Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4297/2024 02.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 2993,54 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (“icarəyə verən”) və cavabdeh (“icarəçi”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24/2022 nömrəli qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə əsasən, iddiaçı (“icarəyə verən”) ünvan 1 ünvanındakı qeyriyaşayış binasının 1-ci mərtəbəsinin 152 kv.m hissəsini hissəsini 11 ay müddətinə aylıq 1600 manat icarə haqqı olmaqla cavabdehə (“icarəçi”yə) icarəyə vermişdir. Müqavilənin 4.1.4-cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımı qaydada icra olunmasını tələb etmək “icarəyə verən”in hüququdur. Müqavilənin 4.4.3-cü bəndinə əsasən icarə haqqını müqavilənin 5-ci bəndi ilə müəyyən olunmuş qaydada və şərtlərlə icarəyə verənə ödəmək icarəçinin vəzifəsidir. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə üzrə aylıq icarə haqqı 1600 manat təşkil edir. İcarə haqqı hər ayın ilk 5 günü ərzində əvvəlcədən ödənilir. Müqavilənin 7.2-ci bəndinə əsasən, “İcarəçi” müqavilənin 5.1-ci bəndi ilə müəyyənləşdirilmiş icarə haqqının ödənilməsini gecikdirdikdə, “İcarəçi” “İcarəyə verən”in tələbi ilə hər ötən gün üçün icarə haqqının 0,1%, bu müddət 15 gündən çox olduqda isə icarə haqqının 1%-i məbləğində cərimə ödəyir. Cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa və, iddiaçı tərəfindən cavabdehə aylıq icarə haqqı ilə bağlı göndərilmiş elektron qaimələr üzrə ödənilməli olan ümumi icarə haqqı borcu xx.xx.2024-cü il tarixə 2993,54 manat təşkil edir. İddiaçı MMC tərəfindən cavabdeh X4 göndərilmiş pretenziya məktublarında icarə haqqının ödənilməsi tələb edilmişdir. xx.xx.2022-ci il tarixli 24/2022 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini iddiaçı tam icra etmiş, icarə obyekti cavabdehin sahiblik və istifadəsinə vermiş, lakin cavabdeh (“icarəçi”) öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməmiş, yaranmış icarə haqqı borcunu ödəməmişdir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24/2022 saylı qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən:
9. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə obyekti ünvan 2 ünvanında yerləşən, icarəyə verən tam mülkiyyət hüquqi üzrə məxsus biznez mərkəzi qeyri-yaşayış binasının 1ci mərtəbəsinin 152 kv.m. olan hissəsidir.
10. Müqavilənin 2.2-ci maddəsinə əsasən icarə obyekti icarəçi tərəfində ictimai icaşə məqsədilə istifadə olunacaqdır.
11. Müqavilənin 3.1-c bəndinə əsasən icarə obeykti müqavilə imzalandıqdan sonra 1 gün ərzində tərəflərin imzası və möhürü ilə təsdiq olunmuş təhvil-aktı əsasında icarəyə verən tərəfindən icarəçiyə təhvil verilir.
12. Müqavilənin 4.1.4-cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımı qaydada icra olunmasını tələb etmək “icarəyə verən”in hüququdur.
13. Müqavilənin 4.4.3-cü bəndinə əsasən icarə haqqını müqavilənin 5-ci bəndi ilə müəyyən olunmuş qaydada və şərtlərlə icarəyə verənə ödəmək icarəçinin vəzifəsidir.
14. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə aylıq icarə haqqı 1600 manat təşkil edir. İcarə haqqı hər ayın ilk 5 günü ərzində əvvəlcədən ödənilir.
15. Müqavilənin 7.2-ci bəndinə əsasən, “İcarəçi” müqavilənin 5.1-ci bəndi ilə müəyyənləşdirilmiş icarə haqqının ödənilməsini gecikdirdikdə, “İcarəçi” “İcarəyə verən”in tələbi ilə hər ötən gün üçün icarə haqqının 0,1%, bu müddət 15 gündən çox olduqda isə icarə haqqının 1%-i məbləğində cərimə ödəyir.
16. xx.xx.2022-ci il tarixli qeyri-yaşayış sahəsinin təhvil verilməsi haqqında akta əsasən xx.xx.2022-ci il tarixli, 24/2022 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən, icarəyə verən tam mülkiyyət hüquqi üzrə məxsus biznez mərkəzi qeyri-yaşayış binasının 1-ci mərtəbəsinin 152 kv.m. hissəsi icarəçiyə təhvil verilmiş və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
17. İddiaçı MMC tərəfindən Cavabdeh icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli EBCM110827 saylı e-qaimə ilə 1180,97 manat icarə haqqına dair və xx.xx.2023-cü il tarixli EBCM420300 saylı e-qaimə ilə 1355,93 manat icarə haqqına dair elektron qaimələr göndərilmişdir.
18. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlanı dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
19. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
21. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, 24/2022 nömrəli qeyriyaşayış sahəsinin icarə müqaviləsinə əsasən, iddiaçı (“icarəyə verən”) ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının 1-ci mərtəbəsinin 152 kv.m hissəsini hissəsini 11 ay müddətinə aylıq 1600 manat icarə haqqı olmaqla cavabdehə (“icarəçi”yə) icarəyə vermiş və hal-hazırda iddiaçı həmin müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş etmişdir.
22. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı və hüquqi əsaslandırma da qanunvericilikdə həmin müqavilə üçün nəzərdə tutulmuş normaların qarşılıqlı təhlili əsasında aparılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
24. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;
25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
26. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
27. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;
28. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
29. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
30. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Qeyd olunanlardan və işdə olan e-qaimələrdən də göründüyü kimi cavabdeh müqavilə üzrə ödənilməli olan icarə haqqı borcunu tam ödəməmiş və həmin borcun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf isə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və hazırkı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olmuşdur.
32. Bundan başqa məhkəmə hazırkı iş üzrə təqdim edilmiş e-qaimələrlə bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir.
33. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
35. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
36. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
37. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
38. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
39. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
40. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə qeyri-yaşayış sahəsi icarəyə verilməmiş olseydı cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətlərin qəbul edilməsi (qeyri-yaşayış sahəsinin icarəçi kimi istifadə etməsi) mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
42. Hazırki işdə, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər elektron-qaimə fakturanın təqdim edilməsi vasitəsi ilə borcun ödənilməsi şəklində formalaşdığından məhkəmə iddiaçının müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin icra edildiyi qənaətinə gəlmişdir.
43. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 2993,54 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən cəmi 2993,54 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
44. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 49,94 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş məbləğə münasibətdə 49,94 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən 2993,54 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 49,94 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova