Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4337/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeyd edilən məlumatlar, qanunsuz qoşulmanın müəyyən edilməsi zamanı qaz paylayıcısının etməli olduğu hərəkətlər, qazın talanması nəticəsində dəymiş zərərin ödənilməsi qaydası) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Firmasının Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Firmasının Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, 1-ci Prodlonaya küçəsində yerləşən ticarət obyektinə **********00395 abonent koduna akt əsasında hesablanmış 1701 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, 1-ci Prodlonaya küçəsində yerləşən ticarət obyektində heç bir əsas olmadan, qanunvericiliyin tələblərinə zidd şəkildə cavabdehin əməkdaşları tərəfindən yoxlama keçirilmiş, guya həmin obyekdə istifadədə olan mövcud cihazların saatlıq qaz sərfiyyatının sayğacın maksimal qaz ölçmə həddindən çox olduğu mnüəyyənləşdirilmişdir. Belə ki, cavabdehin əməkdaşları 29 fevral 2024-cü il tarixində sözügedən ünvana gəlmiş, guya həmin ünvanda cavabdeh ilə iddiaçı arasında bağlanmış təbii qazın alqı-satqısana dair müqavildə göstərilən qaz cihazlarından əlavə cihazların quraşdırılması və mövcud cihazların saatlıq qaz sərfinin sayğacın maksimal qaz sərfiyyatından artıq olması əsas gətirilərək akt tərtib etmiş, buna görə də həmin ünvanla bağlı **********00395 saylı abonent koduna 1701 manat məbləğində borc yazılmışdır. 2.2. Sözügedən ünvanda müqavilədə göstərilən qaz cihazlarından əlavə hər hansı cihaz olmamışdır. Digər tərəfdən belə cihazlar olsa belə, bu cihazlara görə sərfiyyat yalnız sayğacdan keçən qazın hesabına olacaqdır ki, bu da tam qanunidir. Belə ki, həmin sayğaca müdaxilə etmədən, təbii qazdan qeyri-qanuni istifadə etmədən müqavilədə göstərilən qaz cihazlarından əlavə cihazlar quraşdırılsa idi belə, həmin cihazlara görə də istehlak olunmuş qazın dəyəri ödəniləcəkdi ki, bu da mülki qanunvericliyin tələblərində tam uyğundur. Eyni zamanda yazılmış borcun hansı riyazi hesablamalar əsasında yaranması da sual altındadır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı üçün həmin məbləğlərlə iddiaçı razı deyildir. Belə ki, cavabdehin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində sözügedən ünvanda istifadədə olan məişət qaz cihazlarının saatlıq sərfiyyatı qeyd olunmuşdur. Lakin həmin cihazların reallıqda mövcud olması, qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən, Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa, birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın yalnız cavabdehin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın cavabdehin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4337/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
7. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmamasını xahiş etdi.
8. Məhkəmənin 06 saentyabr 2024-cü il tarixli mütəxəssis rəyi ilə bağlı suallarına münasibətdə cavabdehin nümayəndəsi göstərdi ki, “G-4” tipli smart tipli qaz sayğacından maksimal qaz buraxma qabiliyyətindən artıq qaz keçərsə, sayğacın klapanının avtomatik olaraq bağlaması ilə bağlı rəy düzgün olsa da, bu heç də həmişə baş vermir. Belə ki, bu tip sayğacda bəzən texniki nasazlıq olur və klapan avtomatik bağlanmır. Baxış keçirilərkən də iddiaçıya məxsus qaz sayğacının klapanı bağlı olmamışdır.
9. Məhkəmənin digər suallarına cavab olaraq cavabdehin nümayəndəsi qeyd etdi ki, **********00395 abonent kodu İddiaçı Firmasının adına qeydiyyatdadıdır, aktda texniki yanlışlığa yol verilib. Eyni zamanda qaz xəttinə qanunsuz qoşulma halı barədə tərtib edilən akt Energetika Nazirliyinə göndərilməmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki: – İddiaçıya məxsus **********00395 abonent kodu üzrə saldoda iddiaçının qaz qurğuları 2 ədəd “PQ-4” qaz plitəsi, 1 ədəd şirniyyat bişirən soba olaraq göstərilmişdir; – 28 fevral 2023-cü il tarixli inventar aktına əsasən, iddiaçıya məxsus müəssisədə retsoran tipli “PQ-4” tipli qaz plitəsi, 1 ədəd qeyri-standart “PQ-6” tipli qaz plitəsi, 2 ədəd kombi, 1 ədəd “PQ-4” tipli qaz plitəsi quraşdırılmışdır; – 29 fevral 2024-cü il tarixdə xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərini əhatə edən plandankənar yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY242087184 nömrəsi ilə qeydə alınmış, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi; sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. 29 fevral 2024-cü il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, 1ci Prodlanaya ünvanında yoxlama aparılması ilə bağlı yoxlama aktı tərtib edilmiş, həmin aktda iddiaçının müəssisəsində mövcud cihazların saatlıq qaz sərfiyyatının sayğacın maksimal qaz ölçmə həddindən çox olduğu qeyd edilmişdir; – Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 fevral 2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğaclarının maksimal ölçmə həddindən çox olduğu qeyd edilmişdir, dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb edilmişdir; – 29 fevral 2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək, 29 fevral 2024-cü il tarixli ******* nömrəli akt əsasında “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə Müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda, qaz qurğularının maksimal saatlıq qaz sərfinin 12,3 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq hesabat aparılmışdır (12,3 – 6 = 6,3 x 12 x 90 = 6804 m3) və iddiaçıya məxsus **********00395 nömrəli abonentin saldosunun “qalıq və aktlar” sütununa 2024-cü ilin fevral ayı üçün 1701 manat məbləğində borc daxil edilmişdir.
14. İddiaçı hesablanmış 1701 manat borcun hüquqi əsasının olmadığını qeyd edərək silinməsini tələb edir.
15. Cavabdeh iddiaya etiraz edərək yoxlamanın qanuni olduğunu və reyestrdə qeydə alındığına istinad edərək iddianın rədd olunmasını xahiş edir.
16. Əvvəla, göstərilməlidir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486- VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir”.
17. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir.
18. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
19. Göründüyü kimi, istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Lakin iş materiallarında qaz təchizatı haqqında qanunvericilikdə təsbit edildiyi kimi, aktın bir nüsxəsinin Energetika Nazirliyinə göndərildiyi, həmin orqan tərəfindən qazın talanması faktının, istehlakçının təqsirinin müəyyən olunması təsdiqlənmir.
20. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
21. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
22. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.
23. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
24. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
25. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
26. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
27. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
29. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
30. Qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalı, bu zaman qanunvericilikdə nəzərdə tutulan məlumatlar reyestrə daxil edilməlidir.
31. Həmin məlumatlar sırasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4. və 3.4.13-cü bəndinə əsasən reyestrə yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi ilə bağlı məlumatların da daxil edilməli olması göstərilmişdir.
32. Lakin hazırkı iş üzrə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, KY242087184 nömrəsi ilə qeydə alınmış çıxarışda yoxlama zamanı yalnız X2 iştirak edəcəyi göstərilmiş, lakin 29 fevral 2024-cü il tarixli ******* nömrəli aktda yoxlama aktında reyestrsə qeyd alınmayan Əsgərov A., Musayev A. adlı şəxslərin də iştirak etdiyi göstərilmişdir.
33. Digər tərəfdən, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının 6 sentyabr 2024-cü il tarixli 3-15-2- 1/2-1860/2024 nömrəli məktubu ilə məhkəməyə daxil olmuş mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı Firmasının aşağı təzyiqli qaz xətti üzərində xx.xx.2018-ci il tarixdə, ******* nömrəli aktla “Smart G-4” itron tipli, zavod nömrəsi 1702Az**********95 olan qaz sayğacı quraşdırılmış, sayğacın qaynaq və yivli birləşmələri yoxlanılmış, qaz sızması aşkar edilməmiş və qaz sayğacı abonentə təhvil verilmişdir. Qeyd edilən “Smart tipli G-4” markalı qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti saatda 6 m3 təşkil edir. Bu miqdardan artıq qaz sayğacdan keçərsə, sayğacın daxilində quraşdırılmış klapan avtomatik bağlanılır və qaz təchizatı dayanır, bu baxımdan istehlakçının qaz qurğularının maksimal qaz sərfiyyatlarının cəminin quraşdırılmış qaz sayğacının maksimal qaz buraxma qabiliyyətindən çox olmasına istinad edilərək qaz paylayıcısı tərəfindən istehlakçıya əlavə qaz həcmi hesablanması düzgün hesab edilimir.
34. Cavabdeh mütəxəssis rəyinə münasibətdə sayğacın klapanın bəzən texniki nasazlıqla bağlı olaraq avtomatik bağlanmaması, baxış keçirilərkən də klpanın bağlı olmamasını bildirmişdir.
35. Məhkəmə cavabdehin həmin arqumnetlərini də əsassız hesab edir. Belə ki, cavabdeh qaz qurğularının sayğaca baxış keçirilərkən maksimal qaz sərfiyyatında olduğunu, lakin buna rəğmən sayğacın klapanın bağlanmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə məlumat verilməmiş quraşdırılmış qaz qurğularının aşkar edilməsi və bu zaman sayğacın klapanının açıq olması, qaz qurğularının ümumi qaz sərfiyyatının həmin anda 6 m3/saatdan çox olduğu müəyyən edilmədən özü-özlüyündə sayğacda nasazlığın olduğu və klapanın avtomatik olaraq bağlanmadığı qənaətinə gəlinməsinə əsasə vermir.
36. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, 29 fevral 2024-cü il tarixli ******* nömrəli akt əsasında borc əsassız hesablanmışdır və hüquqi qüvvəsi yoxdur.
37. Lakin məhkəmə göstərir ki, iddiaçının xx.xx.2024-cü il tarixə çap edilmiş abonent saldosundan görünür ki, iddiaçının cavabdehə olan borcu 1698,46 manat təşkil edir. İddiaçının tələbini borcun silinməsi təşkil edir və bu halda yalnız cavabdeh tərəfindən hesablanmış və iddiaçının tələbinin faktiki əsasına uyğun olan mövcud borcun silinməsi mümkündür. Bu səbəbdən də 2,54 manat məbləğində borcun da silinməsi hissədə iddia təmin edilə bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən İddiaçı Firmasına məxsus **********00395 nömrəli abonent koduna 29 fevral 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1698,46 manat məbləğində borc silinməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 27,5 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə dövlət rüsumunun məbləği ilə bağlı isə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən iddianın qiymətinə (1701 manat) uyğun ödənilməli dövlət rüsumunun məbləği 37 manat təşkil edir.
43. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh İB-dən 9,5 manat məbləğində pul tutularaq dövlət büdcəsinə, 27,5 manat məbləğində pul tutularaq İddiaçı Firmasına ödənilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Firmasına məxsus **********00395 nömrəli abonent koduna 29 fevral 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1698,46 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 9,5 manat məbləğində pul tutularaq dövlət büdcəsinə, 27,5 manat məbləğində pul tutularaq İddiaçı Firmasına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova