Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4350/2024 25.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (“X8 Stansiyası” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “elektrik enerjisinin əvəzləşdirilərək borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: elektrik enerjisinin əvəzləşdirilərək borcun silinməsi) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (“X8 Stansiyası” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “elektrik enerjisinin əvəzləşdirilərək borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi və iddia ərizəsinin əlavə ilə məhkəməyə müraciət edərək, “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 310000 kVt hissəsinin İddiaçı MMC ilə əvəzləşdirilməklə yaranmış 31000 manat məbləğində borcun silinməsi vəzifəsinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X8 Stansiyası” MMC ilə "xxxx" ASC arasında elektrik enerjisinin tranzit ötürülməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “X8 Stansiyası” MMC istehsal etdiyi elektrik enerjisini "xxxx" ASC-nin şəbəkələrinə ötürür və “X8 Stansiyası” MMC-nin müəyyənləşdirdiyi abonentlər ilə "xxxx" ASC arasında akt tərtib edilərək şəbəkəyə ötürülmüş elektrik enerjisi həmin abonentlərlə istehlak etdiyi elektrik enerjisi ilə əvəzləşdirilir, daha sonra həmin müəssisələr “X8 Stansiyası” MMC-nin pulunu ödəyir. “X8 Stansiyası” MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər 783 590 kVts elektrik enerjisi istehsal olunaraq "xxxx" ASC-yə ötürülmüş və bu xx.xx.2024-cü il tarixliaktla təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli, 05 nömrəli məktubla “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 310000 kVts hissəsinin İddiaçı MMC-yə ötürülməsi və onunla əvəzləşdirilməli olması barəsində "xxxx" ASC-yə rəsmi məlumat verilmişdir. Buna görə də İddiaçı MMC-nin hazırda elektrik enerjisinə görə "xxxx" ASC-yə borcu yoxdur. Bir müddət əvvəl "xxxx" ASC tərəfindən guya ki İddiaçı MMC-nin borcu olması səbəbindən əsassız olaraq İddiaçı MMCyə elektrik enerjisinin verilişi dayandırılmışdır. İddiaçı MMC-nin elektrik enerjisinin ödənilməsi ilə əlaqədar borcunun olması həqiqətə uyğun deyildir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbində qeyd olunanları müdafiə edib əlavə olaraq bildirmişdir ki, “X8 Stansiyası” MMC ilə "xxxx" ASC arasında elektrik enerjisinin tranzit ötürülməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “X8 Stansiyası” MMC istehsal etdiyi elektrik enerjisini "xxxx" ASC-nin şəbəkələrinə ötürür və “X8 Stansiyası” MMC-nin müəyyənləşdirdiyi abonentlər ilə "xxxx" ASC arasında akt tərtib edilərək şəbəkəyə ötürülmüş elektrik enerjisi həmin abonentlərlə istehlak etdiyi elektrik enerjisi ilə əvəzləşdirilir, daha sonra həmin müəssisələr “X8 Stansiyası” MMC-nin pulunu ödəmişdir. xx.xx.2024-cü il tarixli, 05 nömrəli məktubla “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 310 000 kVts hissəsinin İddiaçı MMC-yə ötürülməsi və onunla əvəzləşdirilməli olması barəsində "xxxx" ASC-yə rəsmi məlumat verilmişdir. Buna görə də İddiaçı MMC-nin hazırda elektrik enerjisinə görə "xxxx" ASC-yə borcu yoxdur. Bir müddət əvvəl "xxxx" ASC tərəfindən guya ki İddiaçı MMC-nin borcu olması səbəbindən əsassız olaraq İddiaçı MMC-yə elektrik enerjisinin verilişi dayandırılmışdır. İddiaçı MMC-nin “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin əvəzləşdirilməsi səbəbindən borcu mövcud deyildir. Elektrik enerjisinin verilməsi dayandırıldığından müəssisənin fəaliyyəti dayanmış və bu səbəbdən müəssisə bir sıra problemlərlə üzləşmişdir. Elektrik enerjisi tam olaraq əvəzləşdirilməmişdir. Onlar 310000 ktv qeyd eləmiş, lakin "xxxx" ASC 31263 ktv əvəzləşdirmiş, tam əvəzləşdirilmə barədə məktub yoxdur. Sonda o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddia tələbini qəbul etmir. Abonent kodu əsasında abonent saldosunu məhkəməyə təqdim edildikdən sonra borc məbləğinin müəyyənləşdirilə biləcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tədqiq olunan sübutlar İş materiallarında olan: “X8 Stansiyası” MMC (İstehsalçı) ilə "xxxx" ASC (Təchizatçı) arasında Elektrik enerjisinin ötürülməsi haqqında 01 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən İstehsalçı” "xxxx" tərəfindən istehsal olunub “Enerji ötürən”-“Azərişıq" ASC-nin şəbəkəsi vasitəsilə “İstehsalçı”nın istehlakçılarına ötürüləcək elektrik enerjisinin hər kVt.s-nın dəyəri (ƏDV daxil olmaqla) 0.4 qəpik təşkil edir. İllik, rüblük və aylıq elektrik enerjisinin istehsalının proqnoz göstəriciləri və maksimal güc qrafiki hər müvafiq il üçün Energetika Nazirliyi tərəfindən təsdiq edilərək, bu müqaviləyə əlavə olunur. “İstehsalçı”nın və “Enerji ötürən”in enerjinin təhvil-təsliminə dair sərhəd nöqtəsi olaraq qəbul edilmiş "xxxx"-də 35 kV-lıq bölmələrarası yağ açarında quraşdırılmış “ELSTER” tipli elektrik sayğacının göstəriciləri əsasında “Aran" RETSİ-nin X2 ilə ikitərəfli qaydada tərtib etdikləri sərfiyyat aktı əsas hüquqi sənəddir və hesablaşma həmin sənədə əsasən aparılır. “X8 Stansiyası” MMC-nin "xxxx" ASC-nin ərazisində olan enerji ötürdüyü müəssisələrin siyahısında "xxxx" MMC qeyd edilmiş və onun orta aylıq istehlak olunan enerjinin həcmi 500000 - ******* kVts müəyyən olunmuşdur. Müqavilənin 4-cü bəndinə əsasən elektrik enerjisinin ötürmə marşrutu aşağıdakı kimidir: “İstehsalçı” “Muğan SES" - “Enerji ötürən” “Azərişıq" ASC-nin enerji təchizatı şəbəkəsi- “İstehsalçı”nın enerji satacağı müəssisələrinin (Bakı şəhəri və regionlarda yerləşən) enerji qəbulu üzrə sərhəd nöqtələri. Müqavilənin 5-ci bəndinə əsasən “İstehsalçı”da sərhəddə quraşdırılmış hesabat sayğacının göstəriciləri əsas götürülərək, “İstehsalçı və “Enerji ötürən” arasında tərtib edilmiş akta əsasən istehsal edilib ötürülən enerjidən "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin X2 ərazisində “İstehsalçının enerji satacağı müəssisələrinin işlətdiyi enerji çıxıldıqdan sonra, artıq qalan enerji "xxxx" ASC-nin Bakı regionu ərazisində yerləşən “İstehsalçı”-nın müəssisələrinə ötürülür. Müqavilənin 6-cı bəndinə əsasən ötürülən elektrik enerjisinin kəmiyyəti “Enerji ötürən” ilə “İstehsalçı”nın müəssisələrinin istifadə etdikləri elektrik enerjisinin sərfiyyat aktları əsasında hər ay üzləşdirilərək rəsmiləşdirilir. Müqavilənin 7-ci bəndinə əsasən "İstehsalçı”nın işə buraxılması üçün (xüsusi sərfiyyat) sərhəddə quraşdırılmış hesabat sayğacının göstəricisinə əsasən. “Enerji ötürən”dən idxal etdiyi elektrik enerjisi “İstehsalçı” ilə “Enerji ötürən” arasında tərtib edilmiş aktda göstərilir və aktda göstərilən (idxal edilən) enerjinin haqqı “Enerji ötürən”ə qanunvericiliklə müəyyən edilmiş müvafiq qiymətlə ödənilir. “X8 Stansiyası” MMC (Satıcı) ilə "xxxx" MMC (Alıcı) arasında bağlanmış 14 yanvar 2024-cü il tarixli Elektrik enerjisinin alqı-satqısı müqaviləsinə əsasən “Satıcı” müqavilə üzrə müəyyən edilmiş şərtlər əsasında elektrik enerjisini “Alıcı”-ya satmağı, “Alıcı” isə bu müqavilə ilə razılaşdırılmış qaydada elektrik enerjisinin dəyərini “Satıcı”-ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 14 yanvar 2022-ci il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Bu qayda növbəti illərə də şamil edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən “Satıcı” hər ay "xxxx" ASC-yə “Alıcı”-ya ötürmək istədiyi elektrik enerjisinin miqdarı barəsində məlumat verir. Bu əsasla da “Alıcı” ilə "xxxx" ASC “Satıcı” tərəfindən “Alıcı”-ya ötürülmüş elektrik enerjisinin miqdarı barədə akt tərtib edilir. Bu akt “Satıcı” tərəfindən “Aİıcı”-ya müvafiq elektron qaimənin verilməsi üçün əsas hesab edilir. "xxxx" ASC-nin təchizat şəbəkəsinə, Müstəqil enerji istehsalçısı "xxxx" MMC-dən 2024-cü il yanvar-aprel aylarında istehsal olunaraq ötürülən elektrik enerjisi sərfiyyatı haqqında xx.xx.2024-cü tarixli Aktdan görünür ki, 35 kV-luq "xxxx" h/x, xüsusi sərfiyyat – istehsal rejimi üzrə 847448 kvts enerji istehsal edilmiş, Bakı RETSİ-nə 783590 kvts enerji ötürülmüşdür. Azərbaycan Respublikası “X8 Stansiyası” MMC tərəfindən "xxxx" ASC-nin Satış departamentinin direktoru Elçin Dadaşova ünvanlanmış məktubundan görünür ki, “X8 Stansiyası” MMC ilə "xxxx" ASC arasında təsdiqlənmiş akta əsasən 01 yanvar 2024-cü il 01 may 2024-cü il tarixədək “X8 Stansiyası” MMC tərəfindən istehsal edilərək ötürülən 783590 kvts elektrik enerjisindən "xxxx" MMC-yə 310000 kvts, “Azərkimya İstehsal və X3” ASC-yə 75000 kvts, "xxxx" MTK-nə 398590 kvts əvəzləşdirmə aparılmasına köməklik göstərilməsini xahiş etmişdir. "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin sədri Vüqar Əhmədova ünvanlanmış məktubundan görünür ki, “X8 Stansiyası” MMC-nin 01 yanvar 2024-cü il 01 may 2024-cü il tarixləri ərzində istehsal edərək ötürdüyü elektrik enerjisindən Holdingin tərkibinə daxil olan "xxxx" MMC ilə 310000 kvts, “Azərkimya İstehsal və X3” ASC ilə 75000 kvts, qalan istehsal olunaraq ötürülmüş elektrik enerjisinin isə "xxxx" MTK ilə əvəzləşdirmə aparılmasına göstəriş verilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən “X8 Stansiyası” MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 13-13/2-1/07-8252/2024 nömrəli məktubdan görünür ki, “X8 Stansiyası" MMC tərəfindən 2024-cü ilin yanvar - aprel dövrü ərzində istehsal edilmiş 783590-kVts elektrik enerjisinin 752327 kVts hissəsi "xxxx" MTK, 31263 kVts hissəsi isə "xxxx" MMC ilə əvəzləşdirilmişdir. "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 16 oktyabr 2024-cü il tarixli, NDQ seriyalı, 017712 №-li aktın surətindən görünür ki, baxış zamanı məlum olmuşdur ki, sayğac sxemdən keçən yükü tam qeyd etmir. Belə ki, sayğacın elektron baxış tablosu sönüb, impuls lampası dəyişmir. Sayğac yeni ilə əvəz edilmişdir. Çıxarılmış sayğacın bütün parametrlərini laboratoriya şəraitində baxılıb rəy verilmişdir. “X8 Stansiyası” MMC tərəfindən istehsal olunaraq ötürülən elektrik enerjisinin “Azərişıq" ASC-yə rəsmi müraciətlə əvəzləşdirilməsi barədə məlumat cədvəlindən görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il dövləri üzrə "xxxx" MMC-yə 310000 kv/st əvəzləşdirilmənin aparılması nəzərdə tutulmuşdur. MT2406 seriyalı, 10122354 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən istifadə olunmuş 317079 kv/st həcminə uyğun olaraq elektrik enerjisinin dəyəri 31707,9001 manat hesablanmaqla, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 403.1-cü maddəsinə əsasən üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. 403.2-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. 403.3. Xüsusi qeyd-şərt olmadıqda, işin hallarına, o cümlədən onun məqsədinə əsasən aşağıdakılar müəyyənləşdirilməlidir: 403.3.1. üçüncü şəxs hüquq əldə etməlidir, yoxsa əldə etməməlidir; 403.3.2. bu hüquq dərhal, yoxsa müəyyən ilkin şərtlər olduqda əmələ gəlir; 403.3.3. üçüncü şəxsin razılığı olmadan onun hüququna xitam verməyə və ya hüququnu dəyişməyə müqavilənin tərəflərinin ixtiyarı var, yoxsa yox. 403.6-cı maddəsinə əsasən borclu kreditora qarşı irəli sürə biləcəyi etirazları müqavilədə üçüncü şəxsin tələbinə qarşı irəli sürə bilər. 403.7-cü maddəsinə əsasən üçüncü şəxs müqavilə üzrə ona verilmiş hüquqdan imtina etdikdə, kreditor həmin hüquqdan, əgər bu Məcəlləyə və müqaviləyə zidd deyilsə, istifadə edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1.12-ci maddəsinə əsasən elektroenergetika obyektləri – elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi və paylanması prosesində istifadə olunan elektrik stansiyaları, yarımstansiyalar, elektrik verilişi xətləri, mərkəzi operativ-dispetçer idarəetməsini təmin edən bina və qurğulardır. 1.1.17-cü maddəsinə əsasən elektrik enerjisinin istehsalçısı (istehsalçı) – elektrik enerjisinin istehsalını həyata keçirən elektroenergetika subyektidir. 1.1.18-ci maddəsinə əsasən elektrik enerjisinin təchizatçısı (təchizatçı) – istehlakçıları elektrik enerjisi ilə təchiz edən elektroenergetika subyektidir. 1.1.19-cu maddəsinə əsasən elektrik enerjisinin istehlakçısı (istehlakçı) – öz ehtiyacları üçün elektrik enerjisini satın alan sərbəst və ya sərbəst olmayan istehlakçı, habelə məişət və ya qeyri-məişət istehlakçısıdır. 1.1.33-cü maddəsinə əsasən elektrik enerjisinin təchizatı – elektrik enerjisinin istehlakçılara elektrik enerjisinin təchizatı müqavilələri əsasında satışıdır. 19.7-ci maddəsinə əsasən elektrik enerjisi istehlakçısının hüquqları aşağıdakılardır: 19.7.1. bu Qanunun tələblərinə uyğun olaraq elektrik şəbəkələrinə qoşulmaq; 19.7.2. təchizatçı ilə müqavilə bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək; 19.7.3. elektrik enerjisinin təchizatı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun, etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmaq; 19.7.4. öz istehlakı üçün elektrik enerjisini saxlamaq; 19.7.5. elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq elektrik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın təchizatçı tərəfindən ödənilməsini tələb etmək; 19.7.6. təchizatçıdan bu Qanunla müəyyən edilən hallarda bildiriş almaq; 19.7.7. təchizatçı tərəfindən təklif olunan elektrik enerjisinə görə ödəniş üsullarından və sistemlərindən birini seçmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.5-ci bəndinə əsasən abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. 8.14-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “X8 Stansiyası” MMC ilə "xxxx" ASC arasında elektrik enerjisin ötürülməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" ASC “X8 Stansiyası” MMC tərəfindən istehsal olunan elektrik enerjisini “X8 Stansiyası” MMC-nin istehlakçıları sırasında qeyd olunan "xxxx" MMC-yə ötürməyi, “X8 Stansiyası” MMC isə müqavilənin 13-cü bəndinə əsasən elektrik enerjinin ötürülməsi haqqını ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin "xxxx" ASC müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, tərəflər arasında təsdiqlənmiş akta əsasən 01 yanvar-01 may 2024-cü il dövrü üzrə “X8 Stansiyası” MMC tərəfindən istehsal edilən 783590 kvts elektrik enerjisindən 310000 kvts enerjini "xxxx" MMC-yə ötürməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliyini yerinə yetirməməsi cavabdeh tərəfindən üçüncü şəxs olan “X8 Stansiyası” MMC-yə ünvanlanmış məktubla da təsdiq olunur. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 403.2-ci maddəsinə əsasən onun xeyrinə bağlanmış müqavilə üzrə öhdəliyin icrasını tələb edə etmək hüququ əmələ gəlmişdir. Belə ki, üçüncü şəxs “X8 Stansiyası” MMC-nin ötürdüyü elektrik enerjisi cavabdeh tərəfindən tərəflərin razılışdığı qaydada əvəzləşdirilmədən, nəzərdə tutulmuş sərfiyyatın qalan hissəsini “X8 Stansiyası” MMC-nin istehlakçıları sırasında qeyd olunmuş digər hüquqi şəxs olan "xxxx" MTK-nın ümumi borcuna silinmişdir. Bu səbəbdən məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, üçüncü şəxs “X8 Stansiyası” MMC tərəfindən iddiaçının xeyrinə müqavilə üzrə nəzərdə tutulmuş elektrik enerjisinin 310000 kv/st hissəsinin cavabdehə ötürdüyünü, cavabdehin isə öz öhdəliyini lazımi qaydada icra etməyərək iddiaçı ilə həmin həcmdə elektrik enerjisini əvəzləşdirmə aparmadığını nəzərə alaraq hesab edir ki, üçüncü şəxs “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 310000 kv/st hissəsi iddiaçı ilə əvəzləşdirilərək cavabdeh tərəfindən iddiaçıya hesablanmış 31000 manat məbləğində borc silinməlidir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “X8 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 310000 kv/st hissəsi iddiaçı "xxxx" MMC ilə əvəzləşdirilərək cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya hesablanmış 31000 (otuz bir min) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4350/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4350/2024
25.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver