Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4359/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilənin xitam verilməsi, pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, müqavilənin birtərəfli qaydada ləğvi, kommunal xidmət haqlarını ödəmək vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin xitam verilməsi, pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 07 avqust 2023-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə 20440 manat kommunal xərcin və ödənilmiş 149 manat dövlət rüsumunun, 800 manat hüquqi yardım xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı öz mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 136a saylı qeyri-yaşayış sahəsini cavabdehə 07 avqust 2023-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə vermişdir. İcarə müqaviləsinin 10-cu bəndinə əsasən kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir. Lakin cavabdeh icarə müqaviləsinin tələblərini pozaraq üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməmiş, mütəmadi sudan istifadə etməklə 20440 manat məbləğində kommunal borc yaranmışdır. Dəfələrlə müxtəlif formalarda cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınmışdır. Belə olan halda müqavilə münasibətləri davam edə bilməz və şəxs vurduğu maddi ziyana görə maddi məsuliyyət daşımaqla həmin öhdəliyi icra etməli və icarə sahəsindən icarə müqaviləsinə xitam verilməklə çıxarılmalıdır. Cavabdehin borcunu abonent haqqında məlumat bazası, vatsap üzərindən yazışma və öz etirafı təsdiq edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 178.1, 421.2, 448.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin baxış iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi cavabdehin icarə obyektini təhvil verdiyini bildirdi.
7. Cavabdeh məhkəmənin baxış iclasında iştirak edərək iddia ərizəsində göstərilən su pulunun icarəçi olduğu dövrdə hesablandığını, lakin "xxxx" ASC tərəfindən tarifin yanlış tətbiq edildiyini bildirdi. Eyni zamanda icarə obyektini iddiaçıya təhvil verdiyini qeyd etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilən, reyestrdə 3M-239 nömrəsi ilə qeydiyyata alınan icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,4 kv.m olan qeyri-yaşayış sahəsini cavabdehə icarəyə verməyi, cavabdeh isə həmin qeyri-yaşayış sahəsini qəbul edərək aylıq 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən icarə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmiş, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarını icarəçinin – cavabdehin ödəməsi razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli ünvan 1 ünvanındakı müəssisəyə dair abonent haqqında məlumata (müqavilə/kod 19197290/083828) əsasən cəmi 20440 manat dəyərində su təchizatı və kanalizasiya xidmətləri üçün haqq hesablanmış, həmin haqdan 18,4 manat ödəniş edilmiş, qalıq borc 20421,6 manat təşkil edir.
12. İddiaçı cavabdehin müqavilə öhdəliyini – kommunal xərcləri ödəmək vəzifəsini pozduğunu bildirərək xx.xx.2023-cü il tarixli Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilən, reyestrdə 3M-239 nömrəsi ilə qeydiyyata alınan icarə müqaviləsinə xitam verilməsini, kommunal xərcin əvəzi olaraq 20440 manat məbləğində pulun tutulmasını tələb edir.
13. Cavabdeh icarə obyektinin iddiaçıya təhvil verildiyini, su təchizatı və kanalizasiya xidmətləri üçün haqqın onun icarəçi qismində çıxış etdiyi dövr üçün hesablandığını, lakin yanlış hesablandığını bildirir.
14. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.
15. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
16. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
17. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.
18. Ümumi qaydaya görə icarə münasibətlərinə müqavilənin müddəti bitdikdə xitam verilir. Belə ki, Mülki Məcəllənin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.
19. Lakin mülki qanunvericilikdə müddətin müəyyən edildiyi icarə münasibətlərinin vaxtından əvvəl də ləğv edilməsi imkan nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
20. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilmədiyi – su təchizatı və kanalizasiya xidmətləri üçün haqqın ödənilmədiyi, nəticədə külli miqdarda borcun yarandığı işin müəyyən olunan halıdır.
21. Məhkəmə müqavilənin ləğvi qaydası ilə bağlı göstərir ki, Konstitusiya Məhkəməsinin müqavilənin ləğvi ilə bağlı hüquqi mövqeyinə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
22. Tərəflər arasında bağlanmış 07 avqust 2023-cü il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
23. İddiaçının cavabdehə xx.xx.2025-ci il tarixdə ünvanladığı məktubdan görünür ki, iddiaçı cavabdehdən su təchizatı və kanalizasiya xidmətləri üçün haqqın ödənilməsini tələb etmiş, yanız xx.xx.2025-ci il tarixdə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri çatdırarkən icarə obyektinin boşaldılması tələbini irəli sürmüşdür.
24. Göründüyü kimi tərəflər müqavilədə razılaşdırmışlar ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir və iddiaçı qeyd olunan qaydada, yəni ilk dəfə xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə cavabdehə müraciət edərək müqavilənin birtərəfli qaydada ləğv olunduğunu – icarə obyektinin boşaldılmasını bildirmişdir.
25. Beləliklə, məhkəmə tərəflər arasında bağlanmış müqavilədə müqavilənin ləğvinin xüsusi qaydasının nəzərdə tutulduğunu, bu qaydanın bir tərəfin müqavilənin ləğvi ilə bağlı iradəsini digər tərəfə bir ay qabaqcadan ifadə etməsi ilə şərtləşdirildiyini nəzərə alaraq icarə müqaviləsinin ləğvinin anının müəyyən edilməsi üçün icarəyəverənin (iddiaçının) iradə ifadəsinin icarəçiyə (cavabdehə) bəyan edilməsi anının müəyyən edilməsini zəruri hesab edir.
26. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, 07 avqust 2023-cü il tarixli icarə müqaviləsi xx.xx.2025-ci il tarixdən ləğv xitam edilmiş hesab edilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh müqavilənin xitamını mübahisələndirməmiş, icarə obyektini icarəyə verənə təhvil vermişdir.
27. Məhkəmə cavabdehdən 20440 manat məbləğində pulun tutulması tələbinə münasibətdə isə göstərir ki, Mülki Məcəllənin 679-cu maddəsinə əsasən, kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir.
28. xx.xx.2023-cü il tarixli Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilən, reyestrdə 3M-239 nömrəsi ilə qeydiyyata alınan icarə müqaviləsinin 10-cu bəndinə əsasən, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir.
29. Abonent haqqında məlumata (müqavilə/kod 19197290/083828) əsasən 2025-ci ilin fevral ayına 20440 manat dəyərində su təchizatı və kanalizasiya xidmətləri üçün haqq hesablanmış, həmi haqdan 18,4 manat ödəniş edilmişdir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, su təchizatı və kanalizasiya xidmətləri üçün haqqın əvəzi olaraq qalıq 20421,6 manat məbləğində pul müqavilə öhdəliyinə uyğun olaraq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
32. İddiaçı ödənilmiş 149 manat dövlət rüsumunun və 800 manat hüquqi yardım xərcinin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir.
33. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsinə görə 149,6 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
34. xx.xx.2025-ci il tarixli EO-1177VK-8201/25 nömrəli elektron vəkil orderində istinad edilən xx.xx.2025-ci il tarixli EM-1177VK-12127/25 nömrəli hüquqi nyardım göstərilməsi haqqında müqavilədən görünür ki, hüquqi yardım haqqı 800 manat razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, 500 manat və 300 manat məbləğində köçürmə edilmişdir.
35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
39. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
40. Beləliklə, iddianın tələbinin qismən təmin edildiyini, təmin edilməyən hissədə dövlət rüsumunun cüzi məbləğdə olduğunu və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 149,6 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2023-cü il tarixli icarə müqaviləsi xitam verilmiş hesab olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş su puluna görə 20421,6 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 149,6 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova