Məhkəmə qərarları › İş №e-2-2(113)-4342/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4342/2024

20.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4342/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı1 Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yeməkxanaya (abonent kodu **********00900) qaz təchizatından istifadəyə dair yaranmış 7201 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli, subicarə müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1224 kv.m olan qeyri yaşayış sahəsini subicarəyə götürmüşdür. Bugünədək bütün növ kommunal xidmətlərdən istifadə edərək icarə hüquqlarımı tam şəkildə həyata keçirmişdir. xx.xx.2023-cü il tarixində X1 əməkdaşları tərəfindən ünvana yaxınlaşılaraq sayğaca profilaktik baxışın keçirilməsi bildirilmiş və onlara müvafiq şərait yaradılmışdır. Onlar getdikdən bir müddət sonra isə **********00900 abonent kodlu sayğaca qazın verilişi dayandırılmışdır. Məlumat aldıqda isə bildirdilər ki, “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanılması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akta əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək sayğacın işləməməsi əsas gətirilərək 9025 m³ ölçüdə qazın tərəfimizdən istifadə edildiyi iddia edilərək 2200 manat məbləğində borc pul tələb edilmişdir. Bundan sonra aidiyyəti üzrə məhkəməyə müraciət edilmiş və müvəqqəti təminat tədbirinə dair ərizə üzrə qərar qəbul edildikdən sonra cavabdeh orqan tərəfindən bildirilmişdir ki, iddia ərizəsini məhkəməyə təqdim etməyək və məhkəmədən kənar qaydada razılıq əldə edilib borc silinəcəkdir. Buna görə də, məhkəməyə iddia ərizəsi ilə müraciət edilməmişdir. Təqribən 2 ay öncə cavabdeh orqanın əməkdaşları tərəfindən həmin ünvana yaxınlaşılaraq borcun olmasını bildirdi və qaz təchizatını kəsdilər. Borcun haradan qaynaqlandığını soruşduqda onlar bildirdilər ki, sayğacda texniki problem olub və buna görə də sərfiyyat az yazılmış, sayğac yoxlanışa getdikdən sonra isə düzgün hesabma edilib və borc təyin edilib. Sayğac xəbərləri olmadan yoxlanılmaya göndərilmiş və nəticədə külli miqdarda borc hesablanılmışdır. Hazırda Azəriqaz İB tərəfindən sayğacda qüsur olması əsas gətirilərək 7.201 manat borc tələb edilməkdədir. Həmçinin tərtib edilmiş akta nəzər saldıqda “əlavə qeydlər” bölməsində “Arxiv məlumatlarına əsasən” qeydi aparılmışdır. Yəni 9025 m³ ölçüdə qazdan istifadə etmə arxiv məlumatlarına əsasən-saldoya əsasən müəyyən edilmişdir. Bu səbəblə də, məsələyə aydınlıq gətirilməsi üçün Bakı Regional Qazın Satışı departamentliyinə müraciət etmişdir. Müraciət əsasında abonentin saldosu və müvafiq aktlar təqdim edildi. Bu zaman borcların əsassız və qanunsuz hesablanıldığının şahidi oldu.

3. İddiaçı tərəf həmçinin sonradan ərizə təqdim edərək, iddiasını “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanuna istinad edərək əsaslandırmışdır.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddiaya etiraz edərək, iddianın rədd edilməsi qətnamə qəbul edilməsini xahiş etdi.

5. İddiaçı tərəf məhkəmə hazırlıq iclaslarının və məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir. və belə olan halda, o məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. X3 2.11-1-ci bəndinə əsasən Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

10. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

11. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

12. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

13. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

15. İş materiallarında olan abonentin saldosundan görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi 70F ünvanında yerləşən sahə üzrə abonent kimi, Hacıbəyli Firuzə qeyd edilmişdir.

16. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının subyektiv hüququnun olubolmamasına qiymət verilməlidir.

17. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.

18. Konstitusiya Məhkəməsinin Plenumunun S.Ələkbərovanın şikayəti üzrə şikayəti üzrə 03 iyul 2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, X5 ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir.

20. Daha sonra "xxxx" MMC xx.xx.2021-ci il tarixli subicarə müqaviləsi ilə icarəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini İddiaçı1 subicarəyə verilmişdir.

21. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı1 istifadəsindədir və həmin sahə sahibkarlıqla məqsədləri üçün istifadə edilir.

22. Bundan başqa iddiaçının mübahisələndirdiyi borc məbləği də, qeyri-yaşayış sahəsinin onun istifadəsinə verildiyi müddətdən sonra hesablanmış borc məbləğidir.

23. Bu xüsusda Məhkəmə hesab edir ki, İddiaçı1 iddia qaldırmaqda subyektiv hüququ mövcuddur.

24. Bundan sonra Məhkəmə hesab edir ki, hesablanmış borc məbləğinin nə qədər olması və hansı əsasla hesablanmasına qiymət verilməlidir.

25. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, qeyd edilmiş mübahisələ sahə üzrə hesablanmış borc məbləği 5.860,38 manat təşkil edir.

26. İddiaçı isə iddiasında 7201 manat borcun silinməsi xahiş etmiş və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanuna istinad etmişdir.

27. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri ancaq sayğaca müdaxilə və kənar qoşulma kimi hallara aiddir. Ancaq bu hallarda, aparılan yoxlamalar reyestrdə qeydiyyata alınmalıdır, başqa hallarda isə bu tələb mövcud deyildir.

28. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş aktlardan görünür ki, hesablanmış olan borc məbləğinin bir hissəsi məhz mexaniki göstəricilərə əsasən arvix məlumatlarının göstəriciləri əsasında hesablanmış, bir qismi isə qeyri-yaşayış sahəsinə sayğac olmadan qazın verilməsi zamanı hesablanmış borc məbləğidir.

29. Göründüyü kimi, sayğacın mexaniki göstəricilərinə (arvix məlumatlarına) əsasən borcun hesablanması zamanı hər hansı bir pozuntuya yol verilməmişdir.

30. X3 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

31. Göründüyü kimi, bir qism aktlar isə qeyri-yaşayış sahəsinə sayğac olmadan qazın verilməsi ilə bağlı olmuş və bu halda da, müvafiq olaraq əvvəlki ayların və əvvəlki illərin həmin aylarının orta gündəlik sərfinə uyğun olaraq borc hesablanmış və hər hansı bir pozuntuya yol verilməmişdir.

32. Məhkəmə həmçinin qeyd edir ki, hesablanmış borc məbləği də, sayğaca müdaxilə və kənar qoşulma ilə bağlı olmadığından, tərtib edilmiş aktların reyestrdə qeydə alınması tələb olunmur.

33. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçı tərəf heç bir məhkəmə hazırlıq və baxış iclasına ümumiyyətlə gəlməmiş, sadəcə olaraq işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi məzmunlu ərizələr göndərməklə kifayətləndirmişdir.

34. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən hesablanmış və iddiaçı tərəfindən hazırda mübahisələndirilən borc məbləğləri qanunvericiliyin tələblərinə əsasən hesablandığından və iddianın əsaslı olmasına dair iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilmədiyindən, iddianın təmin edilməsi üçün əsas yoxdur.

35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı1 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar