Məhkəmə qərarları › İş №e-2-2(113)-4357/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4357/2023

06.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4357/2023 06.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: stansiya xidmətləri, elektron qaimə, ödəniş tapşırığı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 2020-ci ilin aprel, may və iyun aylarında cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 14798,19 manat və 200 manat ödənilmiş mediasiya xərci, cəmi 14998,19 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Cavabdeh MMC-yə 2020-ci ilin aprel, may və iyun aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Xaçmaz stansiyasında göstərilmiş xidmətlərə (“ümumiləşmiş vahid yığım”, “plomb üçün yığım” və s.) görə Cavabdeh MMC-yə 14 798,19 manat yığım hesablanmışdır. Bununla bağlı, Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Mursaqulov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təqdim edilmiş elektron qaimələrin bir qismi ödənilmiş, qalıq 14798,19 manat məbləğində borc ödənilməmişdir. Bundan əlavə, göstərilmiş stansiya xidmətləri ilə bağlı tərtib edilmiş sənədlər cavabdehin etibarnamə (materiallara əlavə edilmişdir) üzrə nümayəndəsi tərəfindən də imzalanmışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı tərəfindən cavabdehə EBAL 413471 nömrəli xx.xx.2020-ci il tarixli 7528,56 manat məbləğində, EBAK 134510 nömrəli xx.xx.2020-ci il tarixli 1673,68 manat məbləğində, EBAM 706511 nömrəli xx.xx.2020-ci il tarixli 7940,29 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.

8. İddiaçının yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydalarına əsasən X8, X6, X5 haqqında sazişi rəhbər tutaraq dəmir yolu xidmətlərindən istifadə edən bütün yük göndərənlərdən, yükalanlardan və dalan yolu sahiblərindən stansiyalar tərəfindən onlara göstərilmiş xidmətlərə görə yığımlar tutulur.

9. 05.05.2020-ci il tarixli 49 nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 1673,60 manat məbləğində pul ödənilməlidir.

10. 04.06.2020-ci il tarixli 62 nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 7528,13 manat məbləğində pul ödənilməlidir.

11. 06.07.2020-ci il tarixli 77 nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 5595,65 manat məbləğində pul ödənilməlidir.

12. 02.07.2020-ci il tarixli 267CHDP201840033 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2344,36 manat məbləğində ödəniş həyata keçirilmişdir.

13. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, X1 Azəbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlət Agentliyində, X2, Dövlət Gömrük Komitəsində, İqtisadiyyat Nazirliyinfən və ixrac-idxal əməliyyatları üçün tələb olan bütün dövlət və qeyri-hökümət təşkilatlarında təmsil etmək, adından çıxış etmək, rəsmiləşdirmə aparmaq, ixrac-idxal əməliyyatlarının yerinə yetirilməsi üçün zəruri bütün hərəkətləri etmək, malı təhvil almaq, cavabdehə çatası kağızları, sənədləri, gömrük prosedurları üçün zəruri olan hər bir əşyanı almaq, aldığına dair imza etmək səlahiyyəti verilmişdir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin aprel, may və iyun aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə ümumilikdə 17142,55 manat məbləğində yığım hesablanmış, göstərilmiş xidmətlərin dəyərinin bir hissəsi (2344,36 manat) ödənilmiş, qalıq borc ödənilməmiş qalmışdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən 2020-ci ilin aprel, may və iyun aylarında stansiya xidmətlərinin göstərilməsinə görə qalıq 14798,19 manat tutularaq iddiaçıya ödənilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

23. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01021 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.

24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 14798,19 (on dörd min yeddi yüz doxsan səkkiz manat on doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 14998,19 (on dörd min doqquz yüz doxsan səkkiz manat on doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar