Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4417/2022 04.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı icarə haqqı və digər ödənişlərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6993,41 manat məbləğində zərərə görə və 100 manat dövlət rüsumu pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ASC-yə məxsus 133 saylı bankomat iddiaçının xx.xx.2016-cı ildən icarəyə götürdüyü Ağa Neymətulla 23-də yerləşir. İddiaçı obyektdə yerləşən bankomatın icarə haqqının ödənilməsi üçün müraciət etməyinə baxmayaraq heç bir cavab almamışdır. Son şifahi müraciətdə xx.xx.2020-ci il tarixində 133 saylı bankomatın obyektdə yerləşməsinə görə indiyə qədər iddiaçının hesabına ödənilmiş icarə haqqı və elektrik enerjisi sərfiyyatına gönə ödənilmiş pul tələb edilmişdir. Nəticədə indiyə qədər 6630 manat icarə haqqı və obyekt götürülən günə kimi 363,41 manat işıq pulu borcu, ümumilikdə 6993,41 manat borc hesablanmışdır. Cavabdeh ASC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini aşağıdakı səbəblərə görə əsassız hesab edirik. İddiaçı ilə bank arasında heç bir müqavilə münasibəti olmamışdır. Bank tərəfindən iddiaçıya qarşı heç bir ziyan vurulmamışdır. Əlavə edilmiş müqavilədən aydın olur ki, İddiaçı ilə "xxxx" MMC arasında icarə müqaviləsi imzalanmışdır. Əgər İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış müqavilə ilə bağlı hər hansı mübahisə mövcuddursa (istifadəyə verilmiş obyektin sahəsi, icarə haqqı, kommunal xərclər və s. barədə) iddiaçı tələbini müqavilə üzrə digər tərəfə qarşı irəli sürməlidir. Halhazırkı iş üzrə Cavabdeh ASC əsl olmayan tərəfdir. Belə olan halda isə banka qarşı irəli sürülmüş iddia təmin edilməməlidir. Bundan başqa iddiaçı banka qarşı irəli sürdüyü tələbini təsdiq edən heç bir sənədi və ya digər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının tələbinin əsasını özünün riyazi hesablamaları və şəxsi fikirləri təşkil edir. Hazırda iddiaçı öz riyazi hesablamalarını və şəxsi fikirlərini əsas götürərək bankın iddiaçıya zərər vurduğunu və borclu olduğunu bildirir. Bundan başqa iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 699.1-ci maddəsinə istinad etmişdir. Qeyd edilməlidir ki, müvafiq norma obyektin mülkiyyətçisinin dəyişməsi zamanı yaranan münasibətləri tənzimləyir. İddiaçı isə bu normaya istinad etməklə özünü mülkiyyətçinin yerinə qoymuşdur. Halbuki, obyektin mülkiyyətçisi "xxxx" MMC-dir. Belə olan təqdirdə Mülki Məcəllənin yuxarıda qeyd edilən norması iddianın hüquqi əsası kimi qəbul edilə bilməz. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərkən Cavabdeh ASC-nin bankomatı orada olmuş, həmin bankomat 2020-ci ildə bank tərəfindən götürülsə də, həmin bankomatın icarə haqqı və elektrik enerjisinin sərfiyyatı ilə bağlı ona Cavabdeh ASC tərəfindən heç bir vəsait ödənilməmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh ASC-nin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 17 aprel 2017-ci il tarixli P01/93 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, bununla "xxxx" MMC mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini İddiaçı icarəyə verməyi, İddiaçı isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.3-cü maddəsinə əsasən İddiaçı icarəyə verilən əmlakda icarə müddəti ərzində istifadə etdiyi su, kanalizasiya, qaz, elektrik enerjisi, telefon (o cümlədən beynəlxalq, mobil telefon danışıqları və internet xidmətləri) və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi öhdəliyini daşıyacaq. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 17 aprel 2017-ci il tarixli P01/93 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı icarəyə verilərkən Cavabdeh ASC-nin bankomatı orada olmuş və həmin bankomat 2020-ci ildə bank tərəfindən həmin sahədən götürülmüşdür. Göründüyü kimi İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərkən Cavabdeh ASC-nin bankomatının orada olması ilə bağlı etiraz etməmiş, icarə müqaviləsinin 3.3-cü maddəsinə əsasən icarə müddəti ərzində bütün kommunal xidmət haqlarının ödənilməsi ilə bağlı öhdəlik götürmüşdur. Odur ki, məhkəmə qeyd olunanları, həmçinin İddiaçı ilə Cavabdeh ASC arasında bankomatın istifadəsi ilə bağlı müqavilənin olmadığını, eyni zamanda İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin məhz icarəçisi olduğunu nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdeh Kapital Bank” ASC-yə qarşı pul tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Kapital Bank” ASC-yə qarşı 6993,41 manat məbləğində zərərə görə və 100 manat dövlət rüsumunun tutulması tələbi ilə bağlı iddiası rədd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4417/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4417/2022
04.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver