Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4413/2022 03.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçının nümayəndəsi X2 cavabehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair kommersiya işinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 60145.7 manat məbləğində əsas borcun, 10 826 AZN ƏDV borcunun, 38492.00 manat məbləğində dəbbə pulunun (cərimənin) və 400 AZN ödənilmiş dövlət rüsumunun, 400 AZN mediasiya xərcinin, ümumilikdə 110 263.7 manat məbləğində pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2021-cı il tarixli 04 CPS/AGE 2021 saylı “icarə” müqaviləsinin şərtlərinə əsasən, “icarəçi” qeyd edilən müqavilə şərtlərinə əsasən “icarədar”dan götürdüyü texnikaların icarə haqqını müqavilənin şərtlərinə uyğun ödəmə aparmalı olmuşdur. Cavabdeh MMC tərəfindən xx.xx.2021-cı il tarixli “icarə” müqaviləsinin şərtləri pozulmuş və həmin müqaviləyə əsasən ödənilməli olan 60145.70 manat məbləğində əsas borcu (ƏDV xaric) yaranmışdır. Qeyd edilən borcun ödənilməsi məqsədilə cavabdehə dəfələrlə müraciət olunmuş, son görüş zamanı MMC-nin rəhbərliyi öhdəlik götürərək borcun 3 ay ərzində ödəniləcəyini bildirmişlər və xx.xx.2022-ci il tarixdə ödəniş qrafiki təqdim etsələr də, lakin bu günə qədər ödəniş təmin edilməmişdir. “icarəçi” müqavilənin 2.3 bəndinə əsasən təqdim edilmiş elektron-qaiməyə əsasən aylıq icarə haqqını növbəti ayın 15 tarixinədək ödəməli olmasına baxmayaraq müxtəlif səbəblər gətirərək may-dekabr 2021-ci tarixlərində 135043.98 azn (ƏDV xaric) icarə haqqından hissə-hissə 74898.28 azn (ƏDV xaric) ödəniş etmiş, 60145.7 azn ödənişi gecikdirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh özünün bütün işlərini ona icarəyə verilmiş texnikalarla görmüş, lakin bununla bağlı ödəniş olmamışdır. Nəticədə işçilərinin maaşlarını ödəyə bilməmiş, bir sıra maliyyə itkiləri ilə üz-üzə qalmışdır. Eyni zamanda əsas borcun vaxtlı-vaxtında ödənilməməsi nəticəsində 38.492 manat dəbbə pulu da ödənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında iddia tələbini əsas borc hissəsində qəbul etdiklərini, hazırda olan maliyyə çətinlikləri səbəbindən ödənişi edə bilmədiklərini, məhkəmədən iddia tələbinin dəbbə pulu hissəsində təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC “icarəyə verən”, Cavabdeh MMC “icrarəçi” olmaqla imzalanmış 04 CPS/ AGE 2021 saylı xx.xx.2021 tarixli icarə müqaviləsinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan bu müqaviləyə əlavə-1 də göstərilən texnikaları və nəqaliyyat vasitələrini icarəyə verir. “icarəçi” isə həmin texnikaları və nəqliyyat vasitələrini xidmət ehtiyacarı üçün öz istifadəsinə qəbul edir. "xxxx" MMC-nin direktoru X3, Cavabdeh MMC-nin direktoru X4 olmaqla imzalanmış 01 dekabr 2021-ci il tarixli üzləşmə aktına əsasən 04 CPS/AGE2021 saylı xx.xx.2021 tarixli müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-nə borcu xx.xx.2021 tarixinə ümumilikdə 75.536,16 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən X3 tərəfindən dövlət rüsumu ödənilmişdir. xx.xx.2022-ci il tarixli MŞB/9-00042 nömrəli mediasiya arayışında "xxxx" MMC və Cavabdeh MMC arasında mediasiya sessiyasının keçirildiyi, 400 manat məbləğində mediasiya xərcinin "xxxx" MMC tərəfindən ödənildiyi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında icarə müqaviləsi imzalanmış, hər iki tərəf müqavilə üzrə öhdəliklər götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq, icarə müqaviləsində razılaşdırılmış qaydada icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçı tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsi və hesablanmış borcun tutulması barədə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hımin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc və ƏDV borcu tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 60145.7 manat məbləğində əsas borc, 10 826 AZN ƏDV borcu tutulmalıdır. İddiaçı iddia tələbində 38.492 manat məbləğində cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə 38.492 manat məbləğində cərimə məbləğinin ödənilməsini tələb etsə də tərəflər arasında imzalanmış müqavilədə cərimə məbləğinin (dəbbə pulu) ödənilməsi razılaşdırılmamışdır. Yuxarıda sadalanan qanunvericilik normalarından da məlum olur ki, dəbbə pulu haqqında tələb əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və 400 manat ödənilmiş dövlər rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 60145.7 manat məbləğində əsas borc, 10 826 AZN ƏDV borcu, 400 manat mediasiya xərci, 400 manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4413/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4413/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver