Məhkəmə qərarları › İş №e-2-2(113)-4318/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4318/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4318/2022 21.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (bundan sonra – cavabdehlər) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 021R********** saylı krеdit razılaşması üzrə 958.25 manat məbləğində krеdit bоrcu, 73.52 manat məbləğində faiz bоrcu və 131.28 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1163,05 manat məbləğində bоrcun, ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2019cu il tarixli 021L**********01 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 2041.75 manat ödəmiş, onun 958.25 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 137 gün üçün hesablanmış faiz borcu 73.52 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 137 gün üçün hеsablanmış cərimə 131.28 manat təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə hazırkı kredit razılaşması üzrə 99 manat ödəniş edilmiş, hazırda əsas borc 859,25 manat, faiz borcu 60.88 manat, cərimə borcu 75,60 manat, ümumilikdə 995,73 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (bank) ilə Cavabdeh4 (kredit alan) arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli 021L**********01 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 200.000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 18 oktyabr 2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 3000 manat olan krediti aylıq faiz dərəcəsinin 2,0833 % olmaqla 18 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Kredit fərdi mokro kredit məqsədi ilə verilmişdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməyə borcludur. İddiaçı (bank) ilə Cavabdeh3 (zamin) və Cavabdeh4 (borclu) arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli 021S**********03 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı (bank) ilə Cavabdeh1 (zamin) və Cavabdeh4 (borclu) arasında bağlanmış 07 avqust 2020-ci il tarixli 021S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı (bank) ilə Cavabdeh2 (zamin) və Cavabdeh4 (borclu) arasında bağlanmış 07 avqust 2020-ci il tarixli 021S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Tərəflərin imzalatı ilə təsdiq edilmiş ödəniş planında Cavabdeh4 tərəfindən aylar üzrə ödənilməli olan kredit məbləğləri öz əksini tapmışdır. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 29 iyul 2021-ci il tarixli 021R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən bank ilə kredit alan arasında 18 oktyabr 2019-cu il tarixli 021L**********01 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 07 avqust 2020-ci il tarixdə bağlanmış 021R********** kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 29 iyul 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Tərəflərin imzalatı ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ödəniş planında Cavabdeh4 tərəfindən aylar üzrə ödənilməli olan kredit məbləğləri öz əksini tapmışdır. İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kreditin verilməsi barədə çıxarışdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh4 hesabına 3000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı Cavabdeh4 ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış 1136,99 manat borcun xx.xx.2022-ci il tarixədək ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh4 xx.xx.2020-ci il tarixli kredit razılaşmasına əsasən borcu xx.xx.2022-ci il tarixə əsas borc məbləği 859,25 manat, faiz borcu üzrə 60,88 manat, cərimə borcu üzrə 75,60 manat, cəmi 995,73 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh4 tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 99 manat ödəniş edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, materiallardan görünür ki, iddia ərizəsi Məhkəməyə daxil olduqdan sonra cavabdehlər tərəfindən kredit razılaşması üzrə ödəniş edilmiş, hazırda iddiaçıya ödənilməli olan əsas borcun məbləği 859,25 manat, faiz borcu üzrə 60,88 manat təşkil edir. Göstərilən xüsusat məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 131.28 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 40 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya əsas borc üzrə 859,25 manat, faiz borcuna görə 60,88 manat, cərimə borcu kimi 40 manat, cəmi 960,13 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 859,25 manat, faiz borcuna görə 60,88 manat, cərimə borcu kimi 40 manat, cəmi 960,13 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 70 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Böyükağa qızı, Cavabdeh4 müştərək qaydada 859,25 (səkkiz yüz əlli doqquz manat iyirmi beş qəpik) manat əsas borc, 60,88 (altmış manat səksən səkkiz qəpik) manat faiz borcu, 40 (qırx) manat cərimə borcu olmaqla, cəmi 960,13 (doqquz yüz altmış manat on üç qəpik) manat məbləğində pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar