Məhkəmə qərarları › İş №e-2-2(113)-4315/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4315/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4315/2023 10.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul” barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh onun "xxxx" MMC-nə ödənilməmiş 72747 manat borcun və mediasiya sessiyasında ödənilmiş 410 manat pul məbləğinin, cəmi 73157 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 09 oktyabr 2023-cü il tarixində elektron qaydada məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, kredit müqaviləsində qeyd edilən rekvizitlərdən və borc alanın məlumatlarından da göründüyü kimi o, fiziki şəxs olaraq müqavilə üzrə çıxış edib. Hər hansısa VÖEN və ya digər formada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı ilə bağlı müqavilədə müddəa, bənd və qeyd yoxdur. İddiaçı tərəfindən Mülki Prosessual Məcəllənin tələbləri pozularaq Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Halbuki sözügedən iş hər hansısa kommersiya fəaliyyəti ilə əlaqəli deyil. İddiaçı tərəfindən Mülki Məhkəmədə baxılmalı olan iş üzrə qeyri müəyyən səbəblərə görə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Hazırda hesab edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalı və ya aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən aydın olur ki, iddiaçı "xxxx" MMC hüquqi şəxsdir və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsi deyil, mülki məsələdir. Cavabdeh qismində Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan VÖEN:********** - aktiv vöeni isə kredit müqaviləsindən bir neçə ay sonra, tamamilə başqa bir fəaliyyət sahəsi üzrə qeydiyyatdan keçmişdir və bu məsələyə heç bir aidiyyəti yoxdur. Yəni ki, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsi deyil. Odur ki, iddiaçı məhkəməyə müraciət edərkən Mülki Məhkəməyə deyil, Kommersiya Məhkəməsinə təqdim etmişdir. Qeyd edilənlərə əsasən e-2-2(113)-4315/2023 saylı iş üzrə iddianın aidiyyət qaydalarına yol verilməməklə təqdim edilməsi səbəbilə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 vəsatətin təmin olunmasına etiraz etmədi. Əlavə olaraq bildirdi ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilə bağlanmamışdan əvvəl sahibkar kimi deyil, fiziki şəxs olaraq borc verilmişdir. Lakin həmin borc qaytarılmadığı üçün tərəflər arasında xx.xx.2022-ci il tarixində müqavilə bağlanaraq borc məbləği rəsimləşdirilmişdir. Bakı Kommersiaya Məhkəməsinə müraciət etməzdən əvvəl Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdilər, lakin cavabdehin hazırda VÖEN-i olduğu üçün ərizə qeri qaytarılmışdır. Borc fiziki şəxsə verildiyi üçün hazırki işə Binəqədi Rayon Məhkəməsində baxılmasının daha düzgün olmasını hesab edirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh VÖENnin verilmə tarixi 29 dekabr 2022-ci il olaraq qeyd edilmişdir. İş materiallarından isə görünür ki, hazırkı mübahisə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gəlir. Müqavilənin tərəfi olan Cavabdeh kredit müqaviləsi bağlanan zaman fərdi sahibkar statusuna sahib olmamış, yalnız 29 dekabr 2022-ci il tarixində VÖEN-ni əldə etmişdir. Eyni zamanda sözügedən kredit müqaviləsinin məzmunundan isə müqavilənin sahibkarlıq məqsədilə ilə bağlanması da müəyyən edilmir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11-ci bəndinə görə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndinə görə Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə, baxmayaraq ki, iddia ərizəsi məhkəməyə verilərkən cavabdehin VÖEN-ni mövcüd olmuşdur, lakin, göründüyü kimi hazırkı iş üzrə mübahisə iddiaçı "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə bağlı olsa da, hazırki müqavilə münasibətləri cavabdehin fərdi sahibkar kimi fəaliyyətlərindən irəli gəlmir (müqavilə bağlanarkən cavabdehin VÖEN-i olmayıb, verilən borcun təyinatı qismində də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün götürülməsi müqavilə ilə müəyyən olunmur). Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmadığından işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, iş üzrə Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32.3, 32.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar