Məhkəmə qərarları › İş №e-2-2(113)-4334/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4334/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4334/2024 28.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti 1.iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2021-ci il tarixində bağlanmış icarə müqaviləsinə əsasən 240 manat məbləğində icarə haqqı borcu, habelə 60 manat məbləğində mediasiya xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İddiaçı MMC (“İcarəyə verən”) və cavabdeh "X1" MMC (“İcarəçi”) arasında bağlanan icarə müqaviləsinə əsasən “İcarəyə verən”, “İcarəçi”yə ünvan 1 ünvanda yerləşən daşmmaz əmlakın 12 m2 hissəsini icarəyə verməyi, “İcarəçi” isə aylıq 160 (ƏDV daxil ) manat məbləğində icarə haqqını ödəməyi öz öhdəsinə götürür.Müqavilənin 5-ci maddəsinə əsasən, "İcarə " haqqı 1 təqvim ayı üçün 161 manat (ƏDV daxil) məbləğində müəyyən edilir. Müqavilənin 6-cı maddəsinə əsasən, "İcarəçi" icarə haqqını "İcarə verənin " hesabına və ya qanunla miiəyyən olunan şərtləri riayyət etməklə nağd ödəyir. Ödəmə müddəti -hər ay üçün həmin ayın 5-i. "xxxx" MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib anbar sahəsini icarəyə verməsinə baxmayaraq "X1 " MMC üzərinə düşən öhtəlikləri lazimi qaydada yerinə yetirməmiş və saylı müqavilə üzrə 2240 AZN ödənilməmiş borcu yaranmışdır. İddiaçı mübahisəni mediasiya vasitəsi ilə həll etmək məqsədi ilə cavabdeh “X1 ” MMC-yə xx.xx.2023-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə” Təklif göndərilmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixdə, 10:30-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən İddiaçı MMC-yə İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/18/2023-0073 7 nömrəli Arayış verrilmişdir. ******* saylı, xx.xx.2023-ci il elektron qaimə və xx.xx.2023-cü tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmiş, nəticədə xx.xx.2023-cü il tarixində Cavabdeh MMC tərəfindən qalıq borcun 2000 AZN hissəsi ödənilmiş, lakin geri qalan 240 AZN bu günə kimi cavabdeh “X1 ” MMC tərəfindən hələ də ödənilməmiş qalmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi qismində çıxış edən Nümayəndə məhkəməyə ərizə ünvalayaraq işə onun iştirakı olmadan baxılması və qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Bir tərəfdən “icarəyə verən” qismində İddiaçı MMC ilə digər tərəfdən “icarəçi” qismində Cavabdeh MMC arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli, İc-2012/21(01) nömrəli sahənin icarəyə verilməsi barədə müqaviləyə əsasən icarəyə verən soyuducu anbarın (Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev pr. (Xırdalan) ev 38) 12 kv.m hissəsini (maksimum 8 ton məhsul saxlaya bilər) icarəçiyə icarəyə verməyi, icarəçi isə həmin sahəni icarəyə qəbul edərək bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür.

2. Əgər icarəçi tərəfindən bir ay ərzində saxlanılan məhsulun miqdarı 8 ton-dan artıq olarsa, o zaman artıq olan hər bir ton üçün aylıq olaraq 24 manat olmaqla əlavə hesalanacaq.

3. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və 19 mart 2022-ci il tarixinədək qüvvədədir.

5. İcarə haqqı 1 təqvim ayı üçün 160 manat (ƏDV daxil) məbləğində müəyyən edilir. 7.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 106248 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı MMC-nin adına qeydə alınmışdır.

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə hər birini məbləği 160 manat təşkil edən EBBQ seriyalı 512066 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS seriyalı 074484 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT seriyalı 683634 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV seriyalı 579110 nömrəli xx.xx.2022-ci il tarixli, EBBY seriyalı 187629 nömrəli xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı 314247 nömrəli xx.xx.2022-ci il tarixli, EBCB seriyalı 071485 nömrəli xx.xx.2022-ci il tarixli, EBCC seriyalı 938404 nömrəli xx.xx.2022-ci il tarixli, EBCG seriyalı 286197 nömrəli xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı 326928 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK seriyalı 240979 nömrəli xx.xx.2022-ci il tarixli, EBCM seriyalı 339797 nömrəli xx.xx.2022-ci il tarixli, EBCO seriyalı 011870 nömrəli xx.xx.2023-cü il tarixli, EBDB seriyalı 040652 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələr göndərilmişdir.

9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin icarəyə götürdüyü qeyriyaşayış sahəsinin icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 13.Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

14. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

15. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı, aylıq icarə haqqı ƏDV daxil 160 manat təşkil etməklə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın 12 kv.m təşkil edən hissəsinin cavabdehə icarəyə verilməsi, cavabdeh isə bunun müqabilində icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi üzərinə götürmüş, lakin sonuncu öz öhdəliyini lazımı qaydada icra etməmişdir. Belə ki, iddiaçı tərəfindən ünvanlanmış elektron-qaimələr üzrə cavabdeh tərəfindən müvafiq ödənişlər həyata keçirilməsinə baxmayaraq 240 manat məbləğində pul ödənilməmiş qalmışdır.

16. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış icarə müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 240 manat məbləğində borc məbləği tutularaq İddiaçıya ödənilməlidir.

17. İddiaçı tələbində eyni zamanda ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş edir. 18.Məhkəmə bununla bağlı bildirir ki, “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

19. Lakin “Mediasiya haqqında” AR Qanununda dəyişiklik edillməsi barədə” Azərbaycan Respublikası Qanunun tətbiqi haqqında AR Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına müvafiq olaraq həmin tarixdən kommersiya mübahisələrinin ilkin mediasiya prossesindən keçirilməsi zərurəti aradan qalxmışdır. Hazırki iş üzrə ilkin mediasiya sessiyasının xx.xx.2023-cü il tarixdə keçirilməsinə baxmayaraq, tərəf xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, mediasiya xərci iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanan xx.xx.2021-ci il tarixli İcarə Müqaviləsi üzrə 240 (iki yüz qırx) manat məbləğində icarə haqqı borcu Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar