Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4363/2024 07.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, rüsum) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi (və eyni zamanda cavabdeh) Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada PK0302 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 10.060,29 manat əsas borc, 1.377,88 manat faiz borcu, 2.474,34 manat cərimə borcu olmaqla, cəmi 13.912,51 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 134 (bir yüz otuz dörd) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli, OnGTC-00168616LE/2019 nömrəli X2 xx.xx.2022-ci il tarixli 1.0.5 saylı versiyasının qəbul edilməsi barədə Razılaşma imzalanmışdır. Həmin Razılaşmanı imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Həmin Ümumi şərtlər toplusu daxilində Borcalan ilə xx.xx.2022-ci il tarixli PK0302 (kartın hesab nömrəsi AZ28PAHA40060AZNHK**********) saylı Maliyyələşdirmə üçün ərizə (plastik kart üzrə overdraft əməliyyatı) imzalanmış və borcalana xx.xx.2023-cü il tarixədək illik faiz borcu 25%, illik cərimə borcu 34% olmaqla 10.000 (on min) manat kredit xətti açılmışdır. Lakin birgə Borcalanlar qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişlər. Borcalan Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri: PK0302 (kartın hesab nömrəsi AZ28PAHA40060AZNHK**********) saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 10,060.29 (on min altmış manat iyirmi doqquz qəpik) manat əsas borc, 1,377.88 (bir min üç yüz yetmiş yeddi manat səksən səkkiz qəpik) manat faiz borcu, 2,474.34 (iki min dörd yüz yetmiş dörd manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 13,912.51 (on üç min doqquz yüz on iki manat əlli bir qəpik) manatı təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi (və eyni zamanda cavabdeh) Cavabdeh2, iddianı əsas borcun tələb edilməsi hissəsində qəbul etdiyini, faiz və cərimə məbləğinin azaldılmasını xahiş etdi.
4. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişdir, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və digər cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, iddiaçı və digər cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli, OnGTC-00168616LE/2019 nömrəli X2 xx.xx.2022-ci il tarixli 1.0.5 saylı versiyasının qəbul edilməsi barədə Razılaşma imzalanmışdır.
10. Sonradan həmin Ümumi şərtlər toplusu daxilində İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli PK0302 (kartın hesab nömrəsi AZ28PAHA40060AZNHK**********) saylı Maliyyələşdirmə üçün ərizə (plastik kart üzrə overdraft əməliyyatı) imzalanmış və borcalana xx.xx.2023-cü il tarixədək illik faiz borcu 25%, illik cərimə borcu 34% olmaqla 10.000 manat kredit xətti açılmışdır.
11. Qeyd edilən xx.xx.2022-ci il tarixli PK0302 saylı müqavilə zaminliklə təmin edilməmişdir.
12. Müqavilələr tərəflərin imzaları ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
14. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
16. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
17. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
18. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, bankla Cavabdeh1 MMC arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilələr üzrə nəzərdə tutulmuş məbləğdə pul Cavabdeh1 MMC-nin hesabına köçürülmüşdür. Müqavilələr üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə PK0302 saylı müqaviləyə əsasən əsas borc üzrə 10.050,29 manat, faiz borcu üzrə 1.377,88 manat, cərimə borcu üzrə 2.474,34 manat olmaqla, cəmi 13.912,51 manat təşkil edir.
21. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara kompleks halda qiymət verərək hesab edir ki, iddia PK0302 saylı müqavilə üzrə əsas və faiz borcun tələb edilməsi hissəsində əsaslıdır.
22. Ona görə də, PK0302 saylı müqaviləyə əsasən əsas borc üzrə 10.060 (on min altmış) manat, 29 (iyirmi doqquz) qəpik, faiz borcu üzrə 1.377 (bir min üç yüz yetmiş yeddi) manat, 88 (səksən səkkiz) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
23. Məhkəmə hesab edir ki, iddia PK0302 saylı müqavilə üzrə 2.474,34 manat dəbbə pulunun tələb edilməsi hissəsində qismən əsaslıdır.
24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
25. Hazırki işin hallarından görünür ki, cavabdehin PK0302 saylı müqavilə üzrə əsas borcuna münasibətdə 500 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
26. Məhkəmə dövlət rüsumunun əvəzi olaraq 134 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
27. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 134 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
28. Lakin məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 127,54 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq iddiaçının xeyrinə tutulmalıdır.
29. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. PK0302 saylı müqaviləyə əsasən əsas borc üzrə 10.060 (on min altmış) manat, 29 (iyirmi doqquz) qəpik, faiz borcu üzrə 1.377 (bir min üç yüz yetmiş yeddi) manat, 88 (səksən səkkiz) qəpik, cərimə borcu üzrə 500 (beş yüz) manat olmaqla, cəmi 11.938 (on bir min doqquz yüz otuz səkkiz) manat, 17 (on yeddi) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat, 54 (əlli dörd) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov