Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4354/2025 17.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqaviləsi, faiz, cərimə borcu, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı X1-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X1-bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3839.00 AZN, faiz borcuna görə 870.17 AZN, cərimə borcuna görə 117.27 AZN, cəmi 4826.44 (dörd min səkkiz yüz iyirmi altı manat qırx dord qəpik) AZNməbləğində borcun və 68.27 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı"xxxx" MMM QBKTilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********7187 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 ( beş min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 281 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********7***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025 - ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 3839.00 AZN, faiz borcuna görə 870.17 AZN, cərimə borcuna görə 117.27 AZN, cəmi 4826.44 (dörd min səkkiz yüz iyirmi altı manat qırx dord qəpik) AZN təşkil edir. Qeyd etmək istəyirik ki, mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəfimizdən cavabdehlərə xx.xx.2025-ci il tarixində Pretenziya məktubu göndərilmişdir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz.Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. MPM-nin149.2.3 maddənin tələbinə müvafiq olaraq, tələbin əsası kimi istinad edilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: 1) Kredit müqaviləsi; 2) FİNCARD kreditvermə qəbzi; 3) Kredit kartının mədaxil Aktı; 4) Zaminlik müqaviləsi; 5) Maliyyə arayışı; 6) Müştəri qeydiyyat forması; 6) Pretenziya və onun əldə olunmasına dair sənəd;
II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı X1-bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********7187 saylı kredit müqaviləsinə əsasən:
5. Müqavilənin 1.1-ci maddəsinə əsasən kredit Verən Kredit Alana sonuncunun ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 5000.00 manat məbləğində pul vəsaitini (bundan sonra "Kredit") verməyi, Kredit Alan isə verilmiş Krediti, o cümlədən Kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında Kredit Verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür.
6. Müqavilənin 1.2-ci maddəsinə əsasən kredit üzərində 30.00% illik faiz (bundan sonra "Nominal Faiz") hesablanacaqdır və Nominal Faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır.
7. Müqavilənin 1.3-cü maddəsinə əsasən kreditin verilməsinə görə Kredit Alan Kredit Verənə Kreditin məbləğinin 3.8 %-i miqdarında komissiya ödəyir. Kredit Alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, Kredit Alan Kredit Verənə Müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir.
8. Müqavilənin 1.5-ci maddəsinə əsasən kredit üzrə Faktiki illik faiz dərəcəsi (bundan sonra “FİFD” adlandırılacaq) 35% təşkil edir. Bu Müqaviləyə tərəflər anlayır və qəbul edirlər ki, burada nəzərdə tutulan FİFD Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq təlimatlarına və göstərişlərinə müvafiq olaraq müəyyən edilmişdir, və Müqavilədə göstərilən FİFD-də girov və ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi və sair xərclərlə bağlı ola biləcək hər hansı əhəmiyyətli olmayan dəyişikliyə və ya uyğunsuzluğa görə Kredit Verən heç bir məsuliyyət daşımayacaqdır.
9. xx.xx.2023-cü il tarixli Kredit Kartının Mədaxil (Qəbul) Aktına əsasən, Cavabdeh2 balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********089710 saylı kredit kartı təqdim edilmişdir.
10. Borcun təminatı kimi Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli, **********7***-******* saylı Zaminlik müqaviləsi bağlanmışdır. hHəmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür.
11. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2025-ci il tarixinə olan əsas borcu - 3839.00 manat, faiz borcu - 870.17 manat, cərimə borcu - 117.27 AZN, cəmi 4826.44 manat təşkil edir.
12. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
19. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
20. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
22. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və təminat müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və təminat müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
24. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və təminat müqaviləsinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya xx.xx.2023-cü il tarixli, **********7187 saylı kredit müqaviləsi üzrə 3839 manat əsas borc məbləği, 870,17 manat faiz borcu borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
25. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış 117,27 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Məhkəmə hesab edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
28. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından 117,27 manat məbləğində müəyyən edilməlidir.
29. Məhkəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 68,27 manat dövlət rüsumu ödənilmişdir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
IV. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3839 manat əsas borc, 870,17 manat faiz borcu, 117,27 manat dəbbə pulu, cəmi 4826,44 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 68,27 manat tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova