Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4292/2022 16.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ödənilməyən 22892,56 manat əsas məbləğ və 2289,92 manat məbləğində dəbbə pulunun məhkəmə qərarı qanuni qüvvəyə minənədək və mediasiyaya ödənilən 200 manat dövlət rüsumunun, vəkil orderi üçün ödənilən 150 manat pulun, cəmi 25532,48 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixdə FP0702/20-1 nömrəli müqaviləyə əsasən, məhsulları alıcının yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında alıcının anbarına çatdırmalı, malın qiyməti qaimə-fakturaya əsasən müəyyən olunaraq, göstərilən xidmətlərin və malların dəyəri köçürmə yolu ilə 30 təqvim günü ərzində həyata keçirilməli idi. Həmçinin müqavilənin 4-cü bəndində alıcı satıcının işinin haqqını vaxtında ödəmədiyi təqdirdə, hər ötən gün üçün məbləğin 0,1%-i həcmində, lakin ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu ödəməli olduğu qeyd olunmuşdur. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq satılan məhsulların ödənişlərini etməkdən yayınır və dəfələrcə rəsmi qaydada məktubla müraciətlərinə, daha sonra rəsmi qaydada xx.xx.2022-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq etmələrinə baxmayaraq heç bir cavab verilməyib və bu günədək heç bir ödəniş olunmayıb. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixinə gecikmiş borc məbləği 22892.56 manat təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümyəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında alınacaq malların dəyərinin bir qisminin əvvəlcədən ödənilməsi razılaşdırılsa da, həmin müqavilə üzrə cavabdeh tərəfindən avans ödəniş edilməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli FP0702/20-1 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) ona məxsus olan məhsulları alıcının (cavabdeh) yazılı sifarişi və hər iki tərəfin imzaları ilə təsdiq edilmiş qaimə əsasında alıcıya təhvil verir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti qaimə-fakturaya əsasən müəyyən olunur. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı qiymət razılaşma protokoluna əsasən sifarişi verərkən 50 % avans ödənişi etməli, qalan məbləğ mal təhvil veriləndən 3 iş günü müddətində köçürülməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı satıcının işinin haqqını vaxtında ödəmədikdə, o, hər gün üçün məbləğin 0,1 %-i həcmində, lakin ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu ödəməlidir. EBBB 083957 nömrəli xx.xx.2021-ci il, EBBB 083957 nömrəli xx.xx.2021-ci il, EBBB 083987 nömrəli xx.xx.2021-ci il, EBBD 553463 nömrəli xx.xx.2021-ci il, EBAP 905359 nömrəli xx.xx.2020-ci il, EBBA 965418 nömrəli xx.xx.2021-ci il, EBBA 965336 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 965689 nömrəli xx.xx.2021-ci il, EBBA 965799 nömrəli xx.xx.2021-ci il, EBBA 966146 nömrəli xx.xx.2021-ci il, EBBB 083957 nömrəli xx.xx.2021ci il, EBBB 083987 nömrəli xx.xx.2021-ci il, EBBD 553463 nömrəli xx.xx.2021-ci il, EBAH 715929 nömrəli xx.xx.2020-ci il, EBAH 715929 nömrəli xx.xx.2020-ci il tarixlərdə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarla mallar təhvil verilmişdir. 01 may 2021-ci il tarixli 2113 nömrəli və 2149 nömrəli, 2113 nömrəli 11 iyun 2021-ci il tarixli 2859 nömrəli satış qaimələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif miqdarlarda, çeşiddə mallar verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 000İPX12110724BB nömrəli ödəniş tapşırığına əsasən 4237 manat, xx.xx.2021-ci il tarixli 000İPX12112816E9 nömrəli ödəniş tapşırığına əsasən EBBA 966146 nömrəli, EBBA 965799 nömrəli, EBBA 965418 nömrəli elektron qaimələr üzrə 5084,75 manat, xx.xx.2021-ci il tarixli 000İPX12121105BB nömrəli ödəniş tapşırığına əsasən elektron qaimə əsasında 2542,37 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən EBAH 715929 nömrəli elektron qaimə üzrə 1725,12 manat cavabdeh tərəfindən iddiaçıya ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli əməliyyat təfərrüatından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2000 manat məbləğində avans ödənişi edilmişdir. xx.xx.2022-ci il tarixli hesab üzrə çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 7584,01 manat məbləğində pul mədaxil edilmiş, balans məbləği 13405,80 manat olmuşdur. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli FP0702/20-1 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 22892,56 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 22892,56 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən hesablanmış 2289,92 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa iddia ərizəsində vəkilin göstərdiyi hüquqi yardıma görə ümumilikdə 150 manat xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli OD3 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 150 manat hüquqi xidmətə görə xidmət haqqı ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 22892,56 manat məbləğində əsas borc, 2289,92 manat dəbbə pulu, 150 manat hüquqi xidmətə görə pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 22892,56 (iyirmi iki min səkkiz yüz doxsan iki manat əlli altı qəpik) manat məbləğində əsas borc, 2289,92 (iki min iki yüz səksən doqquz manat doxsan iki qəpik) manat dəbbə pulu, 150 (bir yüz əlli) manat hüquqi xidmətə görə pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4292/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4292/2022
16.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver