Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4376/2023 22.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 39838 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2018ci il tarixli, 425/419 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 11202.9 kv.m. torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 39838 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2023-cü il tarixli, 3-21-3/2-7679/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Səmədova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsi verilən tarixə olan borc sonradan cavabdeh tərəfindən ödənilsə də, icarə müqaviləsi hələ ləğv edilmədiyindən cavabdehin yeni borcları yaranmışdır, cavabdeh həmin borcları ödəməlidir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.Nəsibov iddia tələbini qəbul etdiyini, lakin məhkəmə icraatı dövründə göstərilən borcların tam şəkildə ödənildiyini bildirib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə müqaviləsi üzrə yaranmış yeni borclar cari ilin sonuna qədər tam şəkildə ödəniləcəkdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Tərəflər arasında bağlanmış 17 yanvar 2018-ci il tarixli 425/419 nömrəli özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 11202,9 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.
7. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək icarəyəverənin hüququdur.
8. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə torpaq sahəsinin illik icarə haqqı 47310 manat, aylıq icarə haqqı 3942,5 manat təşkil edir.
9. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 11 avqust 2023-cü il tarixli 208 nömrəli məktubla cavabdeh iddiaçıya olan borcunu etiraf edərək, məhkəmədən iddiaçıya olan borcun hissə-hissə ödənilməsinə imkan verilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-415/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə "xxxx" MMC-nin hesabından Cavabdeh ASC-yə olan 30954 manat pulun tutularaq torpaq icarə haqqı borcunu ödəmək üçün iddiaçının hesabına köçürülməsi, torpaq icarə haqqı üzrə qalan 14941 manat borcunu 2 ay müddətinə tam ödəcəyini öhdəsinə götürdüyünü bildirmişdir.
10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya 17 yanvar 2018-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2023cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 3900 manat, xx.xx.2023-cü il tarixdə 1100 manat pul ödənilmişdir.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
12. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxil olmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
13. Həmin Qanunun 23-cü maddəsinə əsasən icarəçinin vəzifələri aşağıdakılardır: icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək; icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq; İcarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
14. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 23 noyabr tarixli 321 saylı Fərmanında qeyd edilmişdir: “... 2006-cı ilin yanvarın 1-dən “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. ...”
15. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və “Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında” 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli Fərmanının 13-cü bəndində qeyd edilmişdir: “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 2-ci bəndində aşağıdakı dəyişiklik və əlavə edilsin: həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.”
16. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 17 yanvar 2018-ci il tarixli 425/419 icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Bununla yanaşı tərəflərin nümayəndələrin izahatlarından, habelə cavabdehin təqdim etdiyi ödəniş tapşırıqlarından görünür ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən iddiaçıya həmin müqavilə üzrə ümumilikdə 40000 manat vəsait ödənilmişdir.
18. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisələndirilən borc hazırda cavabdeh tərəfindən tam şəkildə ödənildiyindən iddia tələbi təmin edilməməlidir.
V. Nəticə:
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova