Məhkəmə qərarları › İş №e-2-2(113)-4414/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4414/2023

24.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4414/2023 24.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 5096 (beş min doxsan altı) manat məbləğində borcun silinməsi tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçıya əsassız hesablanmış 5096 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qusar şəhəri Füzuli küçəsində yaşayış binası inşa etməklə həmin binada olan mənzillərin satışını həyata keçirir. Həmin yaşayış binası elektrik enerjisi ilə təchiz edilmiş, "xxxx" ASC-nin “X5 Təchizatı və Satışı İdarəsi” ilə müvafiq müqavilə əsasında **********1 abonent kodu ilə X1 olunur. İndiyədək X1yə görə ödənişlər vaxtlı-vaxtında ödənilmişdir. 15 mart 2022-ci il tarixdə X2 əməkdaşları yaşayış binasının elektrik sayğacına baxış keçirmişlər və həmin tarixdə akt tərtib etmişlər. Aktda qeyd edilmişdir ki, sayğacın tablosu itib, axan yükün hesabatını aparmır. Bundan təxminən bir il sonra yəni,xx.xx.2023-cü il tarixdə "xxxx"ASC-nin əməkdaşları İddiaçı MMC barəsində NDQ 01432 nömrəli Akt tərtib edərək itrilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 5096 manat məbləğində ziyan hesablamış və 13 mart 2023-cü il tarixli xəbərdarlıq məktubu təqdim edərək hesablanmış 5096 manat məbləğində ziyan ödənilmədiyi təqdirdə elektrik enerjisinin dayandırılacağını bildirmişlər. İddiaçı MMC tərəfindən yuxarıda göstərilən yaşayış binasında quraşdırımış elektrik sayğacına hər hansı müdaxilə olunmamış, sayğacda olan qüsura görə MMC-nin hər hansı təqsiri yoxdur. Bu səbəbdən də, MMC-yə 5096 manat məbləğində ziyan hesablanmasının heç bir əsası yoxdur. Belə ki,”Təkan-Ta”MMC nin Abunə haqqında məlumat vərəqəsində qeyd edilmiş məlumatlara əsasən cəmiyyət barəsində xx.xx.2023-cü il tarixdə NDQ 01432 nömrəli Akt tərtib edilərkən həmin dövr ərzində İddiaçı MMC-nin elelktirk sayğacında heç bir qusur olmamışdır və həmin dövrdə elektrik sayğacı aylar üzrə normal elektrik enerjisi sərfiyyatının uçutonu aparmış və qeyd edilən göstəricilərlə əvvəlki ayların elektrik enerjisi sərfiyyatının göstəriciləri arasında ciddi uyğunsuzluq olmamışdır.Bundan əlavə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş NDQ 01432 nömrəli Aktın surəti cəmiyyətə təqdim edilməmişdir və aktın surətinin təqdim olunması ilə bağlı cəmiyyətin icraçı direktoru tərəfindən dəfələrlə "xxxx"ASC-nin X4 müraciət olunsada akt təqdim edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə İddia ərizəsinin məzmununa uygun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. 7 III. Məhkəmə baxışının hədləri:

6.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -

IV. Tətbiq edilən hüquq:

7."Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. 8.Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanı: 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1 -ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11 -ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. 9.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın 8.16.-cı bəndinə əsasən İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

10. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. Abunə haqqında məlumatdan və cavabdehin iddiaçıya ünvanladıgı Xəbərdarlıqdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 5096 manat məbləğində borc hesablanmış, elektrik sayğacı aylar üzrə normal elektrik enerjisi sərfiyyatının uçutonu aparmış və qeyd edilən göstəricilərlə əvvəlki ayların elektrik enerjisi sərfiyyatının göstəriciləri arasında ciddi uyğunsuzluq olmamışdır.

12. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində sayğaca baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir.

13. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır.

14. Göründüyü kimi iddiaçı tərəfindən aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır, hansı ki, nöqsanlar həmin yoxlama ilə müəyyən edilərək iddiaçıya əlavə sərfiyyat hesablanmışdır.

15. Ona görə də məhkəmə hesab edir ki, “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlama nəticəsində iddiaçıya qanunsuz hesablanmış borc məbləği silinməlidir.

16. Bununla bağlı məhkəmə izah edir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür.

17. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

19. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

20. Məhkəmə qeyd edir ki, cavabdeh yoxlamanı Reyestrdə qeydiyyata alınmaqla aparmış olsa belə, aşkar olunmuş pozuntunun hansı səbəbdən baş verməsi və bu səbəbin iddiaçının hərəkət və hərəkətsizliyi ilə baglı olub-olmaması barədə hər hansı bir subutu məhkəməyə təqdim etməmişdir. Abunə haqqında məlumatdan göründüyü kimi elektrik sayğacı aylar üzrə normal elektrik enerjisi sərfiyyatının uçutonu aparmış və qeyd edilən göstəricilərlə əvvəlki ayların elektrik enerjisi sərfiyyatının göstəriciləri arasında ciddi bir uyğunsuzluq olmamışdır.

21. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə hesablanmış 5096 (beş min doxsan altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar