Məhkəmə qərarları › İş №e-2-2(113)-4355/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4355/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4355/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin (Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən DCS00380675-02 saylı kredit müqaviləsinə əsasən 86774,55 manat əsas borc, 4724,90 manat faiz borcu, 966,54 manat cərimə borcu olmaqla, cəmi 92465,99 manat məbləğində borcun, həmçinin ödənilmiş 368 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 05543LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli DCS00380675-02 saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “23” dekabr 2021-ci il tarixli ZM-2794/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. Lakin Borcalan müqavilə üzrə öhdəliklərini 424 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00380675-02 saylı kredit müqaviləsinə əsasən 86774,55 manat əsas borc, 4724,90 manat faiz borcu, 966,54 manat cərimə borcu olmaqla, cəmi 92465,99 manat təşkil edir. İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 368 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələri gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli onGTC-05543LE/2019 saylı razılaşmanın 1-ci bəndinə əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə” 27 dekabr 2021-ci il tarixli DCS00380675-02 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Kreditor Azərbaycan Respublikası X1 23 dekabr 2021-ci il tarixli ZM-2794/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədi istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 150000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verir. Müqavilənin 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunun bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir. Müqavilənin 1.5.1-ci bəndinə əsasən kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürməsinə dair “Nümayəndə2” ilə kreditor arasında zaminlik müqaviləsi bağlanılır. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit üzrə faizlərin hesablanması ildə 360 təqdim günü, ayda isə 30 təqdim günü götürülməklə həyata keçirilir. Faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 150000 manat olan illik faiz dərəcəsi 15%, subsidiya dərəcəsi illik 7.50% olan 24 ay müddətinə verilmiş kredit üzrə "xxxx" MMC 27 yanvar 2021-ci il tarixdən 27 dekabr 2023-cü il tarixinə qədər hər ayın 27-i olmaqla ilk ay 7210,50 manat, digər aylar üzrə 7273 manat ödəməlidir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli PB/PBL-OUT-00149-2024/4 saylı maliyyə arayışına əsasən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri 27 dekabr 2021-ci il tarixli DCS00380675-02 saylı kredit müqaviləsinə əsasən 86774,55 manat əsas borc, 4724,90 manat faiz borcu, 966,54 manat cərimə borcu olmaqla, cəmi 92465,99 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 368 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə 27 dekabr 2021-ci il tarixli DCS00380675-02 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehin öhdəliyini icra etmədiyini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasındakı müqaviləyə əsasən 86774,55 manat məbləğində əsas borc, 4724,90 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında imzalanmış 27 dekabr 2021-ci il tarixli DCS00380675-02 saylı kredit müqaviləsinə əsasən 966,54 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 966,54 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş 368 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən DCS00380675-02 saylı kredit müqaviləsinə əsasən 86774,55 manat əsas borc, 4724,90 manat faiz borcu, 966,54 manat cərimə məbləği olmaqla cəmi 92465 (doxsan iki min dörd yüz altmış beş) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş 368 (üç yüz altmış səkkiz) manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar