Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-427/2023 24.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 11310***-*******01 №-li kredit müqaviləsi üzrə 18.204,11 manat əsas borc, 2.291,25 manat faiz borcu, 746,51 manat cərimə və 200 manat mediasiya xərcinin müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə borc alan Cavabdeh1 MMC bankdan xx.xx.2022-ci ilədək qaytarmaq və illik 18 % ödəmək şərti ilə aldığı 30.000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 18.204,11 manat; b) faizlər üzrə 2.291,25 manat; c) cərimə üzrə 746,51 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alan Cavabdeh1 MMC-yə və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak edib, lakin cavabdehlər gəlmədiyi üçün mediator ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verib. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, cavabdehlər və iddiaçı məhkəmə iclasına gəlməmişlər, lakin, xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixdə isə cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasına Suraxanı Rayon Məhkəməsində başqa iş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edəcəyindən gəlməyi mümkün olmayacağından, iş üzrə təqdim edilmiş ekspertiza rəyinin elektron kabinetə yerləşdirilmədiyi və göndərilmədiyindən tanış olmadığından hazırki məhkəmə iclasını iştirakı olmadan keçirilməməsini və qısa müddətə təxirə salınmasını, başqa iclaslarla üst-üstə düşməməsi üçün əlaqə saxlanılmasını xahiş etmişdir, digər cavabdehlər gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (kreditverən) ilə "xxxx" MMC (borc alan) arasında 31 avqust 2021-ci il tarixli 11310***-*******01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci maddəsinə görə bu müqaviləyə görə kredit verən 0 ay güzəşt olmaqla, 30.000 manat məbləğdə və müqavilənin 2.03 (a) bəndində göstərilən faizlə borcalanın istifadəsinə krediti təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kredit verənə qaytarmağı öhdəsinə götürür. 2.01-ci (a) bəndinə əsasən güzəşt müddəti ərzində borc alan götürülmüş kreditə görə yalnız bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə borcalan əsas borc, faiz və digər ödənişləri kreditverənə ödəyəcəkdir. 2.03-cü (a) bəndinə əsasən borc alan alınmış kredit üçün illik 18% ödəməlidir. 2.03-cü (b) bəndinə əsasən ödəmə vaxtı çatmış lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 18% üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. 2.07-ci (a) bəndinə əsasən borc alanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə müvafiq olaraq xx.xx.2021-ci il tarixli, 11FİZAM171468601 saylı, xx.xx.2021-ci il tarixli, 11FİZAM124994202 saylı və xx.xx.2021-ci il tarixli, 11FİZAM150407401 saylı zaminlik müqavilələri bağlanılır. Müqavilə hər iki tərəfin imzası və kredit verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli 11310***-*******01 saylı kredit müqaviləsinə əlavə olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cəmi ödənişin məbləği xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək ümumilkdə 33.073,04 manat, o cümlədən əsas borc üzrə 30.000 manat, faiz borcu üzrə 3.073,04 manat müəyyən edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 (zaminlər) arasında müvafiq olaraq xx.xx.2021-ci il tarixli, 11FİZAM171468601 saylı, xx.xx.2021-ci il tarixli, 11FİZAM124994202 saylı və xx.xx.2021-ci il tarixli, 11FİZAM150407401 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu kreditor və borclu "xxxx" MMC arasında bağlanmış məbləği 30.000 manat, illik faiz dərəcəsi 18, müddəti 12 ay olan 11310***-*******01 saylı 31 avqust 2021-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunur. Müqavilələr zaminlərin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli 419126 nömrəli və xx.xx.2021-ci il tarixli 419128 nömrəli kassa məxaric orderlərinə əsasən müəyyən edilir ki, kredit olaraq hesaba ayrılmış vəsaitin müvafiq olaraq 15.000 manat və 14.400 manat hissəsi "xxxx" MMC tərəfindən nağdlaşdırılmışdır. "xxxx" MMC-nin sonuncu xx.xx.2023-cü il tarixli bank hesabından çıxarışdan müəyyən edilir ki, kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə həmin hesaba 30.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2022-ci il tarixli pretenziya məktubları ünvanlanaraq kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi təklif edilmiş, borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilımişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (maliyyə) arayışa əsasən "xxxx" MMC-nin İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə "xxxx" MMC-nin 18.204,11 manat məbləğində əsas, 2.291,25 manat məbləğində faiz, əsas borc üzrə 746,51 manat cərimə olmaqla, cəmi 21.241,87 manat məbləğində kredit borcu vardır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 may 2023-cü il tarixli 9/1414 saylı ekspert rəyi ilə müəyyən edilir ki, cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə müqavilənin bitdiyi tarixə yəni xx.xx.2022-ci il tarixinə əsas borcu 18.138,36 manat və faiz borcu 1.895,46 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kredit verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında 31 avqust 2021-ci il tarixli 11310***-*******01 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC həmin müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-yə 12 ay müddətinə illik 18%-lə 30.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) banka olan əsas borcunun 18.138,36 manat və faiz borcunun 1.895,46 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı İddiaçı ASC 31 avqust 2021-ci il tarixli 11310***-*******01 saylı kredit müqaviləsi üzrə əsas borcu ödəniş cədvəlinə uyğun qaytarmadığına görə Cavabdeh1 MMC-yə hesablanmış 746,51 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 31 avqust 2021-ci il tarixli 11310***-*******01 kredit müqaviləsi üzrə 746,51 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, "xxxx" MMC-nin 31 avqust 2021-ci il tarixli 11310***-*******01 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 (zaminlər) arasında müvafiq olaraq xx.xx.2021-ci il tarixli, 11FİZAM171468601 saylı, xx.xx.2021-ci il tarixli, 11FİZAM124994202 saylı və xx.xx.2021-ci il tarixli, 11FİZAM150407401 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 borc alan Cavabdeh1 MMC-nin 31 avqust 2021-ci il tarixli 11310***-*******01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə xx.xx.2021-ci il tarixli, 11FİZAM171468601 saylı, xx.xx.2021-ci il tarixli, 11FİZAM124994202 saylı və xx.xx.2021-ci il tarixli, 11FİZAM150407401 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Cavabdeh1 MMC-nin 31 avqust 2021-ci il tarixli 11310***-*******01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durduğunu, Cavabdeh1 MMC-nin isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, 31 avqust 2021-ci il tarixli 11310***-*******01 saylı müqavilə üzrə əsas, faiz borcu və dəbbə pulu cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 153,72 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 180 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinin verilməsinə görə ödənilməli olan 100 manat pul vəsaitinin 80 manat hissəsi cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 20 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 18.138,36 manat məbləğində əsas borc, 1895,46 manat məbləğində faiz borcu və 746,51 manat məbləğində dəbbə pulu, cəmi 20.780,33 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 180 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 80 manat hissəsi cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 20 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-427/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-427/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver