Məhkəmə qərarları › İş №e-2-2(113)-435/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-435/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-435/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada iddiaçının хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 15838.77 manat məbləğində krеdit bоrcu, 3281 manat məbləğində faiz bоrcu və 782.09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19901 manat 86 qəpik bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının, ödənilmiş 200 manat mediasiya xərcinin tutulması; tələbin Cavabdeh4 xüsusi mülkiyyətində olan ünvan 1i ünvanında 0.08 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 85.9 kv.m. olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və ümumilikdə cəmi 19901 manat 86 qəpik məbləğində bоrcun, ödənilmiş 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 10L000001046 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 10L000001046S sazişlə uzunmüddətli kredit müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin müddəti 242 (iki yüz qırx iki) ay, məbləği 300000 (üç yüz min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020ci il tarixli 056R**********S saylı, xx.xx.2020-ci il tarixli 056R**********SA saylı, xx.xx.2020-ci il tarixli 056R**********SB saylı, xx.xx.2021-ci il tarixli 056R**********SC saylı, xx.xx.2021-ci il tarixli 056R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 4161.23 manat ödəmiş, onun 15838.77 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 258 gün üçün hesablanmış faiz borcu 3281 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 258 gün üçün hеsablanmış cərimə 782.09 manat təşkil edir.

3. Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz edərək, iddiaçının iddiasının ona qarşı hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh X2 ilə AccessBank QSC arasında Uzunmüddətli Kredit Xətti Müqaviləsi 07 avqust 2009-cu il tarixdə 120 ay müddətinə bağlanmışdır. Həmin uzunmüddətli Kredit Xətti Müqaviləsinin müddəti 07 avqust 2009-cu il tarixdə bitmişdir. Buna baxmayaraq tərəflər müddəti bitmiş uzunmüddətli Kredit Xətti Müqaviləsinin şərtlərinin dəyişdirilməsi, o cümlədən müddətinin uzadılması barədə 25 oktyabr 2019-cu il tarixdə razılığa gəlmişlər və bundan sonra AccessBank QSC qüvvədən düşmüş uzunmüddətli Kredit Xətti Müqaviləsi üzrə X1 öhdəliklərinin icrasının təmin edilməsi üçün onunla zaminlik müqaviləsi bağlamışdır. Halbuki, Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu maddənin mənasına görə uzunmüddətli Kredit Xətti Müqaviləsinin müddəti 07 avqust 2019-cu il tarixdə bitdiyi üçün o, 25 oktyabr 2019-cu il tarixdə mövcud olmamışdır və ona dəyişiklik edilə bilməzdi. Onunla bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi isə məhz həmin, qüvvədədən düşmüş 07 avqust 2009-cu il tarili Üzunmüddətli Kredit Xətti Müqaviləsi üzrə X1 öhdəliklərinin icrasının təmin edilməsi üçün bağlanmışdır. O, cavabdeh X2 ilə AccessBank QSC arasında 07 avqust 2009-cu il tarixdə 120 ay müddətinə bağlanmış Uzunmüddətli Kredit Xətti Müqaviləsi üzrə X1 öhdəlikləri üçün xx.xx.2019-cu il tarixdə zamin durmuş və xx.xx.2019-cu il tarixdə həmin Üzunmüddətli Kredit Xətti Müqaviləsi üzrə X1 AccessBank QSC qarşısında heç bir öhdəliyi olmamışdır. X2 ilə AccessBank QSC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 056R********** №li kredit razılaşması ayrıca bir müqavilədir və ona qədər qüvvədən düşmüş Uzunmüddətli Kredit Xətti Müqaviləsinin tərkib hissəsi kimi götürülə bilməz. O isə həmin, xx.xx.2019-cu il tarixli, 056R********** №li kredit razılaşması üzrə X1 öhdəliklərinin icrası üçün zamin durmamışam və belə bir zaminlik müqaviləsini də AccessBank QSC ilə imzalamamış, həmin, xx.xx.2019-cu il tarixli, 056R********** №li kredit razılaşması üzrə müxtəlif tarixli bir neçə ödəniş planlarında “tanış oldum, razıyam” ifadəsi qarşısında onun imzasının olması AccessBank QSC ilə onun arasında zaminlik müqaviləsinin olması anlamına gəlmir. xx.xx.2019-cu il tarixdə bağlanmış 056R********** №li kredit razılaşması (hansı ki, ayrıca bir müqavilədir və öhdəlikdir) üzrə borclu X1 iddiaçı qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməmiş və əksini təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş planları üzərindəki imzaları Mülki Məcəllənin 470.1 və 471-ci maddələrinin imperativ tələblərini ödəmir və zaminlik müqaviləsi hesab oluna bilməz.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddia ərizəsinə dair yazılı etirazın məzmununa uyğun izahat verib iddianın Cavabdeh1 aid olan hissədə təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, əsas borcun tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə etiraz etmədiyini, faiz və cərimə borclarının silinməsini, habelə borcun zaminlər Cavabdeh1 və Cavabdeh3 tutulmamasını xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qismən qəbul etdiyini, əsas borcun tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə etiraz etmədiyini, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində göstərilmiş 20000 manat müəyyən edilməsinə etirazının olmadığını göstərib, faiz və cərimə borclarının silinməsini, habelə borcun zaminlər Cavabdeh1 və Cavabdeh3 tutulmamasını xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmiş, iddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və Cavabdeh3 iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında kredit razılaşması və bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir.

12. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsi üzrə 31 oktyabr 2019-cu il tarixli 056R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 20000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 48 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür.

13. Həmin razılaşmanın 1.3-cü bəndinə əsasən kredit alana kredit fərdi mikro kredit məqsədi üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir.

14. Həmin razılaşmanın 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur.

15. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli 10L000001046SA nömrəli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqavilənin 1.1, 1.2 və 1.3-cü bəndlərinə dəyişiklik edilmişdir. Həmin Sazişin 1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsini açır. Kredit razılaşmaları əsasında istənilən məbləğ 242 ay müddətinə, xx.xx.2029-cu il tarixdən gec olmayaraq verilməlidir. İllik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur.

16. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli 10L000001046S nömrəli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqavilənin 1.1, 1.2 və 1.3-cü bəndlərinə dəyişiklik edilmişdir. Həmin Sazişin 1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 60000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsini açır.

17. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 24 aprel 2020-ci il tarixli 056R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsi üzrə 31 oktyabr 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 24 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

18. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 08 iyul 2020-ci il tarixli 056R**********SA nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsi üzrə 31 oktyabr 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 08 iyul 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

19. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 14 oktyabr 2020-ci il tarixli 056R**********SB nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsi üzrə 31 oktyabr 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 14 oktyabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

20. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 10 fevral 2021-ci il tarixli 056R**********SC nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsi üzrə 31 oktyabr 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 10 fevral 2021ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

21. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli 056R**********SD nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31 oktyabr 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 29 oktyabr 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

22. İddiaçı və Cavabdeh4 arasında bağlanmış 26 oktyabr 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan – ünvan 2i ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,9 m2 olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evini 07 avqust 2009-cu il tarixdə Bakı şəhərində bağlanmış 10L000001046 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Əsas öhdəlik iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi, tərəflər arasında bağlanan ayrıca razılaşmalardır. Kredit xətti müqaviləsinin müddəti 242 ay, faiz dərəcəsinin yuxarı həddi 28 faiz, kredit xətti məbləği 300000 ABŞ dolları təşkil edir.

23. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 20000 manat təşkil edir.

24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən 85,9 kv.m olan yaşayış məntəqələrinin torpaqları iddiaçının xeyrinə yüklü edilmişdir.

25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınma zəmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən 85,9 kv.m olan fərdi yaşayış evi Cavabdeh4 adına rəsmiləşdirilmişdir.

26. Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti başçısının Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xx-xx/1352 nömrəli arayışdan görünür ki, Cavabdeh4 həqiqətən ünvan 2ində 1 mərtəbəli 2 otaqlı 859,01 kv.m ümumi 48,4 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin sahibidir.

27. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və Cavabdeh2 arasında bağlanmış 056R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə cavabdehin xx.xx.2023-cü il tarixə əsas borcu 15838,77 manat, faiz borcu 3281 manat, cərimə borcu isə 782,09 manat olmaqla, ümumilikdə borcu 19901,86 manat təşkil edir.

28. İddiaçı və Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 056S**********03 nömrəli zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh2 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zamin bank qaşrısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Kredit xətti müqaviləsinin məbləği 300000 ABŞ dolları, müddəti 242 ay, illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz təşkil edir.

29. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 056S**********901 nömrəli zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh2 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zamin bank qaşrısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Kredit xətti müqaviləsinin məbləği 300000 ABŞ dolları, müddəti 242 ay, illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz təşkil edir.

30. İddiaçı və Cavabdeh4 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli 056S**********901 nömrəli zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh2 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zamin bank qaşrısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Kredit xətti müqaviləsinin məbləği 300000 ABŞ dolları, müddəti 242 ay, illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz təşkil edir.

31. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

32. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

33. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

34. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

35. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

36. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

37. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

38. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

39. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

40. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

41. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

42. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

43. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

44. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

45. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

46. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən borcluya 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 31 oktyabr 2019cu il tarixli 056R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 20000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 48 ay müddətinə оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə krеditə götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka qaytarmamışdır. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə həmçinin Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 16 sentyabr 2019-cu il tarixli **********25-10301 reyestr nömrəli ipoteka müqaviləsi əsasında ünvan 2i ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,9 m2 olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.

47. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin təlbələrinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməlidir.

48. Məhkəmə Cavabdeh1 zaminlik müqaviləsinin bağlanmamış hesab edilməli olması barədə dəlili ilə razılaşmır.

49. Belə ki, materiallardan görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinin müddəti xx.xx.2019-cu ildə bitmiş, daha sonra tərəflər arasında yenidən xx.xx.2019-cu il tarixdə kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilədə borcluya veriləcək kreditin yuxarı həddi, illlik faiz dərəcəsinin yuxarı həddi və kreditin qaytarılmalı müddəti konkret olaraq göstərilmiş, həmin müqavilədən sonra iddiaçı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 arasında zaminlik və ipoteka müqavilələri imzalanmış, zaminlik müqavilələrində, habelə ipoteka müqaviləsində əsas öhdəliyin həcmi konkret olaraq göstərilmiş, iddiaçı ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi isə xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsi çərçivəsində (kreditin məbləği – 20000 manat, aylıq faiz dərəcəsi – 1.9167 faiz, müddəti – 48 ay) bağlanmışdır.

50. Bundan əlavə, ddiaçı ilə əsas borclu arasında kredit müqaviləsi bağlanarkən, onlara dəyişiklik və əlavələr edilərkən zaminlərin və ipoteka qoyanın yazılı razılığı alınmış, həmin müqavilələr, müqavilələrdə onlara məxsus olan imzalar mübahisələndirilməmişdir.

51. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

52. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

53. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqavilələri üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 31 oktyabr 2019-cu il tarixli 056R********** nömrəli kredit razılaşması üzrə 15838,77 manat krеdit bоrcu, 3281 manat faiz bоrcu və 782,09 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh4 məxsus ünvan 2i ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,9 m2 olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evini yönəldilməli, həmin ipoteka predmeti ilkin satış qiyməti 20000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və əldə edilmiş vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh4 qaytarılmalıdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 200 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 15 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada 15838,77 manat əsas borc, 3281 manat faiz borcu, 782,09 manat dəbbə pulu, ödənilmiş 245 manat dövlət rüsumu, ümumilikdə 20146,86 (iyirmi min bir yüz qırx altı manat səksən altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh4 məxsus ünvan 1i ünvanındakı 0.08 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 85.9 kv.m. olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin ipoteka predmetinin ilkin satış qiyməti 20000 (iyirmi min) manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına ümumilikdə 20146,86 (iyirmi min bir yüz qırx altı manat səksən altı qəpik) manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh4 qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar