Məhkəmə qərarları › İş №e-2-2(113)-4377/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4377/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4377/2025 30.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Scanex Enterprises Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında 03 oktyabr 2023-cü il tarixində 13TC/2023 saylı nəqliyyat vasitələrinin icarəsinə dair müqavilə üzrə yaranmış cəmi ƏDV daxil 10.059,13 manat icarə haqqı borcunun Cavabdeh MMC-dən tutularaq “Scanex Enterprises Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh MMC arasında 03 oktyabr 2023-cü il tarixində 13TC/2023 saylı nəqliyyat vasitələrinin icarəsinə dair müqavilə imzalanmışdır. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə müqavilənin ayrılmaz tərkib hissəsi olan 03 oktyabr 2023-cü il tarixli 1 saylı əlavəsinə əsasən aylıq icarə haqqı 2000 AZN + 18% ƏDV olan H029947 dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı nəqliyyat vasitəsini icarəyə vermişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirərək Cavabdeh MMC-ni nəqliyyat vasitələri ilə təmin etməsinə baxmayaraq, Cavabdeh MMC ödəniş öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

9. İş müəyyən olunmuş halları ondan ibarətdir ki, Scanex Enterprises Limited" şirkətinin Azərbaycan Respublikasındakı Filialı (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında xx.xx.2023-cü il tarixli 13TC/2023 saylı müqavilə bağlanmışdır.

10. Müqavilənin 1-ci bəndinə əsasən icarəyəverən müqavilənin Əlavələrində göstərilmiş nəqliyyat vasitələrini icarəyə verir, icarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi götürür.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqının həcmi və dəyəri, çəkilmiş xərclərin əvəzinin ödənilməsi, digər əlavə ödənişlər, ödəmə şərtləri müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Razılaşdırma Protokollarında göstərilir.

12. 03 oktyabr 2023-cü il tarixli 13TC/2023 saylı İcarə müqaviləsinin 01 saylı Razılaşdırma Protokoluna əsasən tərəflər HO29947 dövlət qeydiyyat nişanlı, 2014-cü il “Mitsubishi L200” markalı nəqliyyat vasitəsinin aylıq icarə haqqının 2000+18%ƏDV AZN məbləğində olması ilə bağlı razılığa gəlmişlər.

13. Müqavilə və Razılaşdırma Protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.

15. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun nəqliyyat vasitəsindən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDR seriyalı 674164 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 2.207,87 manat, EBDU seriyalı 077947 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 2.360 manat, EBDW seriyalı 552442 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 2.305,72 manat, EBDX seriyalı, 930207 xx.xx.2024-cü il tarixli dəyəri 2.306,90 manat, EBDZ seriyalı, 619608 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 2.306,90 manat, MT2404 seriyalı 00037581 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 837,33 manat, MT2410 seriyalı, 11410865 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 94,4 manat olan elektron qaimələr göndərilmişdir.

17. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 12.419,12 manat təşkil edir.

18. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 2.000 manat məbləğində ödəniş edilmişdir.

19. Hazırda iddiaçı icarə sahəsində cavabdehin 10.059,13 manat məbləğində borcunun qaldığını bildirərək cavabdehdən tutulmasını xahiş edir.

20. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmiş, sadəcə xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə məhkəmə ərizə göndərərək, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının (ilk hazırlıq iclası) təxirə salınmasını xahiş etməklə kifayətlənmişdir.

21. Belə olan halda Məhkəmə hesab edir ki, 10.059,13 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10.059 (on min əlli doqquz) manat 13 (on üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar