Məhkəmə qərarları › İş №e-2-2(113)-4334/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4334/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4334/2023 16.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdedən iddiaçıya məxsus 187820 kq (187 ton 820 kq) taxıl məhsulunun buğdanın dəyəri olan 105000 manat pulun, həmçinin mediasiya prosesində mediasiya xərci kimi ödənilmiş 400 manatın alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdedən iddiaçıya məxsus 187820 kq (187 ton 820 kq) taxıl məhsulunun buğdanın dəyəri olan 105000 manat pulun, həmçinin mediasiya prosesində mediasiya xərci kimi ödənilmiş 400 manatın alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixli, 379 nömrəli icarə müqaviləsi əsasında "xxxx" MMC-yə Qəbələ rayonu, Kürd kəndinin Qaş adlanan ərazisindən 102 ha torpaq sahəsi 90 illik icarəyə verilmiş, həmin torpaq sahəsinə seriya MH0003571 olan, reyestr nömrəsi **********43, qeydiyyat tarixi ********* saylı çıxarış işlənmişdir. Qeyd edilən 102 ha torpaq sahəsinin 56,4516 ha hissəsi iddiaçının sahibliyində və istifadəsində olmuş və həmin sahəyə buğda əkmişdir. Bundan sonra "xxxx" MMC iddiaçını məhkəməyə vermiş və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-63/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Qəbələ rayonu Qaş ərazisində yerləşən "xxxx" MMC-yə məxsus torpaq sahəsinin 56,4516 ha hissəsinə girişinə və ondan istifadəsinə qadağa qoyulmuşdur. Yuxarıda qeyd etdiyi məlumatlar Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2-2(117)-63/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki, sözügedən qətnamədə qeyd edilir ki, Qəbələ rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 145 nömrəli Sərəncamı ilə "xxxx" MMC-yə üzümçülüyü inkişaf etdirmək məqsədi ilə Qaş ərazisində olan dövlət torpaq fondundan 174 ha uzunmüddətli icarəyə torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 379 nömrəli müqavilədən görünür ki, Qəbələ rayon İcra Hakimiyyəti və "xxxx" MMC xx.xx.2006-cı il tarixli 145 saylı sərəncam əsasında müqavilə bağlamış, 174 ha torpaq sahəsi üzüm əkmək məqsədilə 90 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilmişdir. MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu Qaş ərazisində yerləşən 102 ha torpaq sahəsi 90 il müddətinə "xxxx" MMC-nin icarəsində olmasında dair hüququ dövlət qeydiyyatına alınmışdır. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC-nin icarəsində olan 94,9820 ha torpaq sahəsinin 56,4516 ha hissəsi İddiaçı faktiki istifadəsindədir. Yəni, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, 102 ha torpaq sahəsinin yalnız 56,4516 ha hissəsini cavabdehin (İddiaçı) qeyri-qanuni istifadəsində olduğu təsdiqləndiyindən, iddia həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Cavabdehin əvvəl adı “X2” MMC olmuş, hüquqi ünvanı Qəbələ rayonu olduğundan hazırki tələblə bağlı Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Lakin, cavabdehin adı və hüquqi ünvanı dəyişdiyindən hazırki tələbi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə mübahisəsi başlamamışdan istifadə etdiyi 52,4516 ha torpaq sahəsinə əkdiyi buğda məhsulu cavabdeh tərəfindən biçilərək həmin Cəmiyyətin anbarına yığılmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlarda xx.xx.2022-ci ildə 44 ha torpaq sahəsində əkilmiş 124600 kq buğda məhsulunun və xx.xx.2022-ci il tarixdə 18 ha torpaq sahəsinə əkilmiş 63220 kq buğda məhsulu cavabdeh tərəfindən biçilərək müəssisənin anbarına mədaxil edilmişdir. Bununla bağlı tərəzi çekləri və sahə qaimələri yuxarıda qeyd edilən aktlara əlavə edilmişdir (xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlar və onlara əlavə edilən tərəzi çekləri və qaimələrin əslicavabdehdə saxlanılmış, biz həmin sənədlərin surətini əldə edə bilmişik- 2 ədəd akt və 13 ədəd tərəzi çeki və qaimələr) Yuxarıda qeyd edilənlərdən də məlum olur ki, istifadə etdiyi 52,4516 ha torpaq sahəsinə əkdiyi ümumilikdə 187,82 ton (187 820 kq (124 600 kq+63 220 kq)) buğda məhsulu cavabdeh tərəfindən toplanaraq həmin müəssisənin anbarına daxil edilmişdir. Dəfələrlə məhsulunun ona geri verilməsini cavabdehdən tələb etsə də, onlar nə məhsulunu, nə də məhsulun dəyərini ona qaytarmamışlar. Bundan sonra həmin tələbi ilə bağlı mediasiya prosesinin keçirilməsi məqsədilə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, lakin cavabdeh həmin təklifinə qanunla müəyyən edilmiş müddətdə cavab verməmişdir. Daha sonra isə iddiaçı ilkin mediasiya sessiyasının təyin edilməsi ilə bağlı Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Təyin edilmiş mediator tərəfindən ilkin mediasiya sessiyası təyin edilsə də, cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı iddiaçı mediasiya təşkilatına ilkin mediasiya sessiyası üçün 400 manat rüsum da ödəmişdir. Bundan sonra iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya ünvanlayaraq istifadəsində olan 52,4516 ha torpaq sahəsindən biçdikləri 187 ton 820 kq taxılın və ya onun dəyərinin ona qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh bu müraciətinə də məhəl qoymamışdır. Həmin taxılın bir kiloqramının dəyəri 0,56 qəpik olmuşdur. Hazırda isə 1 kiloqram taxıl 0,70 qəpikdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məlum olur ki, cavabdeh iddiaçının istifadəsində olan 52 ha torpaq sahəsinə əkdiyi taxıl məhsulunu biçərək öz anbarına yığmış və tələb etməsinə baxmayaraq həmin məhsulu ona qaytarmamışdır.

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, hazırda “X2” MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmışdır. Şirkət kənd təsərrüfatı istqamətində fəaliyyət göstərir. Öz fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə dövlət, bələdiyyə, hüquqi və fiziki şəxlərlə müqavilələr bağlayaraq onların torpaq sahələrini icarə götürür. Şirkət 2021-ci ildən "xxxx" MMC-nin icarə müqaviləsi əsasında istifadəsində (Seriya MH ******* olan reyestr nömrəsi **********43, qeydiyyat tarixi xx.xx.2007-ci il, qeydiyyat nömrəsi ********* saylı Çıxarış) olan 291 ha (o cümlədən Qəbələ rayon Kürd kəndinin Qaş adlanan ərazisindən 102 ha torpaq sahəsini) sahəni subicarəyə götürmüşdür. İddiaçının mülahizəsinə görə, qeyd edilən 102 ha torpaq sahəsinin 56,4516 ha hissəsi onun sahibliyində və istifadəsində olmuş və o həmin sahəyə buğda əkmişdir. "xxxx" MMC İddiaçı məhkəməyə vermiş və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-63/2022 saylı Qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı Qəbələ rayonu, Qaş ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahəsinin 56,4516 ha hissəsinə girişinə və ondan istifadəsinə qadağa qoyulmuşdur. İddiaçı qeyd edir ki, həmin Qətnaməyə görə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi mütəxəssis rəyində qeyd edilir ki, "xxxx" MMC-nin icarəsində olan 94,9820 ha torpaq sahəsinin 56,4516 ha hissəsi İddiaçı faktiki istifadəsindədir. Mütəxəssis rəyində qeyd edilən - torpaq sahəsinin İddiaçı faktiki istifadəsindədir - rəyi o demək deyil ki, torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. Bu o deməkdir ki. torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilərək qeyri-qanuni faktiki istifadəsində olmuşdur. İddiaçının mülahizəsinə görə, Şəki Kommersiya Məhkəməsi həmin Qətnamə ilə müəyyən etmişdir ki, 102 ha torpaq sahəsinin yalnız 56,4516 ha hissəsini İddiaçı qeyri-qanuni istifadəsində olduğu təsdiqləndiyindən, iddiaçı həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Həmin Qətnaməyə görə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı "cavabdehin Qəbələ rayonu, Qaş ərazisində yerləşən, ümumi sahəsi 102 ha olan torpaq sahəsinə girişinə və ondan istifadəyə qadağa qoyulması, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının sahibliyində olan torpaq sahəsinə münasibətdə istənilən müdaxiləsinə son qoyulması tələbi irəli sürmüşdür və Şəki Kommersiya Məhkəməsi araşdırması zamanı müəyyən etmişdir ki, iddiada qeyd edilən 102 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş və qeyri-qanuni istifadəsində yalnız 56.4516 ha hissəsi olmuşdur və iddiada qeyd edilən torpaq sahəsinin qalan 45,5484 ha hissəsində rədd edilib ki, bu da təbiidir və məhkəmə tam qanunauyğun olaraq qeyd edir ki, 102 ha torpaq sahəsinin yalnız 56,4516 ha hissəsini İddiaçı qeyri-qanuni istifadəsində olduğu təsdiqləndiyindən, qalan hissədə rədd edilməlidir. Yəni bu o deməkdir ki, İddiaçı 102 ha torpaq sahəsinin yalnız 56,4516 ha hissəsini zəbt və qeyri-qanuni istifadə etmiş, qalan 45,5484 ha hissəsini zəbt və qeyri-qanuni istifadə etməmişdir. Bundan başqa, Şəki Kommersiya Məhkəməsi həmin Qətnamədə qeyd etmişdir ki, məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq ediməli olan qanunvericiliyin tələblərini nəzərdən keçirib müəyyən edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla verilib və həmin torpaq sahəsi üzərindəki hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh İddiaçı mübahisəli torpaq sahəsinin iddiaçı "Aqro-Azərinvest” MMC-yə məxsus olmadığını bildirsə də, həmin torpaq sahəsinin iddiaçıya və digər şəxslərə məxsusluğu, cavabdeh İddiaçı mülkiyyətinə və ya icarəsinə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin yalnız hüquqları və qanuni maraqları qorumaq vəzifəsi olduğundan, iddiaçı “Aqro- Azərinvest" MMC-nin hüquqlarını dövlət tanıdığından və cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı rəsmi sənədi olmadığından iddiaçının tələbi ümumilikdə haqlı hesab edilir. Bundan başqa, İddiaçı həmin torpaq sahəsi ilə bağlı Şəki İnzibati məhkəməsinə də cavabdeh Qəbələ Rayon İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən "xxxx" MMC-yə Qəbələ rayon Kürd kəndinin Qaş adlanan ərazisindən 102 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş sərəncamın və xx.xx.2006-cı il tarixli 379 nömrəli icara müqaviləsinin, həmçinin həmin sərəncam və icarə müqaviləsi əsasında verilən MH seriyalı ******* nömrəli, ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilmasi barədə qərar qəbııl edilmasi" tələbinə dair - iddia ərizəsi ilə müraciət etmişdir. X1 məhkəməsinin 2-1(116)- 1299/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadından çıxarış: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünü dair" xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 va 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikda nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-da nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın asaslığığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydcısnda aparmamaldırlar (4.2). iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa miidəxilə aşkar şəkildə baş verir va birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının hu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə elmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kasb edir, ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hiiquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb elmək hüququ: müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isa bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riəyat edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, həm başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsində söhbət gedə bilməz. Göstərilən Plenumun qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi mübahisəli torpaq sahəsinə dair İddiaçı məxsus olan hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. İddiaçı iddia ərizəsində də, mübəhisəli torpaq sahəsinə onun mülkiyyət və ya istifadə hüququnun olmasını təsdiq edən sənədə malik olmasını bildirməmiş, belə bir sənəd təqdim etmədən hazırkı iddia tələbini irəli sürmüşdür. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin isin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia mümkün hesab edilməməlidir. Bundan başqa, 30 mart 2015-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair Qərarında qeyd edilir: Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyala keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 135.12-ci maddəsinə əsasən əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. 181.3-cü maddəsinə əsasən şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

10. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2 -ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

12. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-63/2022 saylı Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Qəbələ rayonu, Qaş ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahəsinin 56,4516 ha hissəsinə girişinə və ondan istifadəsinə qadağa qoyulması və həmin torpaq sahəsinə münasibətdə istənilən müdaxiləsinə son qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

14. Həmin Qətnamədən müyyən olunur ki, Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 145 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə üzümçülüyü inkişaf etdirmək məqsədi ilə Qaş ərazisində uzunmüddətli icarəyə 174 hektar torpaq sahəsinin ayrılması qərara alınmış və tərəflər arasında xx.xx.2006-cı il tarixli 379 nömrəli müqavilə bağlanaraq Qəbələ Rayon İcra Hakimiyyəti və "xxxx" MMC xx.xx.2006-cı il tarixli 145 saylı sərəncam əsasında müqavilə bağlamış, 174 ha torpaq sahəsini üzüm əkmək məqsədilə 90 il müddətinə "xxxx" MMC-nin icarəsinə vermişdir. Həmin icarə hüququ MH seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəfindən əldə edilmiş DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC-nin icarəsində olan 94,9820 ha torpaq sahəsinin 56,4516 ha hissəsi İddiaçı faktiki istifadəsindədir.

15. Eyni zamanda həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla verilib və həmin torpaq sahəsi üzərindəki hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmadığını bildirsə də, həmin torpaq sahəsinin iddiaçıya və digər şəxslərə məxsusluğu, cavabdehin mülkiyyətinə və ya icarəsinə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin yalnız hüquqları və qanuni maraqları qorumaq vəzifəsi olduğundan, iddiaçının hüquqlarını dövlət tanıdığından və cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı rəsmi sənədi olmadığından iddiaçının tələbi ümumilikdə haqlı hesab edilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

17. Şəki Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsindən göründüyü kimi torpaq sahəsi cavabdehə qanuni əsaslarla verilmiş və həmin torpaq sahəsi üzərindəki hüququ dövlət qeydiyyatına alınmış, iddiaçının isə həmin torpaq sahəsi ilə bağlı hər hansı rəsmi sənədi olmamışdır.

18. İddiaçı hazırda cavabdehin icarəsində olan torpaq sahəsində əkdiyi və sonradan cavabdeh tərəfindən biçilmiş 187 ton 820 kq taxılın və ya onun dəyərinin ona qaytarılmasını tələb edir.

19. Məhkəmə bununla bağlı qeyd edir ki, işin hallarından və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən göründüyü kimi iddiaçı cavabdehə məxsus (icarəsində olan) torpaq sahəsindən qanunsuz istifadə etməklə həmin torpaq sahəsində əkin əkmişdir. Yəni iddiaçı cavabdehin icarəsində olan torpaq sahəsinə özbaşına olaraq sahiblənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələbinə əsasən, bu hal iddiaçının vicdansız sahib olduğunu göstərir. Həmin maddənin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər.

20. Bundan başqa, vicdansız sahib olan iddiaçı torpaq sahəsinin ona məxsus olmadığını bildiyi halda, yəni qanunsuz sahibliyində olduğu vaxtda torpaq sahəsi üçün çəkdiyi xərcləri, habelə torpaq sahəsinin bəhərini geri tələb etməkdə haqlı deyildir.

21. Eyni zamanda, icarə müqaviləsinə əsasən cavabdeh icarəyə götürdüyü torpaq sahəsindən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da ona verildiyindən, torpaq sahəsinin təbii bəhəri də onun mülkiyyətindədir.

22. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin oluna bilməz.

VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı cavabdedən iddiaçıya məxsus 187820 kq (187 ton 820 kq) taxıl məhsulunun buğdanın dəyəri olan 105000 manat pulun, həmçinin mediasiya prosesində mediasiya xərci kimi ödənilmiş 400 manatın alınıb iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar