Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-431/2025 15.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə Cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 25588.54 manat məbləğində əsas borcun, 4896.22 manat məbləğində faiz borcunun, 843.56 manat məbləğində cərimə borcunun, cəmi 31328.32 manat borcun və 185 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Borclu Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icrа еtməlidirlər.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh2 (müştəri) və zaminlər (Cavabdeh1, Cavabdeh3, Cavabdeh4) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/35972/88/26 saylı Kredit sazişi müqaviləsinə əsasən:
8. 1.Müqavilə üzrə əsas öhdəlik
9. Cavabdeh2 30000 manat məbləğində, 36 ay müddətinə, 24%-illik əsas vəsaitlərin alınması üçün kredit məlbəği ayrılır.
10. 3.Zaminlik
11. Kredit müqaviləsi üzrə müştərinin öhdəliyi zaminliklə təmin olunur. Zaminlərin rekvizitləri 5-ci bölmədə qeyd edilmişdir.
12. 4.Digər şərtlər
13. Xidmət şərtlərinin 7.1.9 -cu bəndi aşağıdakı redaksiyada qəbul edilsin:
14. Müştəri Müqavilə üzrə ödənişlərini vaxtında və lazımınca icra etmədikdə Müştərinin və/və ya Zaminin sərəncamı olmadan birtərəfli qaydada müştərinin və/və ya zaminin Bankdakı hesab(lar)ından müvafiq həcmdə vəsaiti silir.
15. Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflərin arasında Müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə (bundan sonra “Xidmət şərtləri” və ya “Şərtlər” adlandırılacaq) müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur.
16. Tərəflər bu sazişdə Şərtlərdən fərqlənən, onu tamamlayan və konkretləşdirən, ayrı-ayrı şərtlərin tətbiqini istisna edən şərtlər barədə razılığa gələ bilərlər. Tərəflərin bilavasitə bu Saziş ilə razılaşdırdıqları şərtlərə Şərtlərə nisbətən üstünlük verilir.
17. Bank of Baku ASC-nin xx.xx.2014-cü ildə təsdiq edilmiş müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 6.12-ci maddəsinə əsasən Zamin, Müqavilədən irəli gələn pul öhdəlikləri Müştəri tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında Müştəri ilə birlikdə birgə məsuliyyət daşıyır.
18. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh2 hesabına İddiaçı ASC tərəfindən 29999 manat məbləğində köçürmə edilmişdir.
19. xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 25588,54 manat əsas, 4896,22 manat faiz və 843,56 manat məbləğində cərimə borcu vardır.
20. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla borcun ödənilməsi və müqavilənin ləğvinə dair birinci bildirişin cavabdehə çatdırıldığı xx.xx.2024-cü il tarixə və maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil edilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/7993 saylı rəyində Cavabdeh2 xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka olan əsas və faiz borcu 41807,01 manat məbləğində və xx.xx.2023-cü il tarixə banka olan əsas borc üzrə 24774,50 manat və faiz borcu üzrə 391437 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 24774,50 manat, faiz borcu üzrə 4740,19 manat olduğu müəyyən edilmişdir.
21. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir və Kredit müqaviləsi üzrə müştərinin öhdəliyi zaminliklə təmin olunmuşdur.
23. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh2 mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.
24. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
29. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
30. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
31. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
34. Cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
35. İlk olaraq məhkəmə yaranmış əsas və müqavilə üzrə faiz borc məbləğinin hansı tarixə əsasən müəyyən edilərək tələb edilməsinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.
36. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
37. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə ilkin olaraq xx.xx.2024-cü il tarixli kredit müqaviləsinn ləğvinə və borcun ödənilməsinə dair bildiriş məkubu xx.xx.2024-cü il tarixində çatdırılmışdır. Və həmin məktubda müqaviləyə xitam verildiyi bildirilmiş və bütün borcun ödənişi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman yuxarıda qeyd olunan AR KM Plennum Qərarına əsasən iradə ifadəsini tam formalaşdırıb irəli sürərək, artıq bütün borcu (əsas və müqavilə üzrə faiz) tələb etdiyi üçün hazırki iş üzrə maliyyə arayışında göstərilən tarixə deyil, birinci pretenziya məktubunun çatdırıldığı xx.xx.2024-cü il tarixə mövcüd borc cavabdehlərdən tutulmalıdır.
38. Məhkəmə hesab edir ki, qeyd edilən tarixə ekspert rəyində göstərilən məbləğlər əsas götürülərək cavabdehlərdən birgə qaydada 24774,50 manat əsas borc məbləği, 3914,37 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
39. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə müqavilə üzrə 843,56 manat məbləğində hesablanmış dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
40. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
41. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
42. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə pulu tənasübsüz surətdə yüksək olmadığından 843,56 manat məbləğində məbləğində müəyyən edilməli və cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
43. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 185 manat məbləğində dölvət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
44. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 179 manat məbləğində dövlət rüsumu və 100 manat ekspertiza xərci müştərək qaydada cavabdehlərdən tutulmalıdır.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada 24.774,50 manat əsas borc məbləği, 3.914,37 manat faiz borcu, 843,56 manat dəbbə pulu və dövət rüsumunun əvəzi olaraq 179 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova