Məhkəmə qərarları › İş №e-2-2(113)-4278/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4278/2023

23.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4278/2023 23.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi X3 iştirakı ilə İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı İddiaçı kəndli fermer təsərrüfatına əsassız hesablanmış 10.468,8 manat borcun **********7 saylı abunə hesabından silinməsinin "xxxx" ASC-yə həvalə edilməsi tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı İddiaçı kəndli fermer təsərrüfatına əsassız hesablanmış 10.468,8 manat borcun **********7 saylı abunə hesabından silinməsinin "xxxx" ASC-yə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı kəndli fermer təsərrüfatı xx.xx.1997-ci ildə hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. Fermer Təsərrüfatının hüquqi unvanı İmişli rayonu, Muradxanlı kəndi olsa da, Məmmədli kəndinə yaxın ərazidə özünə məxsus torpaq sahəsində müxtəlif növ kənd təsərrüfatı məhsullarının, o cümlədən heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olur. Təsərrüfat abonent kimi (abunə kodu-**********7) iyul 2010-cu ildən qeydiiyata alınmaqla, istehlak edilmiş elektrik enerjisinin hesabatını aparılması üçün əvvəl adi elektrik sayğacları, xx.xx.2023-cü il taridə isə “PAUD-AM206” tipli elektron sayğac quraşdırılmışdır. Sayğac göstəricisi hər ay enerjitəchizatı müəssisənin nəzarətçiləri tərəfindən oxunub və iddiaçıya təqdim edilib, vaxtaşırı olaraq enerji haqqı ödənilmişdir. 30 may 2023-cü ildə "xxxx" ASC-nin əməkdaşları heç bir əsas olmadan və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışı təqdim etmədən təsərrüfata akt (AKT NDQ № 016134) yazmışlar və akt əsasında 10.468,8 manat əlavə sərfiyyat hesablamaqla, həmin borc ödənilmədiyi üçün elektrik enerjisini dayandırmışlar. Həmin borcun tələb edilməsi və buna görə elektrik enerjisinin dayandırılması əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Enerjitəchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerjitəchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerjitəchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrnin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Yuxarıda qeyd edilənlərə əsasən, əsassız yazılmış, akta əsasən hesablanmış 10.468,8 manat borc məbləği İddiaçı X2 **********7 saylı abunə hesabından silinməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı X2 nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uygun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

IV. Tətbiq edilən hüquq:

6. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.

7. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanı: 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1 -ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11 -ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın 8.16-cı bəndinə əsasən İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

9. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Abunə haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 30 may 2023-cü il tarixli akta əsasən 10.468,8 manat məbləğində borc hesablanmış, elektrik sayğacı aylar üzrə normal elektrik enerjisi sərfiyyatının uçutonu aparmış və qeyd edilən göstəricilərlə əvvəlki ayların elektrik enerjisi sərfiyyatının göstəriciləri arasında ciddi uyğunsuzluq olmamışdır.

11. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində sayğaca baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir.

12. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır.

13. Göründüyü kimi iddiaçı tərəfindən aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır, hansı ki, nöqsanlar həmin yoxlama ilə müəyyən edilərək iddiaçıya əlavə sərfiyyat hesablanmışdır.

14. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlama nəticəsində iddiaçıya qanunsuz hesablanmış borc məbləği silinməlidir.

15. Bununla bağlı məhkəmə izah edir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür.

16. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

17. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

18. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

19. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

20. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı kəndli fermer təsərrüfatına hesablanmış 10.468,8 manat borc **********7 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar