Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4310/2024 04.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X3 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İdddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35,420.46 manat məbləğində əsas bоrc və 2,266.31 manat faiz borcu оlmaqla, cəmi 37,686.77 manat borcun və 203.06 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 26 noyabr 2021 il tariхli, 103901-607915/3 nömrəli istehlak krеditimüqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 15% dərəcəsi ilə 100,000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 27 may 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 35,420.46 manat məbləğində əsas bоrc və 2,266.31 manat faiz borcu оlmaqla, cəmi 37,686.77 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddia ərizəsində göstərilən əsas və faiz borcunu yazılı ərizə təqdim edərək qəbul etdi və iddia ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirdi.Sonuncu məhkəmə baxış iclası ilə bağlı cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı ASC (bank) ilə Cavabdeh (müştəri) arasında 26 noyabr 2021 il tariхli, 103901- 607915/3 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 15% dərəcəsi ilə 100,000.00 (Bir yüz min) manat məbləğində krеdit vеrilmişdir. Həmin müqavilənin: - 1.3-cü bəndinə əsasən kredit Dövriyyə vəsaitinin artırılması məqsədləri üçün Borclunun Bakı şəhəri,Yasamal rayonu, X2 128A ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin (bundan sonra - layihə) maliyyələşdirilməsinə verilir. - 2.1-ci bəndinə əsasən kredit üzrə əsas borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli (bu müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla tərtib edilmiş) əsasında ödənilir. - 6.1-ci bəndinə əsasən Borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5 faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. Müqavilə bankın imzası və möhürü, və borc alanın imzası ilə təsdiq edilmişdir.
9. İddiaçı tərəfindən verilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 100 000 manat, faizin məbləği 24795,25 manat, cəmi ödəniləcək məbləğ 124795,25 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli borc alan və bank tərəfindən imzalanmışdır.
10. 27.05.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Bank ilə bağlanmış 26 noyabr 2021 il tarixli 103901-607915/3 nömrəli Kredit müqaviləsinə əsasən 15 faiz dərəcəsilə, 36 ay müddətinə 100000 manat məbləğində kredit götürmüşdür.Belə ki, 27 may 2024-cü il tarixə Borcalanın Banka 35420.46 manat əsas borc və 2266.31 manat faiz borcu olmaqla, cəmi 37686.77 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 122 gün təşkil edir.
11. İddiaçı ASC tərəfindən Cavabdeh pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
V. Tətbiq edilən hüquq:
12. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
14. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
1. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
2. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
VI. Məhkəmənin mövqeyi:
3. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
4. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 6 noyabr 2021 il tariхli, 103901-607915/3 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 100 000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
5. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim etmiş və ərizəsində həmin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 37686,77 manat məbləğində borcunun olmasını faktını etiraf etmişdir.
6. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6 noyabr 2021 il tariхli, 103901-607915/3 nömrəli kredit müqaviləsi üzrə 35420,46 manat əsas və 2266,31 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
8. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 203,06 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
9. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 203,06 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh krеdit müqaviləsi üzrə 35420,46 manat (otuz beş min dörd iyirmi manat qırx altı qəpik) məbləğində krеdit bоrcu, 2266,31 manat (iki min iki yüz altmış altı manat otuz bir qəpik) məbləğində faiz bоrcu olmaqla,cəmi 37686,77 manat (otuz yeddi min altı yüz səksən altı manat yetmiş yeddi qəpik) məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 203,06 manat pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova