Məhkəmə qərarları › İş №e-2-2(113)-4326/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4326/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4326/2024 23.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2008-ci il tarixli, 613 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 71251,57 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" ASC arasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 55129.8 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2008-ci il tarixli, 613 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 63088.80 manat məbləğində icarə haqqı borcu mövcuddur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” xx.xx.2023-cü il tarixli, 3-21-3/2-18345/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də cavabdeh məktubu qəbul etməkdən, eyni zamanda icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə qərarlarından verilən şikayətlər və məhkəməyə verilən iddia ərizələri üçün ödənilən rüsumdan azaddır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi.

4. Cavadehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" arasında bağlanmış xx.xx.2008-cı il tarixli, 613 saylı özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 55129,8 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: torpaq sahəsinin illik icarə haqqı 37.488,26 manat, aylıq icarə haqqı 3.124,02 manat təşkil edir.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək müəyyən edilir.

11. Müqavilənin 4.2-ci maddəsinə əsasən Müqavilənin müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyə verən tərəfindən müqaviləyə xitam verilə bilər.

12. Müqavilənin 7.1-ci maddəsinə əsasən müqavilənin müddəti başa çatdıqda ona xitam verilə bilər.

13. "xxxx" ASC-nin şəxsi hesab vərəqəinə əsasən cəmi borcu 71251,57 manat müəyyən edilmişdir.

14. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Dövlət Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə "xxxx" ASC arasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 55129.8 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2008-ci il tarixli, 613 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

20. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxil olmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

21. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

22. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir.

23. Həmin Əsasnamənin 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir.

24. Həmin Əsasnamənin 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.

25. Beləliklə, işin yuxarıda göstərilən hallarına və normativ hüquqi aktların məzmununa əsasən müəyyən edilir ki, hazırkı iş üzrə icarə obyekti olan dövlət mülkiyyətində olan torpaq sahəsi cavabdeh ASC-nin icarəsinə verildiyindən Əmlak Məsələləri Dövlət Xidməti dövlət mənafeyinin müdafiəsi üçün hazırkı iddianı məhkəmədə qaldırmaq hüququna malikdir.

26. Mülki Məcəllənin:

27. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Torpaq icarəsi haqqında” AR qanununun 14-cü maddəsinin 1-ci bəndinə görə torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.

28. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Yuxarıda göstərilənləri nəzərə alaraq və iddia tələbinə iddiaçının irəli sürdüyü tələb çərçivəsində baxaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehin dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəsinə görə 71251,57 manat məbləğində borc tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, təmin olunan 71251,57 manat məbləğinə mütənasib olaraq iş üzrə ödənilməli olan 304 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdеh "xxxx" ASC-yən xx.xx.2008-ci il tarixli 613 saylı icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə mövcud olan 71251,57 manat borc məbləği tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ((VÖEN **********, Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) ödənilsin. İddia ərizənin verilməsinə görə ödənilməli olan 304 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-yən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar