Məhkəmə qərarları › İş №e-2-2(113)-4394/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4394/2023

01.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4394/2023 01.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 63.776,12 manat məbləğində əsas məbləğ və 9.675,31 manat ƏDV borcunun, 3.672,51 manat əldən çıxmış faydanın, vəkilə ödənilmiş 2000 manat məbləğində vəsait olmaqla, ümumilikdə 79.123,94 manat məbləğdə vəsaitin və 405 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı direktoru Yücel Ortuğ və Cavabdeh MMCnin direktoru Nümayəndə arasında 09 fevral 2022-ci il tarixli, 60/2022 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, İddiaçı MMC bu müqavilədə müəyyən olunmuş şərtlərlə malları Cavabdeh MMC-yə satmağı, Cavabdeh MMC isə həmin şərtlər daxilində malın dəyərini hesab faktura təqdim edildikdən sonra ödəməyi öz öhdəsinə götürmüşdür. Mövcud müqaviləyə müvafiq olaraq Cavabdeh MMC-nin EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 20.024,40 manat əsas borc, 3.604,39 manat ƏDV borcu; EBBX seriyalı, 895126 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 20.208 manat əsas borc, 3.637,44 manat ƏDV borcu; EBBX seriyalı, 944257 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 23.436 manat əsas borc, 4.218,48 manat ƏDV borcu; EBBY seriyalı, 316207 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 10.107,72 manat əsas borc, 1.819,39 manat ƏDV borcu mövcuddur. Cavabdeh xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən sadəcə 10000 manat məbləğində əsas borc üzrə, 3.604,39 manat məbləğində isə ƏDV üzrə ödəniş etmişdir. Hal-hazırki tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 63.776,12 manat əsas məbləğ və 9.675,31 manat məbləğində ƏDV borcu olmaqla ümumilikdə 73.451,43 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, xx.xx.2022ci il tarixli qaiməyə əsasən 23.628,79 manat məbləğ üzrə 584,76 manat (23.628,79- 10000-3.604,39=10.024,4/12x14x5%=584,76); xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 23.845,44 manat məbləğ üzrə 1.291,63 manat (23.845,44/12x13x5%=1.291,63); xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 27.654,48 manat məbləğ üzrə 1.497,95 manat (27.654,48/12x13x5%=1.497,95); xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 11.927,11 manat məbləğ üzrə 298,17 manat (11.927,11/12x6x5%=298,17) məbləğdə, ümumilikdə isə 3.672,51 manat məbləğində əldən çıxmış fayda mövcuddur. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 25 iyun 2023-cü il tarixində rəsmi qaydada müvafiq borcun 5 iş günü ərzində ödənilməsi üçün pretenziya məktubu ünvanlanmışdır. Tərəflərindən həmçinin mediasiyaya müraciət olunmuş, lakin tərəf iştirak etmədiyi üçün hər hansı nəticə əldə olunmamışdır. Onu da qeyd edirlər ki, Cavabdeh MMC bu günədək tam ödənişi təmin etməmişdir. Cavabdeh ödəməli olduğu 63.776,12 manat əsas məbləğ və 9.675,31 manat ƏDV ödənişi dəyərində məbləği zamanında ödəmədiyi üçün İddiaçı MMC-yə maddi cəhətdən böyük zərər dəymiş və həmin məbləğ ilə əldə edə biləcəyi gəlir və faydadan məhrum olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, verilmiş iddia tələbi ilə razı olmadıqlarını, belə ki, alınmış malların dəyərinin bir hissəsi ödənilsə də bunun iddia tələbində nəzərə alınmadığını, o cümlədən elektron qaimələr üzrə bir sıra malların onlara təhvil verilmədiyini qeyd edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC arasında 09 fevral 2022-ci il tarixli 60/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “satıcı” bu müqavilədə müəyyən olunmuş şərtlərlə malları (bundan sonra malı) “alıcı”ya satmağı, “alıcı” isə həmin şərtlər daxilində malın dəyərini hesab faktura təqdim edildikdən sonra ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən "satıcı” malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda “alıcı”ya təhvil verməlidir. 3.1-ci bəndinə əsasən “alıcı” bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq, malın dəyərini tam ödədikdən sonra mal “alıcıya”ya təhvil verilir. 3.2-ci bəndinə əsasən “alıcı” bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün ödənilməyən məbləğin 0,1%-i həcmində cərimə ödəyəcəkdir. 4.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixi bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymətdə razılaşma protokoluna əsasən müəyyən edilir. 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2022ci il tarixinə kimi qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 09 fevral 2022-ci il tarixli 60/2022 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 04 saylı qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti ümumilikdə (3.604,39 manat ƏDV daxil) 23.628,79 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 09 fevral 2022-ci il tarixli 60/2022 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 05 saylı qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti ümumilikdə (3.637,44 manat ƏDV daxil) 23.845,44 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 09 fevral 2022-ci il tarixli 60/2022 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 06 saylı qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti ümumilikdə (4.218,48 manat ƏDV daxil) 27.654,48 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 09 fevral 2022-ci il tarixli 60/2022 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 07 saylı qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti ümumilikdə (1.819,39 manat ƏDV daxil) 11.927,11 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 20 fevral 2023-cü il tarixli 78/2023 nömrəli müqaviləsinə əlavə olan 02 saylı qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti ümumilikdə (1.858,21 manat ƏDV daxil) 12.181,63 manat olması barədə razılaşmışlar. Protokol satıcının imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən 09 fevral 2022-ci il tarixli, 60/2022 nömrəli müqaviləyə əsasən ümumilikdə 87.055,82 manat dəyərində malların verilməsinə görə, o cümlədən 23.628,79 manat dəyərində EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli, 23.845,44 manat dəyərində EBBX seriyalı, 895126 nömrəli, xx.xx.2022-ci il tarixli, 27.654,48 manat dəyərində EBBX seriyalı, 944257 nömrəli, xx.xx.2022-ci il tarixli, 11.927,11 manat dəyərində EBBY seriyalı, 316207 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir. Elektron qaimələr satıcı ilə yanaşı alıcı - Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli 78/2023 saylı müqaviləyə 2 saylı Qiymətlərin razılaşma protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 12.181,63 manat dəyərində paslanmaz, alüminium və galvaniz sac təqdim edilməsi razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli 20230270 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş malın (paslanmaz, alüminium və galvaniz sac) ümumi dəyəri (1.858,21 manat ƏDV daxil) 12.181,63 manat təşkil edir (yükalan - Cavabdehdir). "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 370418-1063 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (09 fevral 2022-ci il tarixli, 60/2022 nömrəli müqaviləyə və 20230270 nömrəli hesab-fakturaya əsasən avans ödənişi üzrə) 6000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından İddiaçı MMC-yə (09 fevral 2022-ci il tarixli, 60/2022 nömrəli müqaviləyə və 20230270 nömrəli hesab-fakturaya əsasən avans ödənişi üzrə) 1080 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş sənədi (tapşırığı) ilə təsdiq edilir ki, (09 fevral 2022-ci il tarixli, 60/2022 nömrəli müqaviləyə və 20220552 nömrəli hesab-fakturaya əsasən avans ödənişi üzrə) 10000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli 20220552 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş malın (paslanmaz sac) ümumi dəyəri (3.604,39 manat ƏDV daxil) 23.628,79 manat təşkil edir (yükalan - Cavabdehdir). xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından İddiaçı MMC-yə (09 fevral 2022-ci il tarixli, 60/2022 nömrəli müqaviləyə və 20220552 nömrəli hesab-fakturaya əsasən avans ödənişi üzrə) 3.604,39 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli 20220608 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş malın (alüminium sac) ümumi dəyəri (3.637,44 manat ƏDV daxil) 23.845,44 manat təşkil edir (yükalan - Cavabdehdir). xx.xx.2022-ci il tarixli 20220624 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş malın (paslanmaz sac) ümumi dəyəri (4.218,48 manat ƏDV daxil) 27.654,48 manat təşkil edir (yükalan - Cavabdehdir). xx.xx.2022-ci il tarixli 20220645 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş malın (paslanmaz sac) ümumi dəyəri (1.819,39 manat ƏDV daxil) 11.927,11 manat təşkil edir (yükalan - Cavabdehdir). e-qaimələr haqqında məlumatlardan görünür ki, EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 895126 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 944257 nömrəli, xx.xx.2022-ci il tarixli və EBBY seriyalı, 316207 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə “sistem tərəfindən təsdiqlənmiş” vəziyyətdədir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə 2000 manat məbləğində pul vəsaiti “Güvən” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlayaraq borcun 5 iş günü ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda satıcı - İddiaçı MMC ümumilikdə 87.055,82 manat dəyərində (o cümlədən 23.628,79 manat dəyərində EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli, 23.845,44 manat dəyərində EBBX seriyalı, 895126 nömrəli, xx.xx.2022-ci il tarixli, 27.654,48 manat dəyərində EBBX seriyalı, 944257 nömrəli, xx.xx.2022-ci il tarixli, 11.927,11 manat dəyərində EBBY seriyalı, 316207 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimələr üzrə) malların alıcı – Cavabdeh MMC-yə verdiyini, alıcının isə həmin dəyərdə təhvil aldığı malların sadəcə 10000 manat məbləğində əsas borc üzrə, 3.604,39 manat məbləğində isə ƏDV üzrə ödəniş etdiyini qeyd edir və cavabdehin hazırda iddiaçıya ümumilikdə 73.451,43 manat məbləğində (9.675,31 manat ƏDV daxil) borcunun ödəmədiyini iddia edir. Cavabdeh isə verilmiş iddia tələbi ilə razı olmadıqlarını, belə ki, alınmış malların dəyərinin bir hissəsinin ödənildiyini, lakin bunun iddia tələbində nəzərə alınmadığını, o cümlədən elektron qaimələr üzrə bir sıra malların onlara təhvil verilmədiyini əsas gətirir. Hazırki işin mübahisəli halını sözügedən elektron qaimələr üzrə ümumilikdə 87.055,82 manat dəyərində malların cavabdehə təqdim edilib-edilməməsi və cavabdehin iddiaçıya olan borc məbləği təşkil edir. İddiaçı həmin hissədə tələbini sübut etmək üçün ümumilikdə (ƏDV daxil) 87.055,82 manat dəyərində malların verilməsinə dair tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmiş EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 895126 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 944257 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 316207 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimələri məhkəməyə təqdim etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əvvəla sözügedən elektron qaimələr iddiaçı ilə yanaşı Cavabdeh MMC-nin möhürü vurulmaqla onlar tərəfindən imzalanmışdır. İkincisi isə mübahisəli malların cavabdehə təqdim edilməsi ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş sözügedən qaimələr qanunvericilikdə müəyyən edilmiş müddət ərzində düzəliş üçün qaytarmamış, eləcə də cavabdeh şirkət üçün vergi öhdəliyi yaradan elektron qaimələr ilə bağlı iddiaçıya və vergi orqanına hər hansı bir formada etiraz ünvanlamamışdır (e-qaimələr haqqında məlumatlardan görünür ki, elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” vəziyyətdədir). Bununla yanaşı cavabdeh 23.628,79 manat dəyərində olan EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə avans olaraq 10000 manat və 23.628,79 manat dəyərində olan malın 3.604,39 manat məbləğində ƏDV-sini iddiaçıya ödəmişdir (bax. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş sənədi (tapşırığı) və 20220552 nömrəli hesab-faktura). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisəli elektron qaimələri möhür vurmaqla imzalaması və qaimələrlə bağlı iddiaçıya və vergi orqanına hər hansı bir formada etiraz ünvanlamaması, eləcə də EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə avans və ƏDV ödənişini etməsi həmin qaimələrdə qeyd edilmiş malların cavabdehə təqdim edilməsini sübuta yetirir. Cavabdeh isə etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi 20230270 nömrəli hesab-fakturaya əsasən 6000 manat məbləğində avans ödənişin edilməsi xx.xx.2023-cü il tarixli hesabfakturaya gəldikdə iş materiallarından müəyyən edilir ki, həmin məbləğ xx.xx.2023-cü il tarixli 78/2023 saylı müqaviləyə 2 saylı Qiymətlərin razılaşma protokoluna əsasən verilmiş 20230270 nömrəli hesab-faktura üzrə avans olaraq ödənilmişdir. Odur ki, Həmin ödənişin hazırkı iddia ilə ödənilməsi tələb edilən hesab-faktura və elektron qaimələrlə bağlılığı yoxdur. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – cəmi ƏDV daxil 73.451,43 (87.055,82-10000-3.604,39 manat ƏDV=73.451,43) manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh MMC-dən ƏDV daxil 73.451,43 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 73.451,43 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 3.672,51 manat məbləğində əldən çıxmış faydanın tutulması tələbini də irəli sürmüşdür. Bununla bağlı məhkəmə əvvəla qeyd edir ki, iddiaçı tələb etdiyi məbləği “əldən çıxmış fayda” adlandırsa da, tələbinin əsası kimi 445.7-ci maddəsinə istinad etmişdir. Odur ki, məhkəmə sözügedən tələbə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 % olmaqla fazi tələbi kimi qiymətləndirir. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh MMC-nin alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərinin ödənilməsini müxtəlif tarixlərdə göndərilmiş elektron qaimələr üzrə təxminən 1 ildən artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Cavabdeh MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 3.672,51 (73.451,43x5%) manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400+5 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 321,37 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400+5 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 73.451,43 manat məbləğində borc və 3.672,51 manat məbləğində faizlər, cəmi 77.123,94 manat məbləğində pul vəsaiti, vəkil xərclərinin əvəzi olaraq 500 manat , mediasiya xərclərinin əvəzi olaraq 405 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar