Məhkəmə qərarları › İş №e-2-2(113)-441/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-441/2024

12.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-441/2024 12.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış 6041,60 manat maddi zərərin tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 24 aprel 2023-cü il tarixdə 009/2023-İQ nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satmaq məqsədi ilə iddiaçı tərəfindən cavabdehə “Seylab” əmtəə nişanlı qablaşdırılmış içməli suları razılaşdırılmış qaydada satmağı və alıcı da həmin malların dəyərini satıcıya ödəməyi nəzərdə tutmuşdur. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən 0,5 litr su 1 ədəd 0.40 AZN ƏDV xaric, 5 litr su 1 ədəd 1.20 AZN ƏDV xaric təşkil edir. Müqavilə şərtlərinə görə xx.xx.2023-cü il tarixdə 12701 saylı təvil-təslim qəbzinə əsasən cavabdehə “selab” 0.5 litr, 4 000 ədəd, qiymət 0.472, ümumi məbləğ 1888 manat, “selab” 5 litr, 600 ədəd, qiyməK 1.416, ümumi məbləğ 849,6 cəmi 2 737.6 manat, xx.xx.2023-cü il tarixdə 12803 saylı təvil-təslim qəbzinə əsasən sizə “selab” 0.5 litr, 5 800 ədəd, qiyməK 0.472, ümumi məbləğ 2 737.6 manat, “selab” 5 litr, 400 ədəd, qiyməK 1.416, ümumi məbləğ 566.4 cəmi 3 304 manat ümumilikdə 6041,60 manat dəyərində məhsul verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən mal “alıcı”ya tam təhvil verildikdən sonra “satıcı” növbəti ayın ilk həftəsi ərzində e-qaimə göndərir və “alıcı” e-qaimə əsasında ödənişin edilməsi nəzərdə tutmuşdur. Lakin Cavabdeh MMC müqavilə şərtlərində nəzərdə tutulmiş 5.1-ci bəndində göstərilən tələbləri pozmaqla İddiaçıMMC-yə yaranmış 6 041,60 manat təşkil edən məhsulların dəyərini bu günə kimi ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mallar cavabdehə 2 partiya olmaqla xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təhvil verilmiş, həmin mallar 166 yükdaşıma xidməti vasitəsilə (cavabdehin sifarişi ilə) daşınmış, lakin dəyəri ödənilməmiş, nəticədə iddiaçının özünün də öz kreditorları qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış 24 aprel 2023-cü il tarixli 009/2023-İQ saylı alqı-satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya “Seylab” əmtəə nişanlı qablaşdırılmış içməli sular satır. “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir.

8. Müqavilənin 2.1.1-ci bəndinə əsasən 0,5 litr su 1 ədəd 0.40 AZN ƏDV xaric, 5 litr su 1 ədəd 1.20 AZN ƏDV xaric təşkil edir.

9. Müqa vilənin 5.1-ci bəndinə əsasən mal “alıcı”ya tam təhvil verildikdən sonra “satıcı” növbəti ayın ilk həftəsi ərzində e-qaimə göndərir və “alıcı” e-qaimə əsasında ödənişi edir.

10. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən həmin tarixdə ümumilikdə 6041,60 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.

11. "xxxx" MMC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə ********** saylı əlaqə nömrəsi vasitəsilə Binəqədi rayonu, Ş.Məmmədova 68 ünvanından - Bakıxanov rayonu, Y.Əliyev küçəsində yerləşən ünvana 600 ədəd hərəsi 5 litr olmaqla, ümumilikdə 200 su kaseti; xx.xx.2023-cü il tarixli sifarişlə Binəqədi rayonu, Azadlıq prospekti (Mərkəzi seçki komitəsi yanı) ünvanından 4 ton suyun daşınmasına dair sifariş daxil olmuş, həmin sifarişlər tərəflərində icra edilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDE 641488 saylı elektron qaimə (6041,60 manat) təqdim edilmişdir.

13. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

25. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 6041,60 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6041,60 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6041,60 manat məbləğində əsas borc, ödənilmiş 100 manat dövlət rüsumu, ümumilikdə 6141,60 (altı min bir yüz qırx bir manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar