Məhkəmə qərarları › İş №e-2-2(113)-4420/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4420/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4420/2022 13.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı icarə haqqının ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5673 manat məbləğində icarə haqqı borcunun, əldə çıxmış fayda olaraq 500 manat məbləğinin, 60 manat məbləğində mediasiya haqqının və 21,73 manat dəyərində ödənilmiş dövlət rüsumunun, cəmi 6254,73 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" STİK ASC arasında 17 aprel 2021-ci il tarixdə Beton tır daşıyan TMZ 9383011-qoşy kirşə ** ZG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müavilə bağlamışdır. Müqaviləyə əsasən aylıq icarə haqqı 2300 manat nəzərdə tutulmuşdur. Belə ki, müqavilə bağlandıqdan sonra 2 ay 14 gün müddətinə əmlakdan istifadə olunmasına baxmayaraq icarə haqqı ödənilməmişdir. Əmlakın cavabdeh tərəfindən istifadəsinə dair 01 may 2021-ci il tarixli, 01 saylı, 01 iyun 2021-ci il tarixli, 02 saylı və 01 iyul 2021-ci il tarixli, 03 saylı aktlar imzalanmışdır. Lakin müqavilənin və aktların tərtib ediməsinə baxamayaraq icarə haqqı ödənilməmişdir. Daha sonra cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq bu hal davam etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: İddiaçı ilə "xxxx" ASC arasında imzalanmış 17 aprel 2021-ci il tarixli, Aİ 127/0421 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən - İddiaçı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavədə qeyd edilən nəqliyyat vasitəsini icarə məqsədi ilə icarəçi - "xxxx" ASC-nin müddətli istifadəsinə verməyi, icarəçi isə bu Müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını ödəməyi öhdəsinə götürür. İddiaçı ilə "xxxx" ASC arasında imzalanmış 17 aprel 2021-ci il tarixli, Aİ 127/0421 nömrəli icarə müqaviləsinə 1 saylı Əlavəyə əsasən aylıq icarə haqqı 2300 manat (ƏDV daxil) olmaqla Beton tır daşıyan TMZ 9383011-qoşy kirşə ** ZG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin icarəyə verilməsi nəzərdə tutulmuşdur. 01 may 2021-ci il tarixli, 01 saylı, 01 iyun 2021-ci il tarixli, 02 saylı və 01 iyul 2021-ci il tarixli, 03 saylı aktlara əsasən müvafiq olaraq aprel ayı üzrə 1073,33 manat, may ayı üzrə 2300 manat, iyun ayı üzrə 2300 manat icarə haqqı "xxxx" ASC-yə hesablanmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə borcun ödənilməsi; - maddi zərərin əvəzinin ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, İddiaçı ilə "xxxx" ASC arasında imzalanmış 17 aprel 2021-ci il tarixli, Aİ 127/0421 nömrəli icarə müqaviləsi üzrə cavabdehin 2021-ci ilin aprel ayı üzrə 1073,33 manat, may ayı üzrə 2300 manat, iyun ayı üzrə 2300 manat, ümumilikdə 5673,33 manat icarə haqqı üzrə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış 01 may 2021-ci il tarixli, 01 saylı, 01 iyun 2021-ci il tarixli, 02 saylı və 01 iyul 2021-ci il tarixli, 03 saylı aktlarla cavabdeh tərəf borcun olmasını təsdiq edir. Buna görə də məhkəmə hesab edir ki, iddia 5673 manat məbləğində pul vəsaitinin tutulması hissəsində də təmin olunmalıdır. İddianın əldən çıxmış faydaya görə zərərin əvəzinin ödənilməsi hissəsini iddiaçı onunla əsaslandırmışdır ki, öhdəliyin vaxtında icra edilməməsinə görə iddiaçı təxminən 500 manat dəyərində faydanı qazanmaq imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı tərəfindən məhkəməyə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, həmin gəlirləri əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə həmin Məcəllənin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 75 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı icarə haqqının ödənilməsi barədə iddiası qismən təmin edilsin. 5673 manat məbləğində vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 75 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar