Məhkəmə qərarları › İş №e-2-2(113)-4294/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4294/2024

09.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4294/2024 09.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə qarşı “istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 iştirakı ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsinə qarşı “istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 393.3 kv olan qeyriyaşayış sahəsinə dair yazılmış 7995,48 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci ildə ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 393.3 kv olan qeyri-yaşayış sahəsini almışdır. Bunu təsdiq edən Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən onun adına verilmiş xx.xx.2005-ci il tarixli 84 saylı 005628 seriyalı Mülkiyyət Hüququq Haqqında Şəhadətnaməsi vardır. Həmçinin həmin qeyri-yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş mülkiyyət hüqunu təsdiq edən sənəd – çıxarış da almışdır. Həmin ümumi sahəsi 393.3 kv olan qeyri-yaşayış sahəsini o mülkiyyətinə keçirənə qədər hamam kimi fəaliyyət göstərmişdir. Lakin 2005-ci ildə onun mülkiyyətinə keçəndən həmin qeyri-yaşayış sahəsi artıq hamam olaraq fəaliyyət göstərmir. Həmçinin həmin qeyri-yaşayış sahəsinin özünə məxsus su quyusu vardır və su üçün həmin quyudan istifadə edir. Belə ki, həmin ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 393.3 kv olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə keçənə qədər kommunal borcu avtomatik olaraq silinməli idi. Lakin cavabdeh olan "xxxx" ASC həmin borcları silməmiş və xx.xx.2008-ci ildə üzləşmə aktı tərtib edərək özəlləşdirmə zamanı silinməli olan həmin 7995,48 manat borcu ödəməyi onun öhdəsinə qoymuşdur. 2005-ci ildən 2008-ci ilə qədər "xxxx" ASC-yə dəfələrlə müraciət etsə də bir nəticəsi olmadı və borc məbləği silinmədi. Sonuncu dəfə xx.xx.2024-cü ildə cavabdehə rəsmi məktubla müraciət etmiş və cavabdehin Milli Məclisin qanununi ilə özəlləşmiş obyektin kommunal borclarının silinməsi barədə olan qanununu icra etməməsi səbəbi ilə borcun yaranmışdır. Nəticədə cavabdeh həmişəki kimi ancaq öz maraq və mənafeyini güdərək abonenti cuzi, haqsız və əsassız, günahkar oğru çıxardan müxtəlif təlimatlara istinad edərək cavab verdiyi üçün onu məhkəməyə müraciət etməkdən başqa yol görməmişdir. Həmçinin, "xxxx" ASC-nin 2005-ci ildən buügnə qədər müraciətlərə cavab verməməsinin səbəbi obyektin 75 saylı hamam kompleksi olması ilə bağlıdır. Çünki hamama əlavə və qeyri-qanuni su sərfiyyatı yazmaq onlara sərf edir. Təyinatı hamam olduğu üçün artıq obyektin hamam kimi fəaliyyət göstərib-göstərməməsi onlar üçün önəmli deyil. Bundan əlavə 2005-ci ildə həmin qeyriyaşayış sahəsini iddiaçı mülkiyyətinə keçirəndən sonra bütün kommunal ödənişlərini vaxtında edir və borcu yaranmır. Məhkəməyə müraciət etməkdə məqsədi "xxxx" ASC-nin ona qanunsuz yerə yazmış olduğu 7995,48 manat borcun silinməsi ilə bağlıdır. Çünki həmin borclar onun istifadəsi nəticəsində yaranmamışdır. Həmçinin həmin sahəni fiziki şəxs-fərdi sahibkar kimi əldə etmişdir (VÖEN **********). Bu səbəbdən də cavabdeh "xxxx" ASC-yə olan mübahisənin həll edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin müzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddiada silinməsi tələb edilən borc iddiaçının qeyri-yaşayış sahəsində sayğac quraşdırılana qədər borunun en kəsiyinə görə X4na uyğun hesablanmış borcdur. Şəxsin 7995 manat borcu vardır və 2000-ci ilin yanvarın 1-dən 2022-ci ilə qədər olan dövrü əhatə edən borcdur. Borcun hesablanmasının göstərilməsi bir gədər çətindir. Hesab fakturalar da uzun müddət saxlanılmır, ona görə də iddiaçıya həmin dövrlərdə göndərilən hesab-fakturaların məhkəməyə təqdim etmək mümkün olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. xx.xx.2005-ci il tarixli, 1106 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 75 saylı hamam İddiaçı tərəfindən alınmışdır.

7. xx.xx.2022-ci il tarixli, 080079 saylı cavabdeh tərəfindən tək tərəfliq aydada imzalanmış və möhürlənmiş üzləşmə aktına əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə qalıq borcu 7995,48 manat (2558,92 manat sudan sitifadəyə və 5436,56 manat çirkab sulara görə) müəyyən edilmişdir.

8. İddiaçıya məxsus abonen saldosundan göründüyü kimi 2022-ci ilin yanvar ayına 7995,48 manat qalıq borcu olduğu qeyd olunmuşdur.

9. Cavabdeh tərəfndən iddiaçıya göndərilmiş ********* saylı xx.xx.2022-ci il tarixli hesab-fakturada 2022-ci ilin sentyabr ayında istifadə olunmuş su və kanalizasiya xidmətlərinə görə borc 25 manat göstərilmiş və qeyd hissəsində də xx.xx.2022-ci il tarixə qalıq borcun 7995,48 manat təşkil etdiyi göstərilmişdir.

10. "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”na əsasən aparılır. “X4”nın 7.4 və 7.5-ci bəndlərinə əsasən su təchizatı və kanalizasiya sisteminə qoşulmuş istehlakçıların istifadə etdiyi suyun həcmi su təchizatı xəttində quraşdırılmış suölçəncihaz (su sayğacı və ya sənaye sərfölçəni) vasitəsilə ölçülür. Suölçən cihaz olmadıqda isə suyun həcmi əhali istehlakçıları üçün Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən nəzərdə tutulmuş qaydada, qeyri- əhali istehlakçıları üçün isə sayğac quraşdırılanadək su təchizatı xəttinin qoşulma nöqtəsində və yaxud obyektə giriş hissəsində iç diametrindən (suburaxma qabliyyətindən və ya “N” kəsiyindən) aslı olaraq normativ qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Həmçinin əvvəlcədən sayğacı olmayan və boru diametrindən aslı olaraq normativ hesabat aparılan qeyri-əhali abonentlərində sayğac quraşdırılanadək su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən aylıq istifadə norması “X4”nın 4 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir. "xxxx" ASC ilə F/Ş İddiaçı adına “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanaraq 080079 saylı abonent kodu açılmışdır. Sözügedən obyektin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı sayğac quraşdırılana qədər normativə müvafiq olaraq borunun en kəsiyinə uyğun aparılmışdır. Hazırda qeyd olunan abonentin hesabında 8132,48 manat su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənilməmiş debitor borcu yaranmışdır. Mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar arasında Mülki Məcəllədə qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. Lakin, F/Ş İddiaçı ilə “Azərsu" ASC arasında istifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablar təqdim olunmuş və ödənişlər qismən aparılmışdır. Eyni zamanda “X4”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borcların su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödənilə bilərz.

11. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

12. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2005-ci il tarixli, 11006 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 75 saylı hamam X3 tərəfindən alınmış, xx.xx.2022-ci il tarixli, 080079 saylı cavabdeh tərəfindən tək tərəfliq aydada imzalanmış və möhürlənmiş üzləşmə aktına əsasən iddiaçı xx.xx.2022-ci il tarixinə qalıq borcu 7995,48 manat (2558,92 manat sudan sitifadəyə və 5436,56 manat çirkab sulara görə) müəyyən edilmiş və iddiaçıya məxsus abonen saldosundan göründüyü kimi 2022-ci ilin yanvar ayına 7995,48 manat qalıq borcu olduğu qeyd olunmuşdur. Cavabdeh tərəf həmin borcun iddiaçının qeyri-yaşayış sahəsində sayğac quraşdırılana qədər borunun en kəsiyinə müvafiq qaydada hesablandığını bildirir. İddiaçı hal-hazırda 7995,48 manat məbləğində hesablanmış borcun silinməsini məhkəmə qaydasında mübahisələndirmişdir.

14. Məhkəmə əvvəla qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

15. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.

16. İşdən göründüyü kimi cavabdeh məhkəmə tərəfindən dəfələrcə şərait yaradılmasına baxmayaraq borcun hansı formada hesablanmasını təsdiq edən sübutları, borcun yaranma dövrünü əhatə edən hesab-fakturaları məhkəməyə təqdim etməmişdir.

17. Qeyd olunanlardan göründüyü kimi cavabdeh qurum yaranmış borcun hansı formada və borcun yaranma əsasını təşkil edən dəlilləri məhkəməyə təqdim etməmiş və iddiaçının irəli sürdüyü faktlara qarşı hər hansı əsaslı əks arqument gətirməmişdir.

18. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

V. Nəticə:

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsi ("xxxx" ASC) tərəfindən İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə hesablanmış cəmi 7995,48 manat məbləğində borc abunə hesabından (müqavilə/kod – 19160060, 080079) silinsin. Dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi şəxsindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar