Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4425/2023 06.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh BOKT MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, mediasiya xərci, vəkil xərci ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh BOKT MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışlarının tərtib edildiyi 30 may 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə yaranmış 270300 manat əsas məbləğ üzrə borcun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, cəmi 271200 manat pul vəsaitinin cavabeh Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-dən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (indiki Aqrar Kredit və İnkişaf Agentliyi) ilə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC (BOKT) arasında 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi 30 may 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə 270300 manat əsas məbləğ üzrə borc yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmişdir. Bu məbləğ məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (indiki Aqrar Kredit və İnkişaf Agentliyi) ilə Cavabdeh BOKT MMC arasında 08 iyul 2015- ci il tarixli “Əlavə kredit müqaviləsi” bağlanmış və həmin kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilmədiyindən 30 may 2023- cü il tarixə BOKT MMC-nin 270300 manat əsas borcu yaranmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehə pretenziya məktubu göndərilmiş, öhdəliyin yerinə yetirilməsi barədə xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddianın hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu və 385.1- ci maddəsinin tələblərinə istinad etmişdir. İddia ərizəsindən göründüyü kimi öhdəliklərinin icra edilməməsinə görə mülki məsuliyyət yalnız Cavabdeh BOKT MMC-nin üzərinə qoyulmuşdur ki, bununla razılaşmaq olmaz. İlk növbədə qeyd edilməldiri ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, "xxxx" ASC və Cavabdeh BOKT MMC arasında bağlanmış “X3 İnkişafı” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına kreditləşdirilən benefisiarlar tərəfindən "xxxx"ASC-dən lizinq yolu ilə “Simmental” cins qaramalın alınmasına dair 16 iyun 2015-ci il tarixli anlaşma memorandumu çərçivəsində Agentlik ilə birgə “X5 Təsərrüfatının yaradılması və inkişafı üçün" 2015-ci il tarixdə Agentlik tərəfindən bu layihə üçün seçilmiş Bərdə və İmişli rayonlarında yaşayan 17 benefisiara 336.659,6 manat vəsait ayrılmışdır. Ayrılmış vəsaitlər təyinatı üzrə "xxxx" ASC-dən iri buynuzlu cins heyvanların alınması üçün ilkin ödənişə, onların saxlanması üçün xüsusi tövlələrin tikintisinə, cari mövsüm üçün həmin fermerlərin istifadəsində olan torpaq sahələrinin əkilməsinə, portatif sağım, yem, yem doğrayan və qarışdıran aparatların alınmasına, həmçinin alınmış heyvanların sığortalanmasına yönəldilmişdir. Qeyd edilməlidir ki, kredit müqavilələri bağlandığı ilk vaxtlarda borclular müqavilə öhdəliklərini qismən icra etsələr də, sonradan onlar bu öhdəliklərini yerinə yetirmək iqtidarında olmamışlar. Kreditlərin qaytarılması üçün Cavabdeh BOKT MMC- nin əməkdaşları dəfələrlə benefisiarların yaşadığı ünvanlarda yaranmış problemlərin həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün fərdi görüşlər aparmaqla monitorinqlər keçirmişlər. Bu zaman benefısiarlar (fermerlər) tərəfindən yerli şəraitə uyğun olmaması səbəbindən tam tələf olunmasının qarşısını almaq üçün ətlik -südlük heyvanların kütləvi şəkildə satılması faktı müəyyən edilmiş, satışdan əldə edilmiş vəsaitin müəyyən hissəsi kredit borclarının ödənişinə yönəldilmişdir. Borclularla kredit borclarının qalan hissəsinin qaytarılması üçün görülmüş tədbirlər çərçivəsində danışıqlar aparılmış və onlara bildirişlər göndərilmiş, lakin borclular pilot layihəsini təşkil etmiş müvafiq orqanların yarıtmaz fəaliyyəti, əməkdaşlarının iş bilməməsi səbəbindən özlərini aldanmış hesab edərək pilot layihənin uğursuz olması səbəbi ilə, həm də maddi imkansızlıqlarını əsas gətirərək kredit borclarının qaytarılmasına imkanlarının olmadıqlarını bildirmişlər. Yaranmış problemin həlli üçün bir neçə dəfə iddiaçıya, Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat verilmiş, məsələnin həll olunmasına dair təkliflər müzakirə olunduğu bildirilsə də, lakin iddiaçı tərəfindən məsələnin həlli yolu ilə bağlı konkret təklif verilməmişdir. Eyni tipli layihələr üzrə subkreditlər İmişli və Bərdə rayonundan başqa, digər rayonda fəaliyyət göstərən borcalan benefisiarlara da verilmiş və onlar da eyni problemlərlə qarşılaşmışlar. Qeyd edilməlidir ki, Azərbaycan Respublıikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, "xxxx" ASC və Mədəd Kredit” BOKT MMC arasında bağlanmış “X3 İnkişafı” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına kreditiəşdirilən benefisiariar tərəfindən "xxxx"ASC-dən lizinq yolu ilə “Simmental” cins qaramalın alınmasına dair 16 iyun 2015- ci il tarixli anlaşma memorandumuna əsasən kreditora ayrılmış pul vəsaitinin bir hissəsi bu layihəyə verilmiş heyvanların sığortalanmasına görə mülkiyyətçi “Aqrolizinq “ ASC-yə ödənilsə də, “Aqtrolizinq “ASC tərəfindən hansı Sığorta şirkəti ilə müqavilənin bağlanması, əgər belə bir müqavilə bağlanmışdırsa, hansı müddətə bağlanması, sığorta hadisəsi baş verməsinə görə sığortaçı tərəfindən hadisənin rəsmiləşdirilərək sığorta ödənişinin edilib-edilməməsi barədə Cavabdeh Bank olmayan Kredit Təşkilatı MMC-nin müqavilənin tərəfi kimi məlumatlandırılmamışdır. Verilmiş vəsaitin bir hissəsi üç tərəfli anlaşmaya əsasən "xxxx" ASC-dən lizinq yolu ilə portatif sağım, yem doğrayan və qarışdıran aparatların alınmasına yönəldilmişdir, sığorta üçün ayrılan vəsait "xxxx" ASC-yə tərəflər arasında bağlanmış üç tərəfli müqavilə əsasında ödənilmişdir. Sözügedən müqavilədə iddiaçı tərəf üç tərəfli anlaşmaya əsasən həmin vəsaitin "xxxx" ASC-yə verilməsini həyata keçirən tərəfdir. Belə olduğu halda iddiaçı tərəfindən cavabdeh şəxs qismində "xxxx" ASC-də məhkəmə prosesinə cəlb edilməli olduğu halda, iddiaçı bunu etməmiş və cavabdehliyi yalnız Cavabdeh BOKT MMC-nin üzərinə qoymuşdur. Həmçinin Əlavə kredit müqaviləsi üzrə borclular iddiaçı tərəfindən seçilmiş və onlara veriləcək subkreditlərin şərtlərinin müəyyən edilməsi subkreditorların üstün mənafeyinin nəzərə alınması, (əsasən kreditlərin zaminsiz və girovsuz) verilməsi BOKT-un fəaliyyətini tənzimləyən qanunvericilik normalarına zidd olsa da, bu şərtlər məhz iddiaçının iradəsinə uyğun olaraq ikitərəfli müqaviləyə daxil edilmişdir. Bundan başqa Əlavə Kredit müqaviləsində nəzərdə tutulmamışdır ki, subkredit müqavilələri Cavabdeh BOKT MMC-nin təqsiri olmadan icra olunmadığı halda BOKT məsuliyyət daşıyacaqdır. Belə ki, Əlavə kredit müqaviləsinin İİ maddəsinin 2.0.1- ci bəndində qeyd olunur: Bənd 2.01 -KTKDA layihə ərazisində südlük -ətlik heyvandarlığın inkişaf etdirilməsi üçün Müqaviləyə uyğun şərtlərinə müvafiq olaraq təqdim olunan sifarişlər əsasında BOKT-ın kredit xətti şəklində tranşlarala vəsaitlə təmin ediləcəkdir. BOKT öz növbəsində bu Müqavilənin şərtlərinə müvafiq qaydada AFT-lərə kredit xətti açaraq vəsaiti tranşlarala ayıracaq. Müqavilədən göründüyü kimi BOKT tərəfindən subkreditlərin hansı ərazidə verilməsi, məqsədi, faiz dərəcəsi, faizlərin hesablanması qaydası, geri qaytarılması (geri ödəmə), subkreditlərin müddəti və məbləği Agentlik tərəfindən müəyyənləşdirilmişdir. Müqavilənin V bəndi kreditin geri ödənilməsi, yəni qaytarılması barədədir. Orada deyilir ki, BOKT benifisiarlar tərəfindən ödənilən faiz məbləğləriniri ildə bir dəfə dövlət büdcəsinə, əsas borc olan ödənişləri isə növbəti ayın ilk beş iş günü ərzində KTKDA tərəfindən açılan “Revover Fond” hesabına köçürməlidir. Yəni tərəflər arasında imzalanmış müqavilənin bu bəndində BOKT-in əsas vəzifəsi benefisiarlar( borclular) tərəfindən ödənilən əsas və faiz borclarını müqaviləyə uyğun olaraq dövlət büdcəsinə və “Revolver Fond”un hesabına köçürülməsini təmin etməkdir. “X4” BOKT QSC də müqavilə üzrə öhdəsinə düşən həmin öhdəliyi yerinə yetirmişdir. Yuxanda qeyd olunduğu kimi verilmiş kreditlərin qaytarılmaması müəyyən edildiyi vaxtdan Cavabdeh BOKT MMC üzərinə düşən öhdəlikləri yerinə yetirərək borclulara verilmiş kreditlərin qaytarılması istiqamətində müəyyən tədbirləri həyata keçirmiş və həyata keçirməkdədir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya məktubla müraciət edilərək “X3 İnkişafı Layihəsi” çərçivəsində Cavabdeh BOKT MMC-yə ayrılan kredit vəsaitlərindən qalıq portfelin idarəçiliyinin 3-cü tərəfə ötürülməsi xahiş olunmuşdur. Lakin iddiaçı tərəfindən həmin təklif müsbət cavablandırılmamışdır. Cavabdeh BOKT MMC kreditlərin verilməsi və onun qaytarılması istiqamətində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Borclu şəxslərə verilmiş kreditlərin vaxtında qaytarılmaması cavabdeh olaraq Cavabdeh BOKT MMC-nin risk dairəsindən kənara çıxmışdır. Belə ki, ikitərəfli müqavilənin şərtlərindən biri də borclu şəxslərdən hər hansı bir girov və zaminliklə bağlı təminatın alınmamasına dair müddəaların mövcud olması kreditlərin qaytarılmamasına zəmin yaratmışdır. Bu nöqteyi nəzərdən cavabdeh olaraq kreditlərin vaxtında qaytarılmamasında Cavabdeh BOKT MMCnin təqsirli hərəkətləri mövcud deyildir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ayrılan ümumi məbləğdən qalıq borc 270.356,2 manat təşkil edir.
5. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən:
9. Müqavilənin 1.01-ci bəndinə əsasən konteksin tələb etiyi başqa halları çıxmaqla, bu müqavilədə istifadə edilən terminlər aşağıdakı müvafiq mənaları bildirəcəkdir.
10. H) Benefisiar-BOKT-dan subkrediti alan AFT-dir.
11. J) Kredit- bu müqavilə ilə müəyyənləşdirilmiş məqsəd və şərtlərlə BOK-a veriləcək vəsaitləri bildirir.
12. K) Subkredit- bu müqavilə ilə müəyyənləşdirilmiş məqsəd və şərtlərlə BOKT-un benefisiarlara verdiyi girovsuz kreditlər nəzərdə tutulur.
13. Müqavilənin 2.01-ci bəndinə əsasən KTKDA layihə ərazisində südlük ətlik heyvandarlığın inkişaf etdirilməsi üçün müqaviləyə uyğun olaraq təqdim olunan sifarişlər əsasında BOKT-u kredit xətti şəklində tranşlarla vəsaitlə təmin edəcəkdir. BOKT öz növbəsində bu müqavilənin şərtlərinə müvafiq qaydada AFT-lərə kredit xətti açaraq vəsaiti tranşlarla ayıracaq.
14. Müqavilənin 2.01-ci bəndinin İİİ alt bəndi olan faiz dərəcəsi: BOKT tərəfindən Dövlət BÜdcəsinə ödəniləcək faiz dərəcəsi illik 2 faiz, BOKT-un AFT-lərə verilən subkreditlərə tətbiq etdiyi faiz dərəcəsi xidmət və komissiya daxil omlaqla 10 faizdən çox olmayacaqdır. Dövlət Büdcəsinə ödəniləcək faiz dərəcəsi müvafiq razılaşmalar əsasında KTKDA tərəfindən azaldıla bilər.
15. Müqavilənin 2.01-ci bəndinin İV alt bəndi olan faizlərin hesablanması: Vəsait BOKT-un hesabına daxil olduqdan sonra növbəti bank günündən başlayaraq hesablanacaqdır.
16. Müqavilənin 2.01-ci bəndinin V alt bəndi olan geri ödəmə: BOKT benefisiar tərəfindən ödənilən faiz məbləğlərini rübdə bir dəfə dövlət nüdcəsinə, əsas borc üzrə olan ödənişləri isə növbəti ayın ilk 5 iş günü ərzində KTKDA tərəfindən açılan “Revolver Fond” hesabına köçürməlidir.
17. Müqavilənin 2.02-ci bəndinə əsasən BOKT aldığı borc vəsaitini əks etdirmək üçün özünün balans hesabında ayrıca passiv hesab açmalıdır. Müqavilənin 2.03-cü bəndinə əsasən BOKT tərəfindən Ağcabədi, Bərdə və İmişli rayonlarında fəaliyyət göstərən benefisiarlara kreditlər bu müqavilənin və KTKDA, Aqrolizinq və BOKT arasında bağlanılmış 3 tərəfli memorandumun şərtlərinə uyğun veriləcəkdir.
18. Müqavilənin 2.04-cü bəndinə əsasən BOKT hər bir subborcalan AFT-nin uçotunu aparmalı və müvafiq məlumatları KTKDA-y təqdim etməlidir.
19. Müqavilənin 4.01-ci bəndinə əsasən BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməlidir.
20. Müqavilənin 5.01-ci bəndinə əsasən BOKT qarşı tərəfin yazılı qaydada razılığıolmadan bu Müqavilə ilə bağlı hər hansı bir hüququ və öhdəliyi başqasına tapşıra bilməz.
21. Müqavilənin 6.01-ci bəndinə əsasən BOKT kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malikdir. BOKT öz prosedurlarına və kredit təşkilatı standartlarına uyğun olaraq subkredit üçün müraciətləri nəzərdən keçirərək qiymətləndirməli və əməliyyat təlimatları əsasında subkreditlərin verilməsini təmin etməlidir. Kredit üçün müraciətlər kreditin təyinatı baxımından sadələşdirilməli və subkreditlərin ödəniş qrafikləri tərtib edilərkən benefisirların gəlir əldə etdiyi mövsümün nəzərə alınmasına səy göstərməlidir. BOKT tərəfindən veriləcək kreditlər müvafiq maliyyə və kredit təşkilatı standartları əsasında veriləcəkdir.
22. Müqavilənin 6.06-cı bəndinə əsasən BOKT subkreditlərin təyinatı üzrə istifadəsinə, son məhsulun satılmasına və onun dəyəri hesabına BOKT-a və Aqrolizinqə borcun ödənilməsinə öz səlahiyyətləri daxilində nəzarət etməlidir.
23. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı Layihələri və Kreditlərin idarə edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" BOK MMC arasında “X3 İnkişafı Layihəsi”nin kənd yerlərində maliyyə xidmətlərinin göstərilməsi komponentinin icrası üzrə 08 iyul 2015-ci il tarixdə bağlanan əlavə kredit müqaviləsinə xx.xx.2016-cı il tarixində edilən dəyişikliklərə əsasən əlavə kredit müqaviləsinin 2-ci maddəsinin 2.01-ci Vİ bəndi üzrə: Subkreditlərin müddəti və məbləği: BOKT tərəfindən bu müqaviləyə uyğun olaraq hədəf benefisiarlara sub-kreditlər girovsuz, 4 ilədək, güzəşt müddəti 18 ayadək (kreditin müddəti 4 ilədək olduqda güzəşt müddəti maksimum 18 ayadək, kreditin müddəti 3 ilədək olduqda güzəşt müddəti maksimum 12 ayadək, kreditin müddəti 2 ilədək olduqda isə güzəşt müddəti maksimum 6 ayadək), məbləği isə 40.000 manatadək olacaqdır. Əlavə kredit müqaviləsinin X maddəsinin 10.01-ci bəndi yeni redaksiyada: Bənd 10.01.-ci bəndə əsasən bu müqavilə 5 il müddətinə bağlanılır və tərəflərin imzaladığı gündən qüvvəyə minir.
24. 28.10.2015-ci il tarixli 870 nömrəli ödəniş tapşırığına əsasən AK KTN yanında KT üzrə DX tərəfindən Mədət Kredit MMC-nin hesabına 92000 manat məbləğində ödəniş edilmişdir.
25. 02.12.2015-ci il tarixli 939 nömrəli ödəniş tapşırığına əsasən AK KTN yanında KT üzrə DX tərəfindən Mədət Kredit MMC-nin hesabına 51100 manat məbləğində ödəniş edilmişdir.
26. 30 may 2023-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" BOKT MMC-nin 2015-ci il 08 iyul tarixli müqavilə üzrə əsas məbləğ üzrə borcu 270.3 manat, hesablanmış və ödənilməmiş faiz və cərimə borcları olmadığı, xx.xx.2023-cü il tarixinə cəmi borcunun 270.300 manat olduğu qeyd olunmuşdur.
27. 25 iyul 2023-cü il tarixli ödəniş tapşırığına əsasən AKİA tərəfindən Mərkəz Vəkil Bürosunun hesabına 500 manat ödəniş edilmişdir.
28. 07.10.2023-cü il tarixli, Kənd Təsərrüfaı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ica edilən “Ətlik-Südlük istiqaməti ailə-fermer təsərrüfatlarının yaradılması” pilot layihəsi üzrə verilmiş kreditlərə dair məlumat cədvəlinə əsasən "xxxx" BOKT MMC-yə X3 inkişafı layihəsindən ayrılan vəsaitin məbləği 336659,6 manat, qayarılan vəsait 66303,32 manat və qalıq borc 270356,2 manat təşkil etmişdir.
29. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında Bərdə rayonunda müasir ailə-kəndli fermer təsərrüfatlarının yaradılması məqsədilə fermerlərə kreditlərin verilməsinə dair 2015-ci il 08 iyul tarixli “Əlavə Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqavilə üzrə "xxxx" BOKT-un xx.xx.2023-cü il tarixə borcu əsas məbəğ üzrə 270300 manat, qaytarılmış vəsait 66400 manat müəyyən edilmişdir.
30. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli “Əlavə kredit müqaviləsi”nin icrası ilə bağlı 66303,32 manat vəsaitin Cavabdeh BOKT MMC tərəfindən iddiaçıya qaytarıldığı, qalıq borcun hazırda 270.356,2 manat təşkil etdiyini qeyd etmişdir.
31. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
32. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (indiki Aqrar Kredit və İnkişaf Agentliyi) ilə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC (BOKT) arasında 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi 30 may 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə 270300 manat əsas məbləğ üzrə borc yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş müqavilə üzrə cəmi 270300 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
34. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir.
35. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
36. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
38. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
39. Cavabdehin nümayəndəsinin xx.xx.2023-cü il tarixli ərizəsində də xx.xx.2015-ci il tarixli “Əlavə kredit müqaviləsi” üzrə qalıq borcun hazırda 270356,2 manat təşkil etdiyi qeyd olunmuşdur.
40. Bundan başqa məhkəmə cavabdehin nümayəndəsinin etirazında qeyd etdiyi dəlillərə qiymət verilməsini zəruri hesab edir.
41. Belə ki, cavabdeh tərəf etirazda öhdəliklərinin icra edilməməsinə görə mülki məsuliyyət yalnız Cavabdeh BOKT MMC-nin üzərinə qoyulduğunu, bununla razılaşmadıqlarını, o cümlədən sığorta üçün ayrılan vəsaitin "xxxx" ASC-yə tərəflər arasında bağlanmış üç tərəfli müqavilə əsasında ödənildiyini, sözügedən müqavilədə iddiaçı tərəf üç tərəfli anlaşmaya əsasən həmin vəsaitin "xxxx" ASC-yə verilməsini həyata keçirən tərəf olduğunu, belə olduğu halda iddiaçı tərəfindən cavabdeh şəxs qismində "xxxx" ASC-də məhkəmə prosesinə cəlb edilməli olduğu halda, iddiaçı bunu etmədiyini və cavabdehliyi yalnız Cavabdeh BOKT MMC-nin üzərinə qoyulduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, cavabdeh dəlili bu hissədə əsassızdır.
42. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra ‒ Agentlik) keçirilməsi və həmin Fərmanın 3.1-ci bəndinə əsasən bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görülməsi qərara alınmışdır.
43. Qeyd olunanlardan da göründüyü kimi "xxxx" ASC-nin hüquq və öhdəlikləri hazırkı iddiaçı hüquqi şəxsə keçmiş və hal-hazırda müqavilə üzrə də hüquq və öhdəliklərdə hazırkı hüquqi şəxsdə olduğundan və hüquqları ötürülmüş ASC-nin hazırkı iş üzrə cavabdeh qismində qoyulması qanunauyğun hesab edilə bilməz.
44. Cavabdehin etirazının digər dəlilini əlavə kredit müqaviləsi üzrə borclular iddiaçı tərəfindən seçilmiş və onlara veriləcək subkreditlərin şərtlərinin müəyyən edilməsi subkreditorların üstün mənafeyinin nəzərə alınması, (əsasən kreditlərin zaminsiz və girovsuz) verilməsi BOKT-un fəaliyyətini tənzimləyən qanunvericilik normalarına zidd olduğunu bildirmişdir.
45. Məhkəmə cavabdehin həmin dəlilini də əsassız hesab edir.
46. Belə ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən BOKT-nun təminatlı və təminatsız kreditlər verə biləcəyi nəzərdə tutulmuşdur.
47. Bundan əlavə müqavilə üzrə borcluların iddiaçı tərəfindən seçilməsi barədə cavabdehin irəli sürmüş olduğu faktı da əsassızdır. Həmin faktın əsaslarını təsdiq edən cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 6.01-ci bəndinə əsasən BOKT kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malik olduğu, BOKT-un öz prosedurlarına və kredit təşkilatı standartlarına uyğun olaraq subkredit üçün müraciətləri nəzərdən keçirərək qiymətləndirməli və əməliyyat təlimatları əsasında subkreditlərin verilməsini təmin etməlidir. Kredit üçün müraciətlər kreditin təyinatı baxımından sadələşdirilməli və subkreditlərin ödəniş qrafikləri tərtib edilərkən benefisirların gəlir əldə etdiyi mövsümün nəzərə alınmasına səy göstərməlidir. BOKT tərəfindən veriləcək kreditlər müvafiq maliyyə və kredit təşkilatı standartları əsasında veriləcəyi barədə razılığa gəlinmişdir. Göründüyü kimi müqavilənin bəndlərində də cavabdehin kreditin ayrılmasına yekün qərarın verilməsi hüququna malik olması qeyd olunmuşdur. Bundan əlavə kreditlər BOK-un təqdim etmiş olduğu siyahılar əsasında subkredit götürülən şəxslərə ayrılmışdır.
48. Cavabdehin digər dəlilləri isə tərəflər arasında imzalanmış müqavilənin bəndində BOKT-in əsas vəzifəsi benefisiarlar( borclular) tərəfindən ödənilən əsas və faiz borclarını müqaviləyə uyğun olaraq dövlət büdcəsinə və “Revolver Fond”un hesabına köçürülməsini təmin etmək olduğunu və borclu şəxslərə verilmiş kreditlərin vaxtında qaytarılmaması cavabdeh olaraq Cavabdeh BOKT MMC-nin risk dairəsindən kənara çıxmasıyla bağlı olmuşdur.
49. Məhkəmə hesab edir ki, cavabdeh bu dəlilləri də formal mülahizələrə əsaslanır.
50. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin müqavilənin 2.01-ci bəndinin İİİ alt bəndi olan faiz dərəcəsi: BOKT tərəfindən Dövlət Büdcəsinə ödəniləcək faiz dərəcəsi illik 2 faiz, BOKT-un AFT-lərə verilən subkreditlərə tətbiq etdiyi faiz dərəcəsi xidmət və komissiya daxil omlaqla 10 faizdən çox olmayacaqdır. Dövlət Büdcəsinə ödəniləcək faiz dərəcəsi müvafiq razılaşmalar əsasında KTKDA tərəfindən azaldıla bilərcəyi, müqavilənin 4.01-ci bəndinə əsasən BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməli olduğu vurğulanmışdır.
51. Qeyd olunan müqavilənin şərtlərindən də göründüyü kimi cavabdeh ona ayrılmış kredit məbləğini benefisiar şəxslərə subkredit verilməsi hüququnu əldə etmiş, həmçinin həmin kreditlərdən gəlir əldə edilməsi də nəzərdə tutulmuş və ona ayrılmış əsas və faiz borcun büdcəyə verilməsi öhdəliyini həvalə edilmişdir. Yəni cavabdeh əlavə kredit müqaviləsi üzrə kreditin qaytarılması öhdəliyi barədə iddiaçı qurumla razılığa gəlmişdir.
52. Məhkəmə son olaraq cavabdehin subkredit götürülən şəxslər tərəfindən borcların qaytarılmaması onu risk dairəsindən kənara çıxması ilə bağlı qeyd edir ki, tərəf arasıdna imzalanmış müqavilənin 6.06-cı bəndinə əsasən BOKT subkreditlərin təyinatı üzrə istifadəsinə, son məhsulun alınmasına və onun dəyəri hesabına BOKT-a və Aqrolizinqə borcun ödənilməsinə öz səlahiyyətləri daxilində nəzarət etməli olduğu nəzərdə tutulmuşdur. Buna görə də cavabdehin müqavilə üzrə subkreditorların borclarını qaytarılmaması onun öhdəliklərinin icrasından azad edilməsi mənasına gəlməməlidir. Çünki həmin borcların yığımına məsul şəxs kimi cavabdeh üzərinə öhdəlik götürmüşdür.
53. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı iş” üzrə 1993-cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıbaparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın.
58. Göründüyü kimi cavabdehin bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
59. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin pulun ödənilməsi öhdəliyini vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 270300 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir
60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
61. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
62. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
63. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 350 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən isə iddianın verilməsinə görə ödənilməli olan 160,30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-dən xx.xx.2015-ci il tarixli müqavilə üzrə 270300 (iki yüz yetmiş min üç yüz) manat borc məbləği, mediasiya xərcinin əvəzi olaraq 400 manat və hüquqi yardımla bağlı çəkilmiş xərclərin əvəzi olaraq 350 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 160,30 (yüz altmış manat otuz qəpik) manat hissəsi Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC -dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova