Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4310/2023 01.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4.788,32 manat məbləğində borcun, nümayəndəyə göstərilən hüquqi yardıma görə 500 manat məbləğində xərcin və mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən 2.425 manat 72 qəpik məbləğində borcun, nümayəndəyə göstərilən hüquqi yardıma görə 500 manat məbləğində xərcin və 65 manat mediasiya xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 11 yanvar 2019-cu il tarixdə 110119/1 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan avadanlıqlar almış, həmçinin müxtəlif aylarda iddiaçı tərəfindən cavabdehdə olan avadanlıqlara texniki xidmətlər göstərilmişdir. Bu fakt elektron qaimələr və təhvil-təslim aktları ilə öz təsdiqini tapmışdır. Həmin elektron qaimələrə əsasən halhazırda cavabdehin iddiaçıya olan borcu ƏDV ilə birlikdə 4.788 manat 32 qəpik təşkil edir. Bununla bağlı olaraq Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Lakin, cavabdeh mediasiya sessiyasındaiştirak etməmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023cü il tarixli MŞB/6/2023-0051 saylı Arayış verilmişdir. Bildirmək istərdik ki, iddiaçı yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməsinə baxmayaraq bu günə kimi 4.788 manat 32 qəpik təşkil məbləğində borc cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Buna görə də, cavabdehdən iddiaçının xeyrinə 4.788 manat 32 qəpik borcun tutulması barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən iddiaçıya ƏDV ilə birlikdə 2.360 manat ödəniş edilmişdir. Belə olan halda iddia tələbinin dəqiqləşdirilməsi zəruriyyəti yaranmışdır.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini əsas borc hissəsində qəbul etdiyini bildirib məhkəmə xərclərinin onlara aid edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tələb edilən borcun yarısı tərəflərindən ödənilmiş, qalan hissəsi isə yaxın günlərdə ödəniləcəkdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə cavabdeh arasında bağlanmış 11 yanvar 2019-cu il tarixli 110119/1 nömrəli müqavilədən görünür ki, satıcı alıcı tərəfindən ona təqdim olunmuş alış sifarişində göstərilmiş informasiya Texnologiyaları məhsulların satışını və təmirini təmin edir, alıcı isə həmin malları, iş və xidmətləri qəbul edərək əvəzində malların, iş və xidmətlərin qiymətlərin razılaşdırılması haqqında protokolda göstərilən dəyərinin ödənilməsini öz öhdəsinə götürür.
8. Müqavilənin 3.1-ci bəndinə əsasən malların, göstərilə iş və xidmətlərin vahidinin qiyməti ƏDV-nin qanunvericiliklə müəyyən edilmiş faiz dərəcəsi daxil olmaqla protokola əsasən müəyyən olunur.
9. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı malın dəyərinin qaimə-faktura üzrə qəbul etdiyi malların, işlərin və ya xidmətlərin dəyərini malın, iş və xidmətin təhvil-təslimi sonra köçürmə yolu ilə 10 gün ərzində satıcının bankda olan hesablaşma hesabına ödənilməsini təmin etməlidir.
10. İddiaçı tərəfindən cavabdehə EAAY 796725 nömrəli xx.xx.2019-cu il tarixli, EAAZ 136192 nömrəli xx.xx.2019-cu il tarixli, EAAZ 685531 nömrəli xx.xx.2019-cu il tarixli, EBAC 618633 nömrəli xx.xx.2019-cu il tarixli, EAAP 160919 nömrəli xx.xx.2019-cu il tarixli, EAAQ 632972 nömrəli xx.xx.2019-cu il tarixli, EAAQ 693784 nömrəli xx.xx.2019-cu il tarixli, EAAT 132820 nömrəli xx.xx.2019-cu il tarixli, EAAT 495973 nömrəli xx.xx.2019-cu il tarixli, EAAU 865101 nömrəli xx.xx.2019-cu il tarixli, EAAW 715016 nömrəli xx.xx.2019cu il tarixli, EAAX 185307 nömrəli xx.xx.2019-cu il tarixli, EAAY 796725 nömrəli xx.xx.2019-cu il tarixli, EAAZ 136192 nömrəli xx.xx.2019-cu il tarixli, EAAZ 685531 nömrəli xx.xx.2019-cu il tarixli, EBAC 618633 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimələr göndərilmişdir.
11. İddiaçı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 01387-S nömrəli hesab ilə cavabdehə ümumilikdə ƏDV daxil 2407,20 manat, xx.xx.2019-cu il tarixli 01442-S nömrəli hesab ilə 501,50 manat, xx.xx.2019-cu il tarixli 01515-S nömrəli hesab ilə 1000,99 manat, xx.xx.2019-cu il tarixli 02029-S nömrəli hesab ilə 878,63 manat məbləğində mal verilmişdir.
12. İddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, 02 iyun 2023-cü il tarixə cavabdehin iddiaçıya olan borcun məbləği 4788,32 manat təşkil edir.
13. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub uçot hesabına xx.xx.2019-cu il tarixdə 657,90 manat, xx.xx.2021-ci il tarixdə 720 manat ödənilmişdir.
14. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü ildə 2000 manat əsas borc, xx.xx.2023-cü ildə 360 manat ƏDV ödənilmişdir.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 11 yanvar 2019-cu il tarixli 110119/1 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2425,72 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Bundan əlavə, iddia ərizəsində həmçinin tərəflər arasında yaranmış hazırkı mübahisənin hüquqi həlli istiqamətində iddiaçı tərəfindən çəkilmiş 500 manat hüquqi yardım xərcinin ödənilməsi tələbi də göstərilmişdir.
29. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədinə əsasən iddiaçı tərəfindən “Kermur” Vəkil Bürosunun hesabına 500 manat vəsait ödənilmişdir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
31. Məhkəmə cavabdehdən tutulacaq hüquqi yardım xərcini 250 manat hissədə ağlabatan hesab edir, hüquqi yardımla bağlı çəkilmiş xərcin qalan 250 manat hissəsini iddiaçıya aid edir.
32. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2425,72 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2425,72 manat məbləğində pul, ödənilmiş 60 manat dövlət rüsumu, 250 manat hüquqi yardımla bağlı xərc, ümumilikdə 2735,72 (iki min yeddi yüz otuz beş manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova