Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4319/2025 30.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə Cavabdeh2 (bundan sonra – kredit alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli ACAM2-10243-2983 saylı kredit müqaviləsi bağlanmış müqavilənin predmetinə əsasən kredit verən bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək və təminatlılıq əsasında 24 ay müddətinə, illik 22% dərəcəsi ilə 20000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Müqavilənin: 1.1. 1.2-ci bəndinə əsasən, Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir; 1.2. 1.3-cü bəndinə əsasən, Kredit borcalana mkr də olan VTB bank 6634 manat, VTB bank 1144 manat, cari (ACAM2-10243-1584) saylı kreditlərin bağlanması və biznes – dövriyyə vəsaitləri məqsədi ilə verilir; 1.3. 2.1-ci bənsinə əsasən, kreditin istifadəsinə görə borcalan illik 22% ödəyir. Əsas borcun üzərinə gecikdirilən günlər üçün də faiz hesablanır. Kredit müqaviləsində göstərilən faizlər kredit müddəti bitdikdən sonra da hesablanır, bir şərtlə ki, kredit öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməsin; 1.4. 4.3-cü bəndinə əsasən, borcalan kreditin əsas və ya faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1% miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər.
2. İş materiallarına əlavə edilmiş ödəniş qrafikinə əsasən, xx.xx.2024-xx.xx.2026-cı il dövrü ərzində qeyd edilən müqavilə üzrə aylıq ödənişin məbləği 1038 manat müəyyən edilmişdir.
3. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli ACAM2-10243-2983 saylı kredit müqaviləsinə əsasən kreditin verilməsi təyinatı üzrə 20000 manat pul məbləği cavabdehin bank hesabına köçürülmüşdür.
4. Bundan başqa, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli, ACAM2-10243-2983+ACAM2-10325 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamiblik müqaviləsi borc alanın xx.xx.2024-cü il tarixli ACAM2-10243-2983 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icrası üçün zamin və borclunun kreditor qarşısında birgə məsuliyyətinin əsaslaırını müəyyən edir. Zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmayan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.1-ci bəndləri).
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 12707,58 manat əsas, 1584,21 manat faiz, 495,22 manat dəbbə borcu olmaqla, cəmi 14787,01 manat kredit borcunun və ödənilmiş 135 manat dövlət rüsumunun onun xeyirnə tutulması barədə (sonradan dəqiqləşdirməklə) idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə kredit alan arasında bağlanmış 13 fevral 2024-cü il tarixli ACAM2-10243-2983 saylı Kredit müqaviləsinə əsasən ikinciyə 22% faizlə 24 ay müddətinə 20 000 manat məbləğində kredit VTB bank ASC-də və TBC Kredit BOKT MMC-də olan kreditlərin qaytarılmasının və biznes üzrə dövriyyə vəsaitlərinin alınmasının maliyyələşdirilməsi məqsədilə verilmiş və kreditin aylıq 1038 manat olmaqla qaytarılması müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə digər cavabdehlər arasında fevral 2024-cü il tarixli ACAM2-10243-2983 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə müraciət edildikdən indiyədək cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir və 07 iyul 2025-ci il tarixinə 12 707,58 əsas borc, 1 584,21 manat faiz borcu və 4 956,09 manat dəbbə borcu olmaqla, cəmi 19 247,88 manat məbləğində borcu yaranmış və ödənilməmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
7. Cavabdehlərin iddiaya qarşı etirazları məhkəməyə təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin olunmasını xahiş etdi.
9. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
18. Maddə 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Maddə 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
20. Maddə 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
28. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə kredit alan arasında bağlanmış xx.xx.2024-cü il tarixli ACAM2-10243-2983 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 20000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edir.
30. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli ACAM2-10243-2983 saylı kredit müqaviləsi üzrə borc alan tərəfindən ümumilikdə 10380,55 manat (7292,42 manat əsas borca + 3088,13 manat faiz borcuna görə) məbləğində ödəniş edilmiş, bundan sonra borc alanın xx.xx.2025-ci il tarixə qalan borcu 12707,58 manat əsas, 1071,66 manat faiz, 2052,35 manat dəbbə pulu olmaqla, cəmi 15831,59 manat təşkil etmişdir.
31. Həmçinin, iddiaçı tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, sözü gedən kredit müqaviləsi üzrə borc alan xx.xx.2024-cü il tarixdən sonra heç bir ödəniş etməmişdir.
32. Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
33. Lakin, iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək yaranmış faiz borcunun məbləğini artırmış, faiz borcunun 1584,21 manat məbləğində hansı qaydada hesablanması əsaslarını iddia ərizəsində göstərməmişdir. Odur ki, məhkəmə hesab edir ki, faiz borcu verilmiş maliyyə arayışına uyğun olaraq, 1071,66 manat məbləğində tutulmalıdır.
34. Tələbin 495,22 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edir ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.
35. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
36. Həmçinin, iş materiallarından görünür ki, borc alanın sözü gedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli, ACAM2-10243-2983+ACAM2- 10325 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zaminlər borc alanın xx.xx.2024-cü il tarixli ACAM2-10243-2983 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzrələrinə götürmüşlər.
37. Məhkəmə hər iki zaminin xx.xx.2024-cü il tarixli ACAM2-10243-2983 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin olduqlarını və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdılarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
38. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 135 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada ümumlikdə 12707,58 manat əsas, 1071,66 manat faiz borcu və 495,22 manat dəbbə borcu olmaqla, cəmi 14 274,46 (on dörd min iki yüz yetmiş dörd manat qırx altı qəpik) kredit borcu və ödənilmiş 135 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı