Məhkəmə qərarları › İş №e-2-2(113)-428/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-428/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-428/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh2 (Cavabdeh2 MMC), Qanuni nümayəndə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 73808,85 manat (yetmiş üç min səkkiz yüz səkkiz manat səksən beş qəpik) əsas borc, 7143,96 manat (yeddi min bir yüz qırx üç manat doxsan altı qəpik) faiz borcu, 6876,49 manat (altı min səkkiz yüz yetmiş altı manat qırx doqquz qəpik) cərimə borcu olmaqla, cəmi 87829,30 manat (səksən yeddi min səkkiz yüz iyirmi doqquz manat otuz qəpik) məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 353,49 manat (üç yüz əlli üç manat qırx doqquz qəpik) məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-90053717LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli, DC90053717-09 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 150000 (yüz əlli min) manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalan Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank ilə Cavabdeh1 arasında DC90053717-09 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli, DG**********766 saylı, Qanuni nümayəndə arasında DC90053717-09 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2023cü il tarixli, Z5905 saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borcalanın xx.xx.2024cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC90053717-09 saylı kredit müqaviləsinə 73808,85 manat (yetmiş üç min səkkiz yüz səkkiz manat səksən beş qəpik) əsas borc, 7143,96 manat (yeddi min bir yüz qırx üç manat doxsan altı qəpik) faiz borcu, 6876,49 manat (altı min səkkiz yüz yetmiş altı manat qırx doqquz qəpik) cərimə borcu olmaqla, cəmi 87829,30 manat (səksən yeddi min səkkiz yüz iyirmi doqquz manat otuz qəpik) təşkil edir, gecikmə günü: 352. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək, cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və maliyyələşdirmə üçün ərizə formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə maliyyələşdirmə üçün ərizə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. Bundan başqa, bank tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 353,49 manat (üç yüz əlli üç manat qırx doqquz qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada DC90053717-09 saylı kredit müqaviləsinə əsasən 63808,85 manat (altmış üç min səkkiz yüz səkkiz manat səksən beş qəpik) əsas borc, 7143,96 manat (yeddi min bir yüz qırx üç manat doxsan altı qəpik) faiz borcu, 14616,64 manat (on dörd min altı yü on altı manat altmış dörd qəpik) cərimə borcu olmaqla, cəmi 85569,45 manat (səksən beş min beş yüz altmış doqquz manat qırx beş qəpik) borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 353,49 manat (üç yüz əlli üç manat qırx doqquz qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsində və iddia tələbinin həcminin azaldılmasına dair ərizədə göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmədə izahat verərək qeyd etmişdir ki, əsas borc məbləği qəbul edir, lakin digər məbləğləri qəbul etmir və iddianın qeyd olunan hissədə təmin olunmasına etiraz etmirlər.

8. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək, iddia tələbini əsas və faiz borcunun tutulması hissəsində qəbul etdiklərini, digər hissədə isə qəbul etmədiklərini bildirdi.

9. Ümumi şərtlər toplusunun “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur. Ümumi şərtlər toplusunun “Bank hesabı” adlı hissəsinin 1.1-ci bəndində əsasən bank, müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası qanunvericiliyi, Mərkəzi Bankın normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarını həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştəri isə bunun müqabilində Bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür. Həmin hissənin 5.1ci bəndinə əsasən müştərinin hesabından vəsait bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec ya da düzgün göstərilməməsi hallarında bank müştəriyə hər ötən gün üçün cərimə ödəyir. Həmin hissənin 5.2-ci bəndinə əsasən bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud bankın xidmətlərini vaxtında ödəmədikdə müştəri banka hər ötən gün üçün cərimə ödəyir. Ümumi şərtlər toplusunun 4-cü hissəsinin 3.1-ci bəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.2-ci bəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Həmin hissənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verildiyi günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Həmin hissənin 3.5ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər müştəri tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata keçirilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.6-cı bəndinə əsasən kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müvafiq kredit müqaviləsinin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir. Həmin hissənin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Həmin hissənin 3.12-ci bəndinə əsasən müştəri tərəfindən banka ediləcək bütün ödənişlər heç bir qarşılıqlı hesablama aparılmadan, qarşılıqlı tələb təqdim edilmədən, mənbədə tutma tətbiq edilmədən həyata keçiriləcək, bu bir şərtlə ki, müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə olan təqdirdə isə müştəri tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki, ona görə bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı halda alacağı məbləğə bərabər olsun. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması üçün kredit müqaviləsində göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. Həmin hissənin 5.2-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, müqavilənin İV.2.4. yarımbəndində göstərilən şərtlər, habelə Maliyyələşdirmə üçün Ərizə əsasında müştəri üçün müəyyən olunan öhdəliklər müştəri tərəfindən pozulduqda, qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulan digər hallarda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.

10. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli razılaşmanın məzmunundan görünür ki, Cavabdeh2 MMC bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində https:/www.pashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. Müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs “ASAN Finans” sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, bank ilə müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikəri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir. Bank müqaviləyə edilən hər bir əlavə və dəyişiklik haqqında müştəriyə yazılı xəbərdarlıq göndərməklə, müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə, əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə, bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən 3 (üç) gün ərzində banka yazılı məlumat verir. Bu halda müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya bank ilə müqavilə münasibətlərinə müqaviləyə uyğun olaraq xitam verə bilər. Müştəri təsdiq edir ki, onun banka təqdim etdiyi yeganə əlaqə vasitəsi mobil telefon nömrəsidirsə və SMS məlumatlandırma xidməti üçün müvafiq mobil nömrədə kütləvi xarakterli mesajların alınmasına məhdudiyyət qoyulmuşdursa, habelə banka təqdim etdiyi əlaqə vasitələrində dəyişiklik olmuş, lakin bu barədə banka yazılı məlumat verməmişdirsə, bank əlavə və dəyişikliklər barədə məlumatın müştəriyə çatımlı olması üçün heç bir məsuliyyət daşımır. Bu halda, müştəri daim bankın rəsmi internet səhifəsindən müqavilə üzrə yenilikləri özü izləməlidir. Razılaşmada izahı verilməyən anlayışlar müqavilədə ifadə olunduğu mənanı daşıyır. Razılaşma ilə müqavilə arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq aşkar olunduğu təqdirdə isə razılaşmanın müddəalarına üstünlük verilir. Razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır. Razılaşma əsasında qəbul edilən müqaviləyə xitam verilməsi şərtləri ilə tənzimlənir.

11. xx.xx.2022-ci il tarixli, DC90053717-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 150000 (yüz əlli min) manat məbləğində avadanlıq alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir.

12. xx.xx.2024-cü il tarixli, PB/PBL-OUT-00978-2024 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri - DC90053717-09 saylı kredit müqaviləsi üzrə 73808,85 manat əsas borc, 7143,96 manat faiz borcu, 6876,49 manat cərimə borcu olmaqla, cəmi 87829,3 manat (gecikmə günü: 352 gün) təşkil edir.

13. xx.xx.2025-ci il tarixli, PB/PBL-OUT-00462-2025 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri - DC90053717-09 saylı kredit müqaviləsi üzrə 63808,85 manat əsas borc, 7143,96 manat faiz borcu, 14616,64 manat cərimə borcu olmaqla, cəmi 85569,45 manat (gecikmə günü: 651 gün) təşkil edir.

14. İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DG**********766 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında razılaşdırılmış xx.xx.2022-ci il tarixli, DC90053717-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

15. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2023-cü il tarixli, Z5905 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında razılaşdırılmış xx.xx.2022-ci il tarixli, DC90053717-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

16. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 MMC-yə pretenziya qaydasında xx.xx.2024-cü il tarixli, PB-OUT-04762-2024 nömrəli xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

17. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə pretenziya qaydasında xx.xx.2024-cü il tarixli, PB-OUT-04762-2024/1 nömrəli xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

18. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1317 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları, maliyyə arayışı və İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) Cavabdeh2 MMC banka olan borcu əsas borc üzrə 87453,99 manat, faiz borcu üzrə 14825,88 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarix) əsas borc üzrə 87453,99 manat, faiz borcu üzrə 16808,17 manat təşkil edir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

22. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli razılaşma imzalanmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli, DC90053717-09 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən müştəriyə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 150000 (yüz əlli min) manat məbləğində avadanlıq alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, DG**********766 nömrəli və Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2023-cü il tarixli, Z5905 nömrəli zaminlik müqavilələri ilə Cavabdeh1 və Qanuni nümayəndə xx.xx.2022-ci il tarixli, DC90053717-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zaminlər) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

23. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh1 birgə qaydada DC90053717-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 63808,85 manat əsas borc, 7143,96 manat faiz borcunun tutulması təşkil edir.

24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 9/1317 saylı ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini (tələbdəki məbləğlər rəydə müəyyən olunan məbləğlərdən daha az olmuşdur) nəzərə alaraq hesab edir ki, iddia tələbi DC90053717-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh1 birgə qaydada DC90053717-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 63808,85 manat (altmış üç min səkkiz yüz səkkiz manat səksən beş qəpik) əsas borc, 7143,96 manat (yeddi min yüz qırx üç manat doxsan altı qəpik) faiz borcu (tələbə uyğun) İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddiaçı əvvəlcə 73808,85 manat əsas borc, 7143,96 manat faiz borcunun cavabdehlərdən tutulmasını xahiş etmiş, daha sonra ödəniş olduğundan iddia tələbinin həcmini əsas borc hissəsində azaldaraq, 63808,85 manat əsas borc, 7143,96 manat faiz borcunun tutulmasını xahiş etmişdir.

25. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh1 birgə qaydada - DC90053717-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 14616,64 manat cərimə borcunun tutulması təşkil edir.

26. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

27. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulacaq cərimə məbləği azaldılaraq DC90053717-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3700 (üç min yeddi yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

28. İddiaçı həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 353,49 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

29. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 302,5 manat (üç yüz iki manat əlli qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

30. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 87,24 manat (səksən yeddi manat iyirmi dörd qəpik) hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada, 12,76 manat (on iki manat yetmiş altı qəpik) hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada DC90053717-09 saylı kredit müqaviləsi üzrə üzrə 63808,85 manat (altmış üç min səkkiz yüz səkkiz manat səksən beş qəpik) əsas borc, 7143,96 manat (yeddi min yüz qırx üç manat doxsan altı qəpik) faiz borcu, 3700 (üç min yeddi yüz) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 302,5 manat (üç yüz iki manat əlli qəpik) olmaqla, ümumilikdə 74955,31 manat (yetmiş dörd min doqquz yüz əlli beş manat otuz bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 87,24 manat (səksən yeddi manat iyirmi dörd qəpik) hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada, 12,76 manat (on iki manat yetmiş altı qəpik) hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar