Məhkəmə qərarları › İş №e-2-2(113)-4393/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4393/2023

27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4393/2023 27.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: vurulmuş zərərin ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı reklam qurğusuna vurmuş zərərə görə 3201,36 manat məbləğində pulun, 60 manat məbləğində mediasiya xərcinin, 200 manat məbləğində hüquqi yardım xərcinin və 53 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı reklam qurğusuna vurmuş zərərə görə 3201,36 manat məbləğində pulun, 60 manat məbləğində mediasiya xərcinin, 500 manat məbləğində hüquqi yardım xərcinin və 53 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 aprel 2023-cü il tarixində cavabdehin mülkiyyətində olan HYUNDAİ HD 72 yük markalı 90JN966 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən işçisi X3 qeyd edilən nəqliyyat vasitəsi ilə geriyə manevr edərkən nəqliyyat vasitəsini iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 273d ünvanında quraşdırılmış 3,6x2,4 metr ölçüdə roller tipli reklam qurğusuna vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Nəqliyyat vasitəsini idarə edən sürücü hadisə yerini tərk edərək getmişdir. İddiaçı hadisə barədə sonradan məlumat almış və müraciəti nəticəsində aparılmış araşdırmalar nəticəsində hadisənin cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsi ilə törədilməsi müəyyən edilmişdir. Hadisə ilə bağlı inzibati protokol tərtib edilmiş və cavabdehin nəqliyyat vasitəsini idarə edən işçisi X1 qaydada qaydada cərimə edilmişdir. Nəticədə qeyd edilən reklam qurğusuna ümumilikdə 3201,36 manat məbləğində zərər dəymişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı cavabdehə məlumat verərək vurduğu zərərin ödənilməsi tələb etmişdir. Lakin cavabdeh bu günə qədər vurduğu zərəri ödəməmişdir və belə görünür ki, ödəmək niyyətində də deyildir. Buna görə də iddiaçı pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, reklam qurğusuna vurmuş zərərə görə 3201,36 manat məbləğində pulun, 60 manat məbləğində mediasiya xərcinin, 200 manat məbləğində hüquqi yardım xərcinin və 53 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdehə məxsus HYUNDAİ HD 72 yük markalı 90JN966 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən işçisinin hərəkətləri nəticəsində 01 aprel 2023-cü il tarixində iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 273d ünvanında quraşdırılmış 3,6x2,4 metr ölçüdə roller tipli reklam qurğusuna 3201,36 manat məbləğində zərər vurulduğu iddia edilir. "xxxx" ASC ilə bağlanılan xx.xx.2022-ci il tarixli PME********** nömrəli avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə əsasən iddiaçıya vurulan zərərin ödənilməsi üçün Sığortaçıya müraciət etmiş və Sığortaçı zərərin ümumi məbləğinin 1500 manat civarında qiymətləndirmişdir. Lakin iddiaçı bu kompensasiya məbləği ilə qane olmamış və Sığortaçı tələb edilən zərər məbləğini sübut edən müvafiq sənədlərin təqdim edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilən "xxxx" MMC-nin və "xxxx" İnnovativ Reklamçılıq şirkəti” MMC-nin vurduğu elektron qaimələr həmin reklam qurğusuna görə ödənişlərin həyata keçirildiyini sübut etmədiyindən Sığortaçı bu məbləğləri nəzərə almamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

9. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. 29.03.2023-cü il tarixli İ**********0107 qeydiyyat nömrəli Açıq məkanda reklam yerləşdirilməsinə icazədən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 273d ünvanında iki tərəfli 3,6x2,4 metr ölçüdə roller tipli reklam qurğusu quraşdırılmasına icazə verilmişdir.

12. 04.08.2023-cü il tarixli EBDL seriyalı 462837 saylı elektron qaimədən və "xxxx" MMC ilə iddiaçı arasında tərtib edilmiş aktdan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli 19/23 saylı müqaviləyə əsasən "xxxx" MMC-yə reklamın yerləşdirilməsi üçün 18% ƏDV daxil 944 manat məbləğində ödəniş köçürmüşdür.

13. xx.xx.2023-cü il tarixli EBDF seriyalı 811523 saylı elektron qaimədən və xx.xx.2023-cü il tarixli İşlərin təhvil-təslim edilməsinə dair aktdan görünür ki, "xxxx" İnnovativ Reklamçılıq Şirkəti” MMC böyük ikitərəfli scroller tipli reklam daşıyıcısında ehtiyyat hissəsini yenisi ilə əvəz etməklə iddiaçıya təhvil vermiş və iddiaçı həmin işləri qəbul etmişdir. Xidmətin dəyəri 2257,36 manat təşkil etmişdir.

14. 14.09.2023-cü il tarixli Ödəniş tapşırığından və Köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçı 1913,02 manat və 344,34 manat ƏDV olmaqla, 2257,36 manat "xxxx" İnnovativ Reklamçılıq Şirkəti” MMC-nin hesabına ödəniş etmişdir.

15. İXP seriyalı, ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsində 01 aprel 2023-cü il tarixdə saat 12:05 radələrində idarə etdiyi HYUNDAİ HD 72 yük markalı 90JN966 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

16. TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

17. AC seriyalı 691072 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, HYUNDAİ HD 72 yük markalı 90JN966 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin adına qedyiyyata alınmışdır.

18. İşin müəyyən edilən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdehin işçisi X3 01 aprel 2023-cü il tarixdə saat 12:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsində idarə etdiyi cavabdehə məxsus HYUNDAİ HD 72 yük markalı 90JN966 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus iki tərəfli 3,6x2,4 metr ölçüdə roller tipli reklam qurğusuna zərər dəymişdir.

19. Məhkəmə qeyd edir ki, tərəflər yol-nəqliyyat hadisəsi nəticəsində reklam qurğusuna zərər dəyməsini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız dəymiş zərərin məbləği barədədir. Mübahisənin mahiyyətini reklam qurğusunun təmir xərcinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu məbləğin 1500 manat, iddiaçı isə 3201,36 manat təşkil etdiyini bildirir.

20. Cavabdeh reklam qurğusunun təmir xərcinin 1500 manat olmasını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

21. İddiaçı reklam qurğusunun təmiri ilə bağlı çəkdiyi xərclərinin 3201,36 manat təşkil etdiyini bildirsə də, yalnız "xxxx" İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə 2257,36 manat ödəniş edilməsinə dair sənədi (ödəniş tapşırığı) məhkəməyə təqdim etmiş, qalan 944 manat xərclə bağlı isə "xxxx" MMC-nin elektron qaiməsi və həmin xərclə bağlı tərtib edilmiş akt təqdim edilsə də, pulun ödənilməsini təsdiq edən hər hansı sənəd (ödəniş tapşırığı, mədaxil orderi və s.) məhkəməyə təqdim edilməmişdir.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, reklam qurğusuna çəkilən xərclər 2257,36 manat hissəsində təsdiq olunduğundan, iddia göstərilən hissədə təmin edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

24. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 200 manat müəyyən olunmaqla Bakı şəhər 9 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir.

25. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 60 manat məbləğində pul Bakı 3 saylı Mediasiya təşkilatına ödənilmişdir.

26. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

29. İş üzrə iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 70,51 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 15,63 manat təşkil edir. İddiaçı tərəfindən ödənilmiş 53 manat dövlət rüsumundan iddiaçıya aid edilməli məbləğ çıxılmaqla, qalan 37,37 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Beləliklə, işin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən reklam qurğusuna vurulmuş zərərə görə 2257,36 manat məbləğində pul, 60 manat məbləğində mediasiya xərci, 200 manat məbləğində hüquqi yardım xərci və dövlət rüsumuna görə 37,37 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən reklam qurğusuna vurulmuş zərərə görə 2257,36 manat məbləğində pul, 60 manat məbləğində mediasiya xərci, 200 manat məbləğində hüquqi yardım xərci və dövlət rüsumuna görə 37,37 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar