Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-436/2024 17.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6083.38 AZN əsas borc, 768.16 AZN faiz borcu, 95.58 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 6947.12 AZN borcun və 100 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 18 ay müddətinə 15000 manat kredit götürmüşdür. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə 22.05. 2020-ci il tarixli Əlavə Saziş 1-ə əsasən kreditin müddəti xx.xx.2021-ci il tarixinə kimi, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə Əlavə Saziş 1-ə əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinə kimi, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə Əlavə Saziş 1-ə əsasən isə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixinə kimi uzadılmlşdır. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır 2023-cü il iyulun 31-dək Cavabdeh2 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6083.38 AZN əsas borcu, 768.16 AZN faiz borcu, 191.15 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 7042.69 AZN borcu vardır. Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 191.15 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 95.58 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC ilə cavabadehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş məhkəməyə göndərilən ərəfədə cavabdeh tərəfindən 100 manat ödəniş edilmişdir və Bank tərəfindən həmin ödənişin hamısı əsas borca aid edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddianı qismən, əsas və cərimə məbləğləri hissəsində qəbul edir, lakin cərimə hissəsində azaldılmasını məhkəmədən xahiş etmişdir. Faiz məbləğini isə tamamilə qəbul etmədiyini qeyd etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3-MZ2-2-0- 689-19 nömrəli kredit müqaviləsinə əsasən (bank, SİF vəsaiti ilə verilən kreditlər üzrə) əsasən borcalana 15000 manat məbləğində illik 30% olmaqla kredit verilmiş və kreditin müddəti 18 ay nəzərdə tutulmuşdur. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 may 2020-ci il tarixli 3-MZ2-2-0- 689-19 nömrəli kredit müqaviləsinin 1 nömrəli əlavə sazişinə əsasən müqavilə üzrə kredit müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmış, illik faiz dərəcəsi 25 faiz təşkil edir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 oktyabr 2020-ci il tarixli 3-MZ2-2- 0-689-19 nömrəli kredit müqaviləsinin 1 nömrəli əlavə sazişinə əsasən müqavilə üzrə kredit müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmış, illik faiz dərəcəsi 25 faiz təşkil edir. 27 oktyabr 2020-ci il tarixli 3-MZ2-2-0-689-19 nömrəli kredit müqaviləsinin 1 nömrəli əlavə sazişə əsasən: Sazişin 1.1.1-ci bəndinə əsasən müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilir; Sazişin 1.1.2-ci bəndinə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, geckdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 11927,38 manat təşkil edir; Sazişin 2.1-ci bəndinə əsasən müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılır. 17 avqust 2021-ci il tarixli 3-MZ2-2-0-689-19 nömrəli kredit müqaviləsinin 1 nömrəli əlavə sazişə əsasən: Sazişin 1.1.1-ci bəndinə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, geckdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 9833,93 manat təşkil edir; Sazişin 2.1-ci bəndinə əsasən müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3-MZ2-2-0- 689-19 nömrəli və Cavabdeh3 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 3-MZ2-2-0-689-19 nömrəli zaminlik müqavilələrinə əsasən xx.xx.2019-cu il tarixli, 3-MZ2-2-0-689-19 saylı kredit müqaviləsinə bankdan kredit götürmüş bocalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşlər. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 3-357008-1 nömrəli kassa məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh2 müvafiq olaraq 14850 manat məbləğində pul vəsaiti verilmişdir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2019-ci il tarixdən 18 ay müddətinə 25% olmaqla 15000 kredit verilmiş, həmin kreditdən əsas borc üzrə ödənilən məbləğ 9723,84 manat, cəmi ödənilən faiz 7005,01 manat, əsas borc üzrə qalıq məbləğ 6083,38 manat və faiz borc üzrə qalıq məbləğ 768,16 manat və cərimə üzrə qalıq borc məbləğ 191,15 manat, ümumi borc məbləği 7042,69 manat müəyyən edilmişdir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2019-ci il tarixdən 18 ay müddətinə 25% olmaqla 15000 kredit verilmiş, həmin kreditdən əsas borc üzrə ödənilən məbləğ 9723,84 manat, cəmi ödənilən faiz 7005,01 manat, əsas borc üzrə qalıq məbləğ 5983,38 manat və faiz borc üzrə qalıq məbləğ 1423,35 manat və cərimə üzrə qalıq borc məbləğ 692,96 manat, ümumi borc məbləği 8099,69 manat müəyyən edilmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/1289 saylı rəyi ekspert rəyi ilə cavabdehin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilən tarixə əsas borcu 6185,14 manat, faiz borcu 592,74 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən xx.xx.2023-cü il tarixə əsas borcu 6085,14 manat, faiz borcu 989,07 manat, digər maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas borcu 6085,14 manat olması müəyyən edilmişdir. Həmçinin bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat olmadığı üçün Cavabdeh2 cərimə borcu hesablanmadığı qeyd olunmuşdur. Cavabdeh2 məxsus bank hesabı çıxarışından görünür ki, xx.xx.2019-ci il tarixində həmin hesaba 15000 manat məbləğində mədaxil olmuş, sonuncu ödəniş xx.xx.2023-ci il tarixində 100 manat olmuşdur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3-MZ2-2-0-689-19 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 30% olmaqla 18 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Daha sonra Əlavə Sazişlərlə kreditin müddəti xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə ekspertiza nəticəsində müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə ekspert rəyi ilə xx.xx.2023-cü il tarixə müəyyən edilmiş əsas borcun məbləği, yəni 6185,14 manat, iddia tələbinin əsası kimi istinad olunan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən iddia tələbində göstərilmiş əsas məbləğdən, yəni 6083,38 manatdan çox, ekspert rəyi ilə müəyyən olunan faiz məbləği, yəni 592,74 manat iddia tələbində göstərilmiş faiz məbləğindən, yəni 768,16 manatdan azdır. Hətta sonrakı tarixlərə, iddia ərizəsinin verildiyi xx.xx.2023-cü il tarixinə və digər maliyyə arayışı verildiyi xx.xx.2024-cü il tarixinə də ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği, yəni 6085,14 manat iddia ərizəsində tələb edilən məbləğdən çoxdur. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas borc həmin müqavilə üzrə iddia tələbinə uyğun, 683,38 manat tutulmalı, lakin faiz borcun məbləği ekspert rəyinə uyğun, 592,74 manat tutulmalıdır. İddiaçı eyni zamanda cavabdehlərdən 95,58 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3-MZ2-2-0-689-19 nömrəli kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə məbləğinin hansı qaydada hesablanması və tutulması ilə bağlı razılaşma öz əksini tapmamışdır. Bu səbəbdən, iddia tələbi cərimə məbləğinin tutulması hissəsində təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərdən müşərək qaydada iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6083.38 manat əsas borc, 592.74 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 100 manat mediasiya xərcinin əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 4 manat məbləğində hissəsi İddiaçı ASC-dən, 96 manat məbləğində hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6083 (altı min səksən üç) manat 38 (otuz səkkiz) qəpik əsas borc, 592 (beş yüz doxsan iki) manat 74 (yetmiş dörd) qəpik faiz borcu və ödənilmiş 100 (yüz) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 4 (dörd) manat məbləğində hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 96 (doxsan altı) manat məbləğində hissəsi isə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE**********00********) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-436/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-436/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver