Məhkəmə qərarları › İş №e-2-2(113)-441/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-441/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-441/2020 11.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iqtisadi işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC, Cavabdeh MMC-yə qarşıiddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir) müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 19/16 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 43281,07 manat əsas borcu, 21693,12 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 6118,18 manat borc olmaqla, cəmi 71092,37 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzıbati-lqtısadı Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(81)-3619/2016 saylı qərarı ilə İddiaçı ASC-nın ləğv edilməsi və İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. İddiaçı ASC ilə “Cavabdeh" MMC-nin Azərbaycan filialı arasında bağlanılmış xx.xx.2016-cı ıl tarixli, 19/16 saylı Kredit müqaviləsinə əsasən, sonuncuya 4 ay müddətinə, illik 22 faiz dərəcəsi olmaqla, 500000 manat kredit verilmişdir. Cvabdeh tərəfindən müqavilə üzrə yaranmış öhdəliklər yerinə yetirilməmişdir. Müqavilənin şərtlərinə əsasən xx.xx.2016-cı il tarixli, 19/16 saylı müqaviılə üzrə borcalanın banka 43281.07 manat əsas borc, 21693.12 manat faiz borcu və 6118.18 manat gecikdirilimiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla cəmi 71092.37 manat borcu mövcuddur. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən cavabdehə müraciətlər edilmiş, lakin cavabdeh tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ekspertiza rəyi ilə razılaşmadığını, iddia tələbinin maliyyə arayışı üzrə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında acılmış kredit xətti üzrə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə 250000 manat xx.xx.2016-cı il tarixdə isə 100000 manat vəsait verilmişdir. Cavabdeh tərəfindən 2016-2018-ci illər ərzində ümumilikdə iddiaçıya 373838 manat kredit xətti üzrə borc ödənilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş ekspert Zaur Məmmədov ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, məhkəmənin qərardadı üzrə ekspertiza aparılıb, rəyi onun tərəfindən verilmiş nəticəni təsdiq edir. Cavabdehin kredit xətti üzrə iddiaçıya borcu xx.xx.2019-cu il tarixə qədər əsas və faiz borcu birlikdə 11763.99 manat təşkil edir. Faiz borcu 347.26 manatdır. Ekspertiza tədqiqatı ancaq əsas və faiz borcu üzrə aparılmışdır. Hesablama qaydası rəyə əlavə edilmiş cədvəldə öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən aşılmış kredit xətti üzrə məbləğ 350000 manat təşkil etmişdir. Qeyd olunan borc ödəniliməsinə baxmyaraq faiz bağlanmayıb. Hal hazırda cavabdehin qeyd olunan kredit xətti üzrə borcu 11416.73 əsas, 347.26 manat faiz borcudur. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatını və ekspertin cavablarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 19/16 nömrəli Kredit müqaviləsindən görünür ki, “Borcverən” İddiaçı ASC “borcalan” Cavabdeh MMC-yə mal-materialların alınması məqsədilə 4 ay müddətinə, illik 22 faiz dərəcəsi olmaqla, 500000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. - Müqavilənin 2.3-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. - Müqavilənin 6.2-cü bəndinə əsasən kredit üzrə əsas borcun ödənişi xx.xx.2016-cı il tarixinə qədər tam şəkildə Borcalan tərəfindən müqaviləyə əsasən Borcverənə ödənilməsi müəyyən edilmişdir. -LPO İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2019-cu il tarixli xəbərdarlıqlardan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 19/16 saylı kredit müqaviləsi üzrə olan borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - LPO İddiaçı ASC-nin xx xxxxxx 2019-cu il tarixli **********725 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli, 19/16 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə Cavabdeh MMC-nin banka 43281.07 manat əsas, 21693.12 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 6118,18 manat borc olmaqla cəmi 71092.37 manat borcun olduğu göstərilmişdir. - xx.xx.2016-cı il tarixli 035476 nömrəli, xx.xx.2016-cı il tarixli 035477 nömrəli İddiaçı ASC tərəfindən cavabdehə təqdim edilmiş çeklərdən görünür ki, qeyd olunan tarixlərdə İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 350000 manat kredit vəsaiti verilmişdir. -İş materiallarına əlavə edilmiş mədaxil qəbzləri və ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2016-cı il tarixli 02 nömrəli qəbzə əsasən 134300 manat, xx.xx.2016-cı il tarixli 08 nəmrəli qəbzə əsasən 56152 manat, xx.xx.2017-ci il tarixli 005AZ**********3 nömrəli ödəniş tapşırığına əsasən 50000 manat, xx.xx.2017-ci il tarixli 168 nömrəli ödəniş tapşırığına əsasən 43000 manat, xx.xx.2018-ci il tarixli 266 nömrəli ödəniş tapşırığına əsasən 56548 manat, xx.xx.2017-ci il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığına əsasən 10000 manat, xx.xx.2017-ci il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığına əsasən 10000 manat, xx.xx.2018-ci il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığına əsasən 14138 manat olmaqla ümumilikdə İddiaçı ASC-yə ******* manat ödəniş edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2930 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş arayış və hesabdan çıxarış məlumatları ekspertizaya təqdim edilmiş kredit müqavilələrinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixli 19/16 saylı müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə xx.xx.2016-cı il tarixə olan borcu 373925 manat (350000 manat əsas, 23925 manat faiz) təşkil edir. Müqavilə müddətinin bitdiyi 09.1.2016-cı il tarixdən maliyyə arayışında borcun hesablandığı tarixə - xx.xx.2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu nəzərə alınmaqla Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixinə İddiaçı ASC-yə olan borcu 11763.99 manat (11416.73 manat əsas, 347.26 manat faiz) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, LPO İddiaçı ASC iləCavabdeh MMC arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bank tərəfindən borcalan kredit verilməsi razılaşdırılmışdır. İddiaçı tərəf bağlanmış müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirərək ümumilikdə cavabdehə 350000 manat kredit vəsaiti vermişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıya ümumilikdə 374138 manat pul vəsaiti ödəmişdir. xx.xx.2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu nəzərə alınmaqla Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixinə İddiaçı ASC-yə olan borcu 11416.73 manat əsas, 347.26 manat faiz borcu olmamqla ümumilikdə 11763.99 manat borcu vardır. İddiaçı tərəf iddia tələbi üzrə tələb etdiyi borcun əsası olaraq özü tərəfindən tərtib edilmiş maliyyə arayışını göstərmişdir. Həmin arayışda iddiaçı mübahisə predmeti üzrə iddia etdiyi borcu hansı məbləğdə verilmiş kredit vəsaiti üzrə hesablaması müəyyən olumamışdır. Belə ki, həm məhkəmə araşdırması zamanı, həm iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekpertizası zamanı aparılmış araşdırmadan müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 19/16 saylı müqavilə üzrə cavabdehə 500000 manat kredit vəsaiti ayrılması nəzərdə tutulmasına baxmayaraq iddiaçı tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixli 035476 nömrəli, xx.xx.2016-cı il tarixli 035477 nömrəli məxaric çekləri əsasında ümumilikdə 350000 manat kredit vəsaiti verilmişdir. Belə olan halda qeyd olunan arayış üzrə aparılmış hesablama üzrə cavabdehin cəmi 71092,37 manat borcunun tələb edilməsi əsassızdır. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən verilmiş 350000 manat kredit vəsaitinin müqabilindən cavabdeh tərəfindən əsas məbləğ üzrə 338583.27 manat, kredit vəsaiti üzrə hesablanmış faiz borcu 35902 manat müqabilində cavabdeh tərəfindən 35554.73 manat ödəniş edildiyi müəyyən edilmişdir. Müəyyən edilmiş hallara əsasən məhkəmə bildirir ki, hal-hazırda mübahisə predmeti olan kredit müqaviləsi üzrə cavabdehin İddiaçı ASC-yə 11416.73 manat əsas, 347.26 manat faiz borcu vardır. İddiaçı tərəfindən qeyd olunan halların təkzib edəcək har-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2016-cı il tarixli 19/16 saylı müqavilə üzrə tələb olunana 21693.12 cərimənin 500 manat həddinədək azaldılmasını ədalətli hesab edir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, 150 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 11416.73 manat əsas borc, müqavilənin müddəti bitdikdən sonra illik 5% lə hesablanmış 347.26 manat, gecikdirməyə görə 500 manat cərimə və 30 manat dövlət rüsumunu olmaqla ümumilikdə 12293.99 manat pulun tutularaqiddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 11416.73 manat əsas borc, müqavilənin müddəti bitdikdən sonra illik 5% lə hesablanmış 347.26 manat, gecikdirməyə görə 500 manat cərimə və 30 manat dövlət rüsumunu olmaqla ümumilikdə 12293.99 manat pulun tutularaq İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Cavabdeh MMC-dən 150 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar