Məhkəmə qərarları › İş №e-2-2(113)-4334/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4334/2022

19.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4334/2022 19.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və müqavilə üzrə avadanlıqların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, 18 oktyabr 2021-ci il tarixdə “icraçı” Cavabdeh MMC ilə “sifarişçi” İddiaçı MMC arasında reklam və marketinq xidmətlərinin göstərilməsinə dair müqavilənin ləğv edilməsi və Cavabdeh MMC-nin üzərinə sifarişçi İddiaçı MMC-yə məxsus bütün reklam materialları, avadanlıqlar və s. materialların təhvil verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bağlanmış 18 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən öhdəlik yerinə yetirilərək xidmətlərin göstərilməsi üçün 34.040 manat dəyərində pul ödənilmişdir. Lakin, müqaviləyə xidmətlər göstərildikdən sonra xitam verilməsinə baxmayaraq, müqavilənin 3.4-cü maddəsində nəzərdə tutulmuş qaydada, “sifarişçi”yə məxsus bütün reklam materialları, avadanlıqlar və s. materiallar təhvil verilməmişdir. 18 oktyabr 2021-ci il tarixdə “icraçı” Cavabdeh MMC ilə “sifarişçi” İddiaçı MMC arasında reklam və marketinq xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə görə icraçı, “darenka” seriyasının animasiya üslubunda reklamının brifinqinin hazırlanması, çəkilişi, editləri və TV-də yayımlanması, ayrıca hazırlnamış dijital kontentdən istifadə edilməklə və ya reklam rolikindən istifadə etməklə və ya “htm”, “gif” və ya digər formatlarda reklam bannerlərinin hazırlanması, onların “İnstagram”, “Youtube”, “Facebook”, digər sosial media platformalarında, “Google Ads” (GDN), “Smartbee” və reklam platformalarında intensiv şəkildə məhsulun tanıdılmasını həyata keçirməlidir. 18 oktyabr 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən öhdəlik yerinə yetirilərək ilk ay üçün “icraçı” Cavabdeh MMC-yə xidmətlərin göstərilməsi üçün 34.040 manat dəyərində pul ödənilmiş, sonradan xidmətlərin göstərilməsi zərurəti aradan qalxmışdır. Bununla əlaqədar, icraçı Cavabdeh MMC-yə müqavilə şərtlərinə görə “sifarişçi”yə məxsus bütün reklam materialları, avadanlıqlar və s. materialların təhvil verilməsi barədə müraciət olunsa da cavabdeh buna pretenziya məktubuna münasibət bildirməmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “sifarişçi” İddiaçı MMC “icraçı” Cavabdeh MMC olmaqla imzalanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinə əsasən “icraçı” “sifarişçi”-yə kompleks reklam və marketinq xidmətləri göstərir. Buraya “darenka” seriyasının animasiya üslubunda reklamının brifinqinin hazırlanması, çəkilişi, editləri və TV-də yayımlanması, ayrıca hazırlnamış dijital kontentdən istifadə edilməklə və ya reklam rolikindən istifadə etməklə və ya “htm”, “gif” və ya digər formatlarda reklam bannerlərinin hazırlanması, onların “İnstagram”, “Youtube”, “Facebook”, digər sosial media platformalarında, “Google Ads” (GDN), “Smartbee” və reklam platformalarında intensiv şəkildə məhsulun tanıdılması daxildir. Bundan əlavə nəqliyyat üzərində reklam və sair “sifarişçi” tələbləri də yerinə yetiriləcəkdir. İlk ay üçün reklam xərcləri 34.040 manat olmaqla, hər ay bu və ya digər məhsul və ya məhsul seriyaları ilə bağlı reklam və marketinq xidmətlərinin xarakteri və görüləcək işin dəyəri tərəflər arasında təkrar müzakirə ediləcəkdir. “Sifarişçi” xidmətin dəyərini ilk ay öncədən ödəməyi öhdəsinə götürür. Ehtiyac yaranarsa və ya “sifarişçi” tərəfindən tələb edilərsə, kampaniya bitdikdən sonra görülmüş işlər yekun protokolunda əks oluna bilər. “İcraçı” istər kampaniya müddətində, istərsə də kampaniya bildikdən sonra “sifarişçi” ilə aktiv təmasda olmağı öhdəsinə götürür. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən bu müqaviləyə vaxtından əvvəl tərəflərin qarşılıqlı razılığı əsasında və aşağıdakı hallarda birtərəfli qaydada xitam verilə bilər: hər hansı bir tərəfin 15 (on beş) gün əvvəlcədən edilən yazılı müraciəti əsasında; hər hansı bir tərəfin əhəmiyyətli və ya sistematik (iki və daha çox) təqsirli əməlləri nəticəsində müqavilə pozuntuları baş verdikdə, qarşı tərəfin yazılı məlumatına əsasən dərhal. Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixində göndərilmiş pretenziya məktubunda qeyd olunmuşdur ki, reklam işinin lazımi qaydada həyata keçirilmədiyi üçün müraciət edilməsinə baxmayaraq, müqavilənin 3.4-cü maddəsində nəzərdə tutulmuş qaydada, “sifarişçi”yə məxsus bütün reklam materialları, avadanlıqlar və s. materiallar təhvil verilməmişdir. 15 iş günü müddətində öhdəliklər icra edilmədiyi təqdirdə öhdəliyin qoyulması və müqaviləyə xitam verilməsi tələbi ilə iddia ərizəsi aidiyyatı üzrə məhkəməyə göndəriləcək. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi barədə razılaşma olmuşdur. Hazırda iddiaçı tərəflər arasında imzalanmış müqavilənin şərtlərini əsas götürərək, həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, tərəflər arasında imzalanmış müqavilənin şərtlərini, eləcə də iddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubunu əsas götürərək, hesab edir ki, iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin olunmalı, 18 oktyabr 2021-ci il tarixli Cavabdeh MMC ilə İddiaçı MMC arasında reklam və marketinq xidmətlərinin göstərilməsinə dair müqavilənin ləğv edilməlidir. Eyni zamanda İddiaçı MMC-yə məxsus bütün reklam materialları, avadanlıqlar və s. materialların təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində təhvil verilməli olan reklam material və avadanlıqlarının dəqiq hansılar olmasını qeyd etməmiş, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İddia tələbi həmin hissədə qeyri-müəyyən olduğundan məhkəmə hesab edir ki, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 oktyabr 2021-ci il tarixli Cavabdeh MMC ilə İddiaçı MMC arasında reklam və marketinq xidmətlərinin göstərilməsinə dair müqavilə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar