri ləğv edilməsini xahiş etdiyinə görə pullar qaytarılıb, kart hesablarına 3400 manat pul köçürülüb.

6. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərabaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddia ərizəsinə əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında 26 avqust 2021-ci il tarixdə bağlanmış 556 nömrəli müqavilədən görünür ki, tərəflər “www.qediroğlu.az” saytına və “e-mail”lərinə 1 illik yerləşməyə görə 1700 manat abunə haqqı müəyyən etmiş, müqavilə 12 ay müddətə bağlanmışdır.

11. İddia ərizəsinə əlavə edilmiş elektron qaimələrdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə 1700 manat (EBBH seriyalı 935541 nömrəli elektron qaimə ilə 850 manat və EBBH seriyalı 939896 nömrəli elektron qaimə ilə 850 manat olmaqla), xx.xx.2021-ci il tarixdə 1700 manat (EBBJ seriyalı 040604 nömrəli), xx.xx.2021-ci il tarixdə 3400 manat (EBBJ seriyalı 301028 nömrəli) dəyərində elektron qaimələr “www.qediroğlu.az” saytına və “e-mail”lərinə 1 illik yerləşməyə görə təqdim olunmuşdur.

12. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh MMC tərəfindən imzalanıb möhürlə təsdiq edilmiş hesab-fakturalardan görünür ki, xx.xx.2021-ci il tarixdə 1700 manat, xx.xx.2021-ci il tarixdə 3400 manat, xx.xx.2021-ci il tarixdə 3400 manat dəyərində hesabfaktura “www.qediroğlu.az” saytına və “e-mail”lərinə 1 illik yerləşməyə görə Cavabdeh MMC tərəfindən tərtib olunmuşdur.

13. İddia ərizəsinə əlavə edilmiş ödəniş sənədlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə bank köçürməsi yolu ilə EBBH seriyalı 935541 nömrəli elektron qaimə əsasında 850 manat, EBBH seriyalı 939896 nömrəli elektron qaimə əsasında 850 manat, EBBJ seriyalı 040604 nömrəli elektron qaimə əsasında 1700 manat (850+850 olmaqla), EBBJ seriyalı 301028 nömrəli elektron qaimə əsasında 3400 manat pul köçürülmüşdür.

14. İnternet Vergi İdarəsi kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında Çıxarışdan görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndədur.

15. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş elektron sistemdən çıxarışdan görünür ki, Qanuni nümayəndə Azərbaycan Respublikası Vergilər Nazirliyinə yazılı ərizə ilə müraciət edərək səbəb kimi “belə bir əməliyyat baş tutmayıb” göstərərək EBBJ seriyalı 301028 nömrəli elektron qaiməni ləğv etmək üçün imzaladığını qeyd etmişdir.

16. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının öbyektibliyi və ədalətliliyi üçün zəruridir.

17. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

18. Məhkəmə müəyyən edir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə “www.qediroğlu.az” saytına və “e-mail”lərinə 1 illik yerləşməyə görə 6800 manat dəyərində elektron qaimə təqdim edilmiş, İddiaçı MMC tərəfindən 6800 manat məbləğində pul Cavabdeh MMC-nin hesabına köçürülmüşdür.

19. İddiaçı tərəf ərizəsində və izahatında, cavabdeh tərəf isə yazılı etirazında tərəflər arasında müqavilə münasibətlərinin olduğunu qeyd etmişlər.

20. İddiaçı, tərəflər arasında cəmi bir müqavilənin, yəni 1700 manat dəyərində olan xx.xx.2021-ci il tarixli müqavilənin olduğunu qeyd edib həmin müqaviləni məhkəməyə təqdim edərək, cavabdehə 6800 manat ödəniş edildiyini, həmin məbləğin 1700 manatının müqavilə üzrə ödəniş olduğunu, cavabdehə əlavə 5100 manatın ödənildiyini bildirmişdir. İddiaçı cavabdehə 6800 manat ödəniş edildiyinə dair sübutlarını məhkəməyə təqdim edib, cavabdeh tərəfindən 5100 manat pulun bir hissəsinin qaytarıldığını qeyd edərək 3400 manat qaytarılmamış pulu tələb edir.

21. Cavabdeh isə yazılı etirazında tərəflər arasında müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müqavilələr olduğunu, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müqaviləyə görə iki xidmətə görə 3400 manat xidmət haqqı aldıqlarını, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müqavilə üzrə isə iddiaçı tərəfindən ödəmələrin ləğv edilməsi xahiş edildiyinə görə 3400 manat pulun qaytarıldığını, kart hesablarına köçürüldüyünü qeyd etmişdir.

22. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Məhkəmə qeyd edir ki, cavabdeh nə tərəflər arasında başqa müqavilənin olduğuna dair sübutu, nə də onun tərəfindən iddiaçıya pulun qaytarılmasını təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir.

24. Beləliklə, iddiaçının qaytarılmasını tələb etdiyi pul məbləği ilə bağlı tərəflər arasında müqavilə münasibətinin olduğu işdə olan sübutlar əsasında öz təsdiqini tapmır.

25. Bundan başqa, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə 3400 manat dəyərində EBBJ seriyalı 301028 nömrəli elektron qaimənin ləğv edilməsi üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə (Dövlət Vergi Xidmətinə) etdiyi yazılı müraciəti məhkəməyə təqdim etsə də, ödənişi iddiaçı tərəfindən həyata keçirilmiş olan həmin qaimə üzrə pulun qaytarılmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir.

26. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olsa da, iddiaçının qaytarılmasını tələb etdiyi 3400 manat pul cavabdehin heç bir hüquqi əsas olmadan əldə etdiyi əmlakdır. Ona görə də, iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 1091-ci maddəsi nəzərdən keçirilə bilər.

27. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

28. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

29. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

30. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli və 3400 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

31. İddiaçı mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pulun da cavabdehdən tutulmasını tələb edir.

32. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

33. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

34. İddia ərizədinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 aprel 2022-ci il tarixli MŞİH_16709 nömrəli arayışdan görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılsa da, xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin arayışda qeyd edilmişdir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir.

35. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh MMC -dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 3400 (üç min dörd yüz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar