Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4357/2024 18.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi və.s” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06/5925/YİLİZ nömrəli X3 Müqaviləsinin xitam olunması, İddiaçı MMC-yə məxsus, “Renault Megane” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06/5925/YİLİZ nömrəli X3 Müqaviləsinə əsasən xx.xx.2024-cü il cü il tarixədək yaranmış 9.804,3 manat əsas borc, 999,49 manat mükafat borcu və 122,86 manat penya olmaqla, cəmi 10.926,65 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 124 dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06/5925/YİLİZ nömrəli X3 Müqaviləsinə əsasən bü müqavilədə göstərilən 1(bir) ədəd, 2007-ci il buraxlışı olan, “Renault Megane” minik markalı (ban VF1KMSEB6********) **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh istifadəsinə vermişdir. Müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 10.954 manat təşkil edir. Bu ümumi məbləğdən 1.524 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər ay 304,28 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 10 (on) % olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən 36 ay müddətində hər ay 304.28 manat ödəniş etməli olduğu təqdirdə hec bir ödəniş aparılmamışdır.
I. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verməklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
II. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
8. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
9. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.
10. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).
11. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)
12. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)
13. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
14. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
16. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixli 06/5925/YİLİZ lizinq müqaviləsi bağlanmışdır.
17. Lizinq müqaviləsininn 2.1-ci bəndindən görünür ki, lizinq obyektini 1 ədəd, 2007-ci il buraxılışlı, Renault Megane markalı nəqliyyat vasitəsi təşkil edir.
18. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, lizinq müqaviləsi 36 ay müddətinə bağlanmışdır.
19. Həmin müqavilənin 9.4-cü bəndindən görünür ki, lizinq ödənişlərinin ümumi məbləği 10.954 manat təşkil edir və bu umumi məbləğdən 1.524 manat məbləğ lizinq mükafatı, əmtəənin dəyəri isə 9.430 manat təşkil edir.
20. İş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh arasında lizinq obyekti olan Renault Megane markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, VF1KMSEB638826261 şassi nömrəli nəqliyyat vasitəsinin sonuncuya təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir.
21. Müqavilə və təhvil-təslim aktı hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
22. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
23. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq borcunu ödəmək vəzifəsi yaranmışdır.
24. Məhkəmə ilk növbədə iddianın əsas borcun tələb edilməsi hissəsinə münasibət bildirilməsini zəruri hesab edir.
25. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf lizinq müqaviləsi üzrə ümumiyyətlə hər hansı bir ödəniş edilmədiyini və əsas məbləğin tam tələb edildiyini bildirmişdir.
26. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh lizinq müqaviləsi imzaladığını, nəqliyyat vasitəsini götürdüyünü, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən aşırdıldığı və lizinq ödənişlərinin onun tərəfindən ödənilməli olduğunu bildirmişdir.
27. Məhkəmə bu xüsuda qeyd edir ki, iddiaçı tərəf iddia ərizəsində xx.xx.2024-cü il cü il tarixədək yaranmış əsas borcu 9.804,3 manat hesablasa da, tərəflər arasında bağlanmış müqavilənin 9.4-cü bəndindən görünür ki, əmtəənin dəyəri 9.430 manat olmuşdur.
28. Həmçinin də, qeyd edilmiş müqavilənin ödəniş cədvəlindən görünür ki, kreditin məbləği 9.430 manat təşkil edir.
29. Yəni, iddiaçı tərəf lizinq müqaviləsi üzrə əsas məbləği tam və hətta artıq tələb edir.
30. Cavabdeh tərəfindən də, hər hansı bir ödəniş edilmədiyi hal nəzərə alınmaqla, Məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən əsasldır və lizinq müqaviləsi üzrə əsas borc üzrə 9.430 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Bundan başqa da, iddiaçı tərəf yenidən iddia ərizəsində tələb edilən mükafat məbləği olan 999,49 manat pulu xx.xx.2024-cü il cü il tarixədək hesablamış olsa da, ödəniş qrafikinə nəzər yetirildikdə aydın olur ki, tələb edilən mükafat məbləği həmin tarixə deyil, müqavilə üzrə tam mükafat məbləğinə yaxın bir məbləğdir.
32. Yenidən Məhkəmə cavabdeh tərəfindən hər hansı bir ödənişin edilməməsi halını nəzərə alaraq hesab edir ki, lizinq müqaviləsi üzrə mükafat məbləği olaraq 999,49 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
34. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.1.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq verən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün ödənilməmiş məbləğin 0,1 %-i həcmində cərimə tələb etmək hüququna malikdir.
35. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
36. Hazırki işin hallarından görünür ki, cavabdehin 9.430 manat əsas borcuna münasibətdə 122,86 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
37. Məhkəmə həmçinin hesab edir ki, lizinq müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən, tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.
38. Məhkəmə həmçinin hesab edir ki, iddia nəqliyyat vasitəsinin qaytarılması hissəsində hissəsində təmin edilməməlidir.
39. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir.
40. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir.
41. Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərar).
42. Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər...... Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır...... (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
43. Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur.
44. Ancaq hazırkı halda, iddiaçı tərəf həm lizinq müqaviləsi üzrə əsas lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, da verilmiş 1 ədəd lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyəti uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir.
45. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır.
46. Hazırkı işdən də, göründüyü kimi, iddiaçı tərəf əsas lizinq məbləğini tam və hətta artıq tələb etmiş və mükafat borcunu da, tam mükafat məbləğinə yaxın məbləğdə tələb etmiş və Məhkəmə tərəfindən də, tam əsas lizinq məbləği olan 9.430 manat və tələb edilən 999.49 manat mükafat borcu tutulmuşdur.
47. Ona görə də, məhkəmə qeyd edir ki, iddia lizinq obyektinin geri tələb edilməsi hissəsində təmin edilə bilməz.
48. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06/5925/YİLİZ nömrəli lizinq müqaviləsi ləğv edilmiş hesab edilsin. xx.xx.2022-ci il tarixli 06/5925/YİLİZ nömrəli lizinq müqaviləsinə əsasən əsas borc üzrə 9.804 (doqquz min səkkiz yüz dörd) manat 30 (otuz) qəpik, mükafat borcu üzrə 999 (doqquz yüz doxsan doqquz) manat 49 (qırx doqquz) qəpik, cərimə borcu üzrı 122 (bir yüz iyirmi iki) manat 86 (səksən altı) qəpik, ümumilikdə 10.926 (on min doqquz yüz iyirmi altı) manat 65 (altmış beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov