Məhkəmə qərarları › İş №e-2-2(113)-436/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-436/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-436/2025 07.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi, faiz və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X2 Cavabdeh nümayndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdehlər arasında ayrı-ayrılıqda 30 dekabr 2023-cü il tarixində şifahi şəkildə bağlanmış borc müqaviləsinə əsasən yaranmış 59400 AZN ( gecikdirmə faizi daxil olmaqla) borc məbləğinin Cavabdeh1, həmçinin hüquqi yardımın göstərilməsi üçün çəkilən xərcin əvəzi olaraq, 300 AZN və 269 AZN dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cvüə xx.xx.2024-cü il tarixlərində borc müqavilələri şifahi şəkildə bağlanmışdır. Şifahi borc müqavilələrinə əsasən, İddiaçı MMC 10000 (on min) və 45000 (qırx beş min) AZN (qeyd olunan 45 000 AZN borc məbləğini kuryer Cavabdeh2 vasitəsilə təhvil alınmış və cavabdehə çatdırılmışdır) məbləğlərini Cavabdeh1 borc olaraq vermiş, cavabdeh isə həmin məbləğləri iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı şifahi müqavilədən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin tələbləri pozularaq borc məbləğinin qaytarılmasının ağlabatan müddəti ötürülmüş və nəticədə, iddiaçıya hər hansı bir ödəniş edilməmişdir. İddiaçı hər cavabdehə dəfələrlə borc məbləğini ödəməsi barədə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymamış, müqavilədən irəli gələn öhdəliklərini icra etməməkdə davam etmişdir. Cavabdeh1 tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi (xx.xx.2023-xx.xx.2024) səbəbilə, yuxarıda qeyd edilən borc məbləğinin (55 000 AZN) 8%-i həcmində, yəni 4 400 (dörd min dörd yüz) AZN gecikdirilmə faizi tətbiq olunmuşdur. Nəticədə, 55 000 AZN əsas borc və 4 400 AZN faiz məbləği olmaqla, 59 400 ( əlli doqquz min dörd yüz) AZN ümumi borc məbləği yaranmışdır. Nəzərinizə çatdıraq ki, borc məbləğinin ödənilməsi tələbilə iddiaçı tərəfindən cavabdehlərə elektron qaydada pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehlərə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək “İddiaçı MMC ilə cavabdehlər arasında ayrı-ayrılıqda 30 dekabr 2023-cü il tarixində şifahi şəkildə bağlanmış borc müqaviləsinə əsasən yaranmış 55 000 AZN əsas borc və 4 400 AZN faiz məbləği olmaqla, 59 400 ( əlli doqquz min dörd yüz) AZN ümumi borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin hüquqi yardımın göstərilməsi üçün çəkilən xərcin əvəzi olaraq, 300 AZN və 269 AZN dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin iddia tələbi tamamilə əsassız və qanunsuzdur, iddia ərizəsində göstərilən əsaslar isə cəfəngiyyatdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərində borc müqavilələri şifahi şəkildə bağlanmışdır. Şifahi borc müqavilələrinə əsasən, İddiaçı MMC 10000 (on min) v ə 45000 (qırx beş min) AZN (qeyd olunan 45 000 AZN borc məbləğini kuryer Cavabdeh2 vasitəsilə təhvil alınmış və cavabdehə çatdırılmışdır) məbləğlərini Cavabdeh1 borc olaraq vermiş, cavabdeh isə həmin məbləğləri iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin iddiaçı kassa məxaric orderini əlavə etmişdir və ona istinad edərək borcun cavabdehə verilməsi faktının öz təsdiqini tapdığını qeyd etmişdir. İlkin olaraq İddiaçı MMC və Cavabdeh1 arasında kommersiya münasibətləri mövcud olmuşdur, hər-hansı bir borc münasibəti olmamışdır. Həmin kommersiya münasibətləri zamanı müəyyən ödənişlər həyata keçirilmişdir. Artıq Prokuroluqda icraat aparılmışdır, tərəflər dindirilib və məsələyə aydınlıq gətirilib. İddiaçı sadəcə həmin münasibətləri borc münasibətləri kimi göstərməyə çalışaraq əsassız olaraq pul tələb edir. Əgər tərəflər arasında borc münasibətləri olsa idi, İddiaçı MMC, yəni hüquqi şəxsin 55000 (əlli beş min) məbləğində borc pulu yazılı müqavilə əsasında verməməsi inandırıcı deyil. MMC özünü sığortalamaq üçün, həmçinin qanunvericliyin tələbləri üzrə hərəkət edərək yazılı borc müqaviləsi bağlamalı idi. Lakin, tərəflər arasında belə bir müqavilə mövcud deyildir. Bu isə ona dəlalət edir ki, hər hansı bir borc münasibəti mövcud olmamışdır. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi kassa məxaric orderi Cavabdeh1 tərəfindən imzalanmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi (xx.xx.2023-xx.xx.2024) səbəbilə, yuxarıda qeyd edildiyi kimi borc məbləğinin (55 000 AZN) 8%-i həcmində, yəni 4400 (dörd min dörd yüz) AZN gecikdirilmə faizi tətbiq olunmuşdur. Nəticədə, 55 000 AZN əsas borc və 4 400 AZN faiz məbləği olmaqla, 59 400 ( əlli doqquz min dörd yüz) AZN ümumi borc məbləği yaranmışdır. İddiaçının iddia ərizəsi cəfəngiyyat olduğundan və tərəflər arasında borc münasibətlərinin olmamasından, həmin hissədə iddiaçının tələbi əsassızdır və borc məbləği üzərində heç bir faiz tətbiq oluna bilməz.

5. Cavabdehin nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" Şirkəti ilə Cavabdeh1 arasındakı münasibətlər vasitəçilik münasibətləri olmuş, mal alan şirkətin "Atlas Mühəndisliyə" ödədiyi pul vəsaitindən komisyon haqqı kimi Cavabdeh1 45000 manat pul ödənilmişdir. Qeyd edim ki, 30 dekabr 2024-cü il tarixdə X3 Cavabdeh1 iki şirkət arasında qalmaması, vasitəçilik etdiyinə görə cinayət təqibinə məruz qaldığına görə komisyon haqqı kimi aldığı vəsaiti tam həcmdə geri qaytarmış və müstəntiq tərəfindən rəsmiləşdirilmişdir. Cavabdeh1 heç vaxt borc kimi Həsənov Salam adlı şəxsdən pul vəsaiti almamışdır. Ödənilmiş vasitəçilik haqqının geri qaytarılmasını nəzərə almağınızı xahiş edirəm. Qeyd edim ki, "xxxx" MMC-nin rəhbəri Həsənov Salam mal verməli olduğu şirkətə malları vermədiyindən AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cavabdeh1 isə düşdüyü bu vəziyyətdən çıxış yolu kimi həmin cinayət işi üzrə aldığı pul vəsaitini X4 geri ödəmiş, həmin pul vəsaiti vurulmuş ziyan kimi zərərçəkmişə qaytarılmışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin vəkilinin bildirdiyi həqiqəti əks etdirmir, pul məbləği cavabdehlər tərəfindən bugünə kimi geri qaytarılmamışdır.

7. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, şirkət olaraq o, X5 mühafizə sistemini qurur. “Babayev Qrup”la onların iş birliyi olub. Dəmirlərin hazırlanması ona həvalə olunmuşdur. Babayev Qrup dedi ki, o, bu dəmirləri Rusiyadan gətirə bilər, 20 manatdan verə bilər ona, nə qədər qazansan ozun qazan. O gəldi Mirsalam müəllimin ofisinə, onunla bu barədə danışdilar, o dedi ki, ona qiymət sərf eləmir. 3 gündən sonra isə onunla əlaqə saxlayaraq dedi ki, ilin sonudur, pula ehtiyacı var, sən dediyin o 2 manatı da sənə verirəm, sən o pulu mənə köçür, mən də razılaşdım. Danışıqrına əsasən yeni il qabağı o mənə 10000 manat, yeni ildən sonra da qalan pulu verəcəkdi. Bu mənim üçün komisyon haqqıdınr. Deyir ki, 10000 manat borc verib. Aramızda müqavlə olmayıb, 4 gün tanıdığı adama necə 10000 manat borc verə bilərdi? Ondan sonra satış menedjeri olan Kənanı kuryer kimi göndərib, Kənan, pulu götürüb gətirib verib ona. 10000 manatı ilk dəfə verib ofisdə, 45000 manatı isə verib restoranda. Bəli, o, "xxxx" MMC-dən cəmi 55.000 manat pul alıb. Lakin, həmin pul komission haqqıdır. İddiaçı ilə aralarında borc münasibətləri olmayıb. İddiaçı MMC ilə onun bağlılığı o olub ki, “X7” MMC ilə bağlanan müqavilənin bağlanmasına o vasitəçilik edib və buna görə komisyon haqqını alıb.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhz iddiaçının istinad etdiyi qəbzlər üzrə Cavabdeh1 aldığı pul məbləği Hacıqbul rayon Polis Şöbəsində geri ödənilib. Və cavabdeh məhkəməyə özü etiraf edibsə, deməli aldığı pul 55.000 manatdır. Lakin, iddiaçı tərəf 470 min manatı bugün özündə saxıayır və cavabdehi günahkar çıxardır, malı da vermir. Beləliklə, 55.000 manat qaytarıldığından iddia tələbinin rədd edilməsini xahi edir.

III.Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. xx.xx.2023-cü il tarixli məxaric orderinə əsasən 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 (Cavabdeh2) və xx.xx.2024-cü il tarixli kassa məxaric orderinə əsasən 45000 manat məbləğində pul vəsaiti Cavabdeh2 ödənilmişdir.

11. Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatda bildirmir ki, Cavabdeh1 tapşırığına əsasən İddiaçı MMC-nin fəaliyyət göstərdiyi ofisə yaxınlaşaraq Cavabdeh1 çatacaq 45000 manat pulu götürüb ona çatdırdığını, Arazın tapşırığı əsasında ofisə yaxınlaşan zaman dediyini, həmin vaxt Salam adlı şəxsin özünün ofisdə olmadığını və adını xatırlamadığı 35- 37 yaşlı bir oğlan ona pulu verərək kassa məxaric orderinə imza etdirdiyini, pulu verən şəxs iş günü sonu olduğu üçün onu tələsdirdiyini və pulu tam dəqiqliklə saya bilmədiyini, daha sonra pulu Nərimnov rayonu ərazisində fəaliyyət göstərən “Confetti” adlı kafeyə gedərək həmin pulu tam şəkildə Cavabdeh1 verdiyini bildirmişdir.

12. X2 xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası DİN Hacıqabul RPŞ-nin İqtintaq bölməsində verdiyi izahatında “2024-cü ilin yanvar ayının əvvəlləri Cavabdeh1 onun yanına gələrək ondan 55000 manat borca pul istədiyini, o isə həmin pulu iki dəfə 45.000 və 10.000 manat olmaqla borca verdiyini bildirmişdir.

13. Cavabdeh1 xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası DİN Hacıqabul RPŞ-nin İqtintaq bölməsində verdiyi izahatında İddiaçı MMC-nin direktoru Həsənov Salam tərəfindən ona 45000 manat məbləğində pul verildiyini qeyd etmişdir.

14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən - Cavabdeh1 münasibətdə təmin edilməlidir.

15. Belə ki, iş materiallarına əlavə edilmiş istintaq orqanlarında verilmiş izahatlardan (45.000 manat), iki məxaric orderlərindən (55.000 manat) və Cavabdeh1 xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında şəxsən verdiyi izahatından (55.000 manat) müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh1, onun özünün göndərdiyi şəxs (Cavabdeh2) vasitəsi ilə 55.000 manat pul vəsaiti verilmişdir. Beləliklə, iddiaçı MMC tərəfindən verilmiş 55.000 manat pulun Cavabdeh1 alması işin mübahisə edilməyən halıdır. Həmin pulları iddiaçı şirkətdən Cavabdeh2 götürsə də, A.Araza çatdırmışdır.

16. Cavabdeh A.Arazın mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçıdan aldığı pul borc olaraq deyil, iddiaçı şirkət ilə “X7” MMC arasında olan münasibətlər zamanı etdiyi vasitəçiliyə görə ona ödənilən komission haqqıdır. Lakin, məhkəmə gedişatı zamanı cavabdeh iddiaya etirazının əsasını təşkil edən faktları təsdiq edəcək hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, cavabdehin vəkili/nümayəndəsi məhkəməyə son olaraq yazılı verdiyi ərizədə və şifahi olaraq məhkəmədə bildirsə də ki, həmin pul vəsaitini Cavabdeh1 iddaçıya geri qaytarılıb, lakin iddiaçı şirkətinin rəhbəri bu faktı inkar edir, cavabdeh isə, öz növbəsində, pulun qaytarılmasını təsdiq edəcək hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

17. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisənin hüquqi əsası kimi iddiaçı tərəfin bildirdiyi kimi borc münasibətlərini tənzimləyən hüquq normaları deyil, əsassız varlanma təşkil edir.

18. Belə ki, iddiaçı tərəf bildirsə də ki, 55.000 manat pul vəsaitini borc olaraq cavabdehə vermişdir, lakin tərəflər arasında yazılı müqavilənin mövcüdluğunu və ya məhkəmə iclaslarında bildirdiyi kimi, cavabdehin həmin pulun borc olaraq alınmasını təsdiq edəcək (səs yazısı və s.) sübutları məhkəməyə təqdim edə bilməmişdir.

19. Beləliklə, tərəflər arasında etibarlılıq tələblərinə cavab verən borc müqaviləsinin mövcudluğu iş materiallarına əsasən öz təsdiqini tapmır.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

22. 739.2-ci maddəsinə əsaasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

23. Lakin, pulun verilməsi mübahisə edilməyən hal olduğu üçün və cavabdeh tərəf öz etirazında göstərilən dəlilləri (həmin məbləğin komissiyon haqq olması, həmin pulun qaytarılması və s.) sübuta yetirə bilmədiyi üçün, pul vəsaiti Cavabdeh1 qanunvericiliyin əsassız varlanma normalarına uyğun olaraq tutulmalı və iddiaçıya qaytarılmalıdır.

24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

28. Məhkəmə digər cavabdehə, yəni Cavabdeh2 münasibətdə iddia tələbinin yönəldilməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh2 məhz Cavabdeh1 tapşırığına əsasən iddiaçı şirkətdən həmin pulları alıb və Cavabdeh1 çatdırıb. Beləliklə, iddianın bu cavabdehə qarşı təmin edilməsi üçün hər hansı hüquqi və faktiki əsaslar mövcüd deyil.

29. İddia tələbinin digər hissəsini – MM-nin 449.1-ci maddəsinə istinadən 55.000 manat məbləğə Bank uçot dərəcəsi ilə hesablanmış 4400 manat faiz məbləğinin tutulması təşkil edir, məhkəmə bu tələbi də əsassız hesab edir.

30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin

31. 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

32. 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

33. 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

34. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

35. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə borc münasibətləri kimi deyil, əsassız varlanma kimi qiymət verildiyi üçün və iddiaçı tərəfindən cavabdehin mübahisələndirilən məbləğ müqabilində hər-hansı faydanın götürülməsi iş materialları ilə müəyyən edilmədiyi üçün bu hissədə iddia tələbi təmin edilə bilməz.

36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 269 manat dövlət rüsumu və 300 manat məbləğində hüquqi yardım xərcinin cavabdehlərdən tutulması tələbi irəli sürülmüşdür.

37. Məhkəmə 300 manat vəkil xərcinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi şəxs tərəfindən hüquqi yardıma görə xərcin çəkilməsi və buna dair sübutu məhkəməyə təqdim edilməmiş və buna görə də həmin xərcin tutulması əsaslı hesab edilə bilməz.

38. Azərbaycan Respublikası MPM-in:

39. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

41. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 255 manat dövlət rüsumu xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 55.000 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 255 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə idia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar