Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4366/2025 23.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X5, iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması, borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı X6 ərizə ilə məhkəməyə müraciət edərək, Elektrik təchizatı üçün texniki şərtin verildiyi mərhum X4 adına olan Quba rayon Qırız-Dəhnə kəndində yerləşən X3 (indiki adı Leylam) dair abonent məlumatlarının onun adına dəyişdirilməsinin təmin edilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması, Quba rayon Qırız-Dəhnə kəndində yerləşən X3 münasibətdə əsassız hesablanmış 2697 manat borcun silinməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. X1 tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Belə ki, iddiaçının iddia tələbi ümumilikdə 2697 manat təşkil edir. Belə olan halda 46,97 manat dövlət rüsumu ödənilməlidir. İddia ərizəsində iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddia irəli sürdüyünü əsas tutaraq rüsum ödəməkdən azad olunduğunu qeyd etmişdir. Lakin nəzərə alınmalıdır ki, hazırki tələbin predmeti iddiaçının şəxsi istehlak münasibətlərindən deyil, onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış kommersiya mübahisəsidir. Belə ki, iddiaçı ərizəsində ona məxsus olan sahibkarlıq obyektində təbii qazdan istifadəyə görə əsassız olaraq borc hesablandığını qeyd edir. Buna görə də hesab edirəm ki, yaranmış mübahisə istehlakçı-istehsalçı münasibətlərindən yaranmış mübahisə kimi yox, iki sahibkarlıq subyekti arasında onların ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərindən irəli gələn mübahisə kimi qəbul edilməlidir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı qərarının 24-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində verilən anlayışa görə, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun dövlət rüsumu ödənilməmişdir. Bu hal isə iddia ərizəsinin geri qaytarılması üçün əsaslardan biri kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Beləliklə, dövlət rüsumunun ödənilməsi barədə sənədin təqdim edilmədiyini nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması, borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №e-2-2(113)-4366/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4366/2025
23.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver