Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4421/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pul” tələbi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pul tələbi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə Cavabdeh1 (bundan sonra – borc alan) arasında bağlanılmış xx.xx.2024cü il tarixli, 461821-CNS-55423 saylı Birdəfəlik Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə- Razılaşması ilə borc alana 36 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla, 9000 manat məbləğində kredit verilmişdir. Razılaşmaya 1 saylı Əlavə olan ödəniş cədvəli ilə aylıq ödənişin məbləği 343,87 manat məbləğində müəyyən edilmişdir.
2. İş materiallarına əlavə edilmiş hesab üzrə çıxarışdan görünür ki, 9000 manat məbləğində kredit borc alanın hesabına köçürülmüş, ödənişin təyinatı qismində xx.xx.2024-cü il tarixli, 461821-CNS-55423 saylı razılaşma göstərilmişdir.
3. Bundan başqa, borc alanın kreditor qarşısında öhdəliklərinin icrasını təmin etmək üçün xx.xx.2024-cü il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında 461821-1-4804 saylı, Cavabdeh3 arasında isə eyni tarixli 461821-1-4806 saylı zaminlik müqavilələri bağlanılmışdır. Zaminlik müqavilələrinin şərtlərinə əsasən, borc alan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zaminlər borc alanın öhdəliklərinə görə Bank qarşısında birgə məsuliyyət daşıyırlar (zaminlik müqavilələrinin 1.1-ci bəndi)
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 461821- CNS-55423 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 7828,76 manat məbləğində əsas borc, 330,96 manat məbləğində faiz borcu, ümumilikdə isə 8159,76 manat və ödənilmiş 101,60 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə sahibkar olan fiziki şəxs (VÖEN **********) Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 461821-CNS-55423saylı kredit müqaviləsinə əsasən borc alana dövriyyə vəsaitlərinin artırılması üçün illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 9000 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Eyni zamanda, Bankla digər cavabdehlər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 461821-1- 4804 və 461821-1-4804 saylı zaminlik müqavilələrinə əsasən xx.xx.2024-cü il tarixli, 461821- CNS-55423 saylı kredit müqaviləsi üzrə öhdəlik zaminliklə təmin edilmişdir. Lakin borcl alan kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə isə 8159,72 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir.
b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdehlər etirazını məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
13. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
14. Maddə 472.2. Zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
15. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023cü il tarixdən qüvvədə olan redaksiya).
16. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
22. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər arasında xx.xx.2024-cü il tarixli, 461821-CNS-55423 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdeha kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 9000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc və faiz borcunun ödənilməsini cavabdehlərdən tələb edir.
24. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, 461821-CNS-55423 saylı müqavilə üzrə borc alanın xx.xx.2025-ci il tarixə 7828,76 manat əsas, 330,96 manat faiz borcu olmaqla, cəmi 8159,72 manat borcu mövcuddur.
25. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqal bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
26. Məhkəmə həmçinin iddianın 101,60 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 461821-CNS-55423 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 7828,76 manat əsas, 330,96 manat faiz borcu olmaqla, ümumilikdə 8159,76 (səkkiz min yüz əlli doqquz manat yetmiş altı qəpik) manat və ödənilmiş 101,60 (yüz bir manat altmış qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı