Məhkəmə qərarları › İş №e-2-2(113)-4377/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4377/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4377/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə Siyahəd oğlunun, Cavabdeh “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı maliyyə arayışlarının tərtib edildiyi 07 oktyabr 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə yaranmış 518000 manat əsas məbləğ üzrə borcun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, cəmi 518900 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı maliyyə arayışlarının tərtib edildiyi 31 may 2023- cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə yaranmış 530000 manat əsas məbləğ üzrə borcun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, cəmi 530900 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi 31 may 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə 530000 manat əsas məbləğ üzrə borc yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

3. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, maliyyə arayışlarının tərtib edildiyi 07 oktyabr 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə yaranmış 518000 manat əsas məbləğ üzrə borcun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, cəmi 518900 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Siyahəd oğlu iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, pullar benefisiarlara daxil olan vəsaitlər hesabına qaytarılmalıdır. Cavabdeh bu borc üzrə məsuliyyət daşımır. Həmin məbləğ cavabdehə borc olaraq verilməmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan məzmununa əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

8. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2015-ci il tariхli əlavə kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən İmişli və Bərdə rayonlarında müasir ailə-kəndli fermer təsərrüfatlarının yaradılması məqsədilə fermerlərə kreditlərin verilməsi nəzərdə tutulmuşdur.

11. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, kredit müqaviləsinin tələblərinə əməl olunmamış, nəticədə cavabdehin iddiaçıya 30 may 2023-cü il tarixə əsas məbləğ üzrə 518.000 manat borcu yaranmışdır.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

13. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

15. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

16. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinin, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən fermerlərə verilməli kreditlər cavabdehin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

19. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 400 manat məbləğində pul Bakı 8 saylı Mediasiya təşkilatına ödənilmişdir.

21. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

23. Məhkəmə vəkilin göstərdiyi yardıma görə 500 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 07 oktyabr 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə yaranmış 518000 manat əsas məbləğ üzrə borc, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 500 manat, cəmi 518900 manat pul vəsaiti cavabdeh “X3” Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar