Məhkəmə qərarları › İş №e-2-2(113)-438/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-438/2021

03.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-438/2021 03.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus obyektdə “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə zidd olaraq sayğacdan kənar xxxx su xətti vasitəsilə sudan istifadə ilə bağlı Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx xxxxxxx 2017ci il tarixli, № MXD-08986 saylı aktın ləğv edilməsini, həmin akt əsasında əsassız hesablanmış 4.104 manat məbləğində borcun silinməsini və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Xətai rayon Su kanal İdarəsinin əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən obyektdə baxış keçirilən zaman, guya “obyektdə quraşdırılan smart kart tipli su sayğacından keçməyən D=20 mm plastik boru vasitəsilə kənar xətt” aşkar olunmuş, bu barədə xx xxxxxxx 2017-ci il tarixli, № MXD-08986 saylı inventar aktı tərtib edilmiş və həmin akta əsasən İddiaçı MMC-yə ümumilikdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 4.104 manat məbləğində borc hesablanmışdır. Halbuki heç bir xxxx sudan istifadə halı olmamış və istifadə edilmiş suya görə ödənişlər vaxtında ödənilmişdir. Cavabdeh ASC tərəfindən həqiqətən də, həmin boru xətti vasitəsilə sudan sayğacdan kənar istifadə edilməsinə dair əsaslı sübutlar yoxdur. Hesab edirlər ki, əsassız olaraq cavabdeh tərəfindən sayğacdan kənar “xxxx” su xəttinin quraşdırılmasında günahlandırılmış və ona əsassız olaraq borc hesablanmışdır. Belə ki, birincisi, qeyd edilən akt tərtib edilən vaxt həmin ünvanda heç kim olmamışdır. Orada hər hansı bir sayğacdan kənar “xxxx” su xəttinin aşkar edilməsi o demək deyil ki, həmin xətt MMC tərəfindən quraşdırılmışdır. Eyni zamanda qeyd edilən aktın tərtib olunmasından 3 ilə yaxın müddət keçməsinə baxmayaraq onun həmin aktdan xəbərləri olmayıb. Həmin aktın tərtib edilməsində MMC-nin nümayəndəsi iştirak etməmiş və tərəfindən imzalanmamışdır. Bu barədə cavabdeh orqan tərəfindən müəssisəyə xx.xx.2020-ci il tarixli suya borcun olması barədə xəbərdarlıq göndəriməsindən sonra xəbər tutmuşdur. Bundan başqa tərəflərindən su sayğacına və xəttinə hər hansı bir müdaxilə olmamışdır. Digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında deyildi. Belə olan halda hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurddur. Su xəttinə hər hansı bir müdaxilə varsa, belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən edilə bilər. Su xətti kənar müdaxilələrdən mühafizə olunmur. Cavabdeh tərəfindən xxxx su xəttinin olmasını və həmin xəttin vasitəsilə sudan istifadə edilməsinin sübutu kimi yalnız akt tərtib edilmişdir ki, həmin aktın hansı şəraitdə tərtib olması məlum deyil və buna görə də həmin aktın olması noqsanın olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmənin nəzərinə onu da çatdırırlar ki, iddia ərizəsinə əlavə edilən mübahisələndirilən xx xxxxxxx 2017-ci il tarixli, № MXD-08986 saylı aktının surətindən müəyyən edilir ki, akt tərtib edilərkən hal şahidlərinin əvəzinə Cavabdeh ASC-nin əməkdaşları iştirak edərək akta imza etmişlər. Hesab edirlər ki, belə halda həmin aktın tərtib edilməsi üçün əsas olan hallar, yəni noqsanın həqiqətən aşkar edilməsi şübhəlidir. Çünki hal şahidləri marağı olmayan şəxslər sırasından seçilməli və akta imza etməli olduqları halda, həmin noqsanların aşkar edilməsini, aktı tərtib edən orqanın öz əməkdaşları təsdiq etmişlər. Göründüyü kimi cavabdehin müəssisənin qanunsuz hərəkətlərinin nəticəsində ona maddizərərin vurulmasını təsdiq edən mötəbər sübutlar olmadığından iddia tələbi təmin edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən qanunsuz və əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Nuhov iddia tələbinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş MXD- 08986 saylı xx.xx.2017-ci il tarixli inventar aktından görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı MMC-yə məxsus obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə quraşdırılan smart kart tipli su sayğacından keçməyən D=20 mm plastik boru vasitəsilə çəkilmiş kənar xətt aşkarlanmışdır. Həmin akt əsasında tərtib edilmiş 080257 saylı xx.xx.2017-ci il tarixli xxxx istifadə nəticəsində su hesabından isə görünür ki, xxxx istifadə edilən su borusunun diametri 20 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay götürülməklə hesabat aparılmış və sudan xxxx istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq İddiaçı MMC-yə 4104 manat məbləğində borc hesablanmışdır. Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, istifadəçidən su təchizatı və tullantı suların axıdılması xidmətindən istifadəyə görə yaranmış borcun 7 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2017-ci ildə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən İddiaçı MMC-nin istifadəsində olan Xətai rayonu, Mehmandarov küçəsi ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə quraşdırılmış smart kart tipli su sayğacından keçməyən D=20 mm plastik boru vasitəsilə çəkilmiş kənar xəttin aşkarlanması barədə MXD- 08986 saylı akt tərtib edilmiş və həmin akt əsasında İddiaçı MMC-yə 4104 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı MMC MXD- 08986 saylı akta əsasən hesablanmış 4104 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, Cavabdeh ASC mübahisəli borcun hesablanmasını İddiaçı MMC tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş MXD-08986 saylı akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçının iştirakı olmadan cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 4.104 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli MXD-08986 saylı inventar aktına və xxxx istifadə nəticəsində itirilmiş su hesabatına əsasən İddiaçı MMC-yə hesablanmış 4.104 (dörd min yüz dörd) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli MXD- 08986 saylı inventar aktına və xxxx istifadə nəticəsində itirilmiş su hesabatına əsasən İddiaçı MMC-yə hesablanmış 4.104 (dörd min yüz dörd) manat məbləğində borc silinsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar